Zakir Həsənov: Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaq
Ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxıb, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işi uğurla davam etdirilib.
1news.az-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrik məktubunda deyib.
Nazirin sözlərinə görə, il ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilib. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir.
Z.Həsənov vurğulayıb ki, şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun:
“Azərbaycan-Ermənistan sərhəddində hər gün atəşkəs rejimi pozulur. Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaq”.
Hərbi qulluqçularımızın xidmətlərinin ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirildiyini deyən nazir Ordumuzun zabit və əsgərlərini onlara bəslənən etimadı doğruldacaqlarından əminliyini ifadə edib:
“İnanıram ki, siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır” şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz.
Bayramlar ərəfəsində şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, müharibə və Silahlı Qüvvələr veteranlarını, eyni zamanda, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, xarici dövlətlərdə sülhməramlı qüvvələrin tərkibində xidmət edən şəxsi heyəti ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!
Hərbi anda sədaqətə, çətin, şərəfli hərbi xidmətdə fədakarlığa və böyük qələbəmizə inama görə hər birinizə minnətdarlığımı bildirirəm.
Bayramlarınız mübarək Azərbaycan əsgəri”!
1news.az