XİN: Azərbaycanın ərazi bütövlüyünün bərpası prioritet vəzifə kimi qalacaq | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycanın ərazi bütövlüyünün bərpası prioritet vəzifə kimi qalacaq

15:57 - 12 / 01 / 2016
XİN: Azərbaycanın ərazi bütövlüyünün bərpası prioritet vəzifə kimi qalacaq

2015-ci il mürəkkəb geosiyasi proseslər, beynəlxalq müstəvidə qlobal qarşıdurmaların artma tendensiyaları, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizmin kəskinləşməsi, maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranlarla yadda qaldı.

1news.az Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya siyasətində dövlətlərin daxili işlərinə müdaxilə və suveren hüquqlarına məhəl qoyulmaması, həmçinin ikili standartların tətbiqinin güclənməsi şəraitində Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti milli maraqların qorunması və təhlükəsizliyin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkənin bütün sahələrdə potensialının daha geniş şəkildə təşviq olunmasına yönəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının iradəsi, maraq və dəyərləri əsasında həyata keçirilən müstəqil xarici siyasət kursu cari beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli proseslərin mənfi amillərinin təsirinin azaldılmasına, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında münasibətlərin inkişafına, iqtisadi-ticarət və humanitar əlaqələrin genişlənməsinə xidmət edib. İl ərzində əldə olunmuş nailiyyətlər ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, iqtisadi-sosial sabitliyin təmin olunması, həmçinin qanunun aliliyi və vətəndaşların hüquq və maraqlarının təmin edilməsi imkanlarının daha genişlənməsinə əsas yaradıb.

Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsi üzərində cəmləşmişdir. 2015-ci il bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təsisatların qərarları ilə səciyyəvi olub.

27-28 may 2015-ci il tarixində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclasında qəbul edilən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticəsində Azərbaycan ərazilərinin işğal altında qalması qətiyyətlə pislənilmiş və münaqişənin Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması zərurəti Avropanın mühüm siyasi və hüquqi təsisatlarının 2015-ci ildə qəbul etdiyi qərarlarında da öz əksini tapıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 16 iyun 2015-ci il tarixli qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq edərək, Ermənistanın Azərbaycan ərazilərini işğal etmədiyinə dair iddialarını rədd etmiş və bu ölkənin münaqişənin ilk günlərindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma separatçı qurum üzərində həlledici təsirə malik olduğunu və işğal olunmuş ərazilərdə effektiv nəzarəti həyata keçirdiyini təsbit edib. Bununla, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə daxil olmaqla digər kobud pozuntularla müşayiət olunan Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini hüquqi əsaslandırıb.

Dövlətlərin ərazi bütövlüyünə qarşı gücün tətbiq edilməsinin qəbuledilməzliyi və bu vasitə ilə yaradılmış vəziyyətin qeyri-qanuniliyi 5-9 iyul 2015-ci il tarixində keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında” qətnamədə xüsusi vurğulanmışdır. Azərbaycan Respublikasının müəllif olduğu bu qətnamədə ATƏT məkanındakı münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə və münaqişə nəticəsində öz yurd-yuvalarından zorla qovulmuş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmaq hüququna dəstək ifadə olunub.

4 noyabr 2015-ci il tarixində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Siyasi məsələlər və Demokratiya Komitəsi “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənilir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi qeyd olunur. Eyni zamanda, layihədə Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək, Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb. Siyasi məsələlər və Demokratiya Komitəsi ilə yanaşı AŞPA-nın Sosial məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət nəticəsində yaranmış humanitar və ekoloji böhranla bağlı 23 noyabr 2015-ci il tarixində “Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq, həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi “ekoloji təcavüz” kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir. Qeyd olunan hər iki qətnamə layihəsi AŞPA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək sessiyasında qəbul edilməsi üçün müzakirəyə çıxarılacaqdır.

Beynəlxalq birliyin tələb, təkid və çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətini davam etdirmiş və ötən il bu ərazilərdə qondarma “seçkilərin” keçirilməsinə cəhd etmişdir. Beynəlxalq hüquqa zidd olan bu addımlar dünya birliyi tərəfindən birmənalı qaydada pislənilmişdir. İƏT, ATƏT, Avropa İttifaqı və NATO rəsmiləri işğal olunmuş ərazilərdə keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və qeyri-qanuni hesab etdiklərini bildirmişlər. Eyni zamanda, ABŞ, Fransa, Rusiya, Türkiyə və bir çox digər ölkələr bu “seçkiləri” tanımadıqlarını bəyan etmişlər.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında aparılan maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində fəal işlər davam etdirilərək, bu faciənin anılması üçün müxtəlif ölkələrdə çoxsaylı tədbirlər keçirilib. Xocalı soyqırımı ilə bağlı İƏT Nazirlər Şurası xüsusi qətnamə qəbul etmiş və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün üzv ölkələri lazımi səylər göstərməyə çağırib. Bununla yanaşı, Qvatemala Konqresində, həmçinin ABŞ-ın Pensilvaniya ştatının nümayəndələr palatasında və Arizona ştatının senatında Xocalı soyqırımına dair qətnamələr qəbul edilib. ABŞ-ın Konnektikut ştatının Nümayəndələr palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib və Corciya və Yuta ştatlarının qubernatorları isə Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatla çıxış ediblər.

Beynəlxalq sülh, sabitlik və inkişafın təmin edilməsinə çıxış edən Azərbaycan öz geniş imkan və potensialının regional və beynəlxalq səviyyədə reallaşdırması məqsədilə siyasi, iqtisadi və humanitar əməkdaşlığa vurğu etməklə ikitərəfli və çoxtərəfli əlaqələrini daha da genişləndirlib.

Cari ilin 12-28 iyun tarixlərində 50 ölkəni təmsil edən 6000-dən çox idmançının iştirakı ilə Azərbaycanda keçirilmiş İlk Avropa Oyunları özündə ümumbəşəri dəyərləri cəmləşdirmiş Azərbaycanın universal olimpiya prinsipləri, eləcə də beynəlxalq sülhün, dostluğun, tolerantlığın və qarşılıqlı anlaşmanın təşviqinə və təbliğinə verdiyi böyük töhfəni qabarıq şəkildə nümayiş etdirmişdir. Bu tarixi və mötəbər hadisə ilə yanaşı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, III Qlobal Açıq Cəmiyyətlər Forumu, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısı, Ombudsmanların Bakı Beynəlxalq Konfransı, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı, Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisi və digər irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda uğurla keçirilməsi ölkənin yüksələn beynəlxalq nüfuzunun, geniş imkan və bacarıqlarının bariz nümunəsidir.

2015-ci il noyabrın 1-də 503 beynəlxalq müşahidəçinin iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilməsi ölkədə aparılan səmərəli quruculuq, həmçinin qanunun aliliyi, insan hüquqları və demokratiyanın inkişafının aşkar göstəricisidir. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş 5-ci çağırış seçkilərlə bağlı Avropa Şurasının Parlament Assambleyası (AŞPA) seçkilərin bütün ölkə üzrə dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirildiyini bəyan edib. AŞPA seçici fəallığının əhəmiyyətli dərəcədə artmasını, həmçinin səsvermə və səslərin hesablanmasında şəffaflığının təmin edilməsini ədalətli və demokratik seçkilər sahəsində atılan daha bir qabaqcıl və müsbət addım kimi dəyərləndirmiş və səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd edib. Eyni zamanda, İƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq qurumların parlament təsisatları da seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyini qeyd etmişlər.

Aparıcı dünya güclərinin geosiyasi maraqlarının kəsişdiyi mərkəzdə yerləşən Azərbaycan çox şaxəli əməkdaşlıq strategiyasına cavab verən məqsədyönlü siyasətini davam etdirərək, xüsusi diqqəti bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan iqtisadi əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyinin təminatı və transregional infrastruktur layihələrin irəliləməsinə ayırıb. Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracının təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edib.

Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişafı məqsədilə 2015-ci il ərzində 11 ölkə (Belarus, Macarıstan, Avstriya, Çexiya, Serbiya, Rusiya, Qazaxıstan, Çin, İran, Türkmənistan, Səudiyyə Ərəbistanı) ilə birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun (Almaniya və Çinin Sincan-Uyğur Muxtar Rayonu) iclası keçirilmiş, habelə işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində 9 biznes forum (İran, Səudiyyə Ərəbistanı, Avstriya, Belçika, Sinqapur, Niderland, Belarus, Çexiya, Rusiya ilə) təşkil edilmişdir. Keçirilmiş görüşlərdə Azərbaycanın ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Əhalinin iqtisadi-sosial rifahının yaxşılaşdırılması, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsində görülmüş işlərə görə Azərbaycan 2015-ci ildə BMT Baş Assambleyasının “Cənub-Cənub” mükafatına layiq görülüb.

Şərqi Avropa ölkələri sırasından yalnız Azərbaycan Respublikasının dünya iqtisadiyyatının 90%-ni və beynəlxalq ticarətin 80%-ni özündə birləşdirən G20 üzv ölkələrinin 15-16 noyabr tarixində Türkiyədə keçirilmiş zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması ölkəmizin təmsil olunduğu regionda və beynəlxalq müstəvidə oynadığı mühüm rolun və artan beynəlxalq nüfuzunun göstəricisidir.

Strateji coğrafi məkanda yerləşən Azərbaycan nəqliyyat potensialını və tranzit imkanlarını səmərəli istifadə edərək, bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə səylərini davam etdirmişdir. 3 avqust 2015-ci il tarixində Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Ticarət Limanına çatması yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyanı birləşdirən mühüm transregional nəqliyyat dəhlizinin reallığa çevrilməsi baxımından əlamətdar hadisədir.

Azərbaycan Respublikası universal və regional beynəlxalq təşkilatlar və forumlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İƏT, ATƏT, Avropa Şurası, QDİƏT, İƏT, TDƏŞ, GUAM, AQEM və s. çərçivəsində fəal iştirak etmiş, qlobal çağırışların aradan qaldırılması və mövcud problemlərin həllinə töhfə vermişdir. 9-10 iyul 2015-ci il tarixində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Azərbaycan bu təşkilatın dialoq tərəfdaşı statusuna yiyələnib.

Regional təhlükəsizliyin təmin olunması, ticarət, energetika və nəqliyyat sahələri daxil olmaqla iqtisadi münasibətlərin təşviqi, ətraf mühitin qorunması və humanitar əlaqələrin gücləndirilməsinə yönələn müxtəlif regional formatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda, Türkiyə, Gürcüstan və Xəzəryanı ölkələrlə uğurlu əməkdaşlıq aparılmışdır. Qonşu və digər region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi, humanitar, elmi və mədəni sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilib.

2015-ci il ərzində Azərbaycan Respublikasına Türkiyə, Rusiya, Pakistan, Fransa, Vyetnam, Çexiya, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Belarus, Serbiya, Türkmənistan, Tacikistan və Monteneqronun dövlət başçıları, Lüksemburqun Böyük Hersoqu, Monako və İordaniya Haşimilər Krallığı şahzadələri, İtaliya, Malta, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Rumıniyanın hökumət rəhbərləri, Macarıstan, Slovakiya, Lixtenşteyn və Avstriyanın parlament rəhbərləri, Sudan, San Marino, Kosta Rika və İranın xarici işlər nazirləri səfər edib.

Ötən il Azərbaycanın Slovakiya və Peruda diplomatik ofisləri fəaliyyətə başlamış, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri eyni zamanda Svazilend Krallığında, Azərbaycanın Braziliyadakı səfiri eyni zamanda Trinidad və Tobaqoda, Azərbaycanın Malayziyadakı səfiri eyni zamanda Myanmada və Azərbaycanın Türkmənistandakı səfiri eyni zamanda Əfqanıstanda akkreditə olunmuş, həmçinin İtaliyanın Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmişdir. Bununla yanaşı, Bakıda Əlcəzair və Portuqaliyanın diplomatik ofisləri açılmışdır.

2015-ci il Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti üçün də məhsuldar olmuşdur. Universitet tanınmış beynəlxalq ali təhsil müəssisələri, o cümlədən Kaunas Texnologiya Universiteti, Hayfa Universiteti, Riqa İqtisadiyyat Universiteti, Koç Universiteti, eləcə də İndoneziya və Monteneqronun Diplomatik Akademiyaları ilə Anlaşma Memorandumları imzalayaraq, bu kimi Memorandumların ümumi sayını 42-yə çatdırıb. İl ərzində ADA-nın Qabaqcıl Xarici Xidmət Proqramı çərçivəsində 27 yüksək və 52 orta vəzifəli diplomat, həmçinin 29 dövlət qulluqçusu üçün müxtəlif mövzularda təlim kursları keçirilib. Bununla yanaşı, ADA universiteti BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin konfransı, Rusiya-Azərbaycan Universitetləri Forumu, Vyetnam-Azərbaycan Forumu, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə humanitar hüquq üzrə yay məktəbi və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib.

İl ərzində xarici siyasətin vacib sahələrindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və vətənə qayıdış şəhadətnamələri ilə təmin edilməsi, həmçinin konsul uçotunun “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi (İAMAS) vasitəsilə rəsmiləşdirilməsi istiqamətində konsulluq xidmətinin səmərəliliyi və intensivliyinin artırılması diqqət mərkəzində saxlanılmış və bu sahədə lazımi tədbirlər həyata keçirilib.

Qarşıdan gələn ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcəkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaqdır. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi və mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcəkdir.

Paylaş:
735

Son xəbərlər

Bütün xəbərlər