Türkiyədə məktəblərdə yeni mərhələ: riskli təhsil ocaqlarına polis əməkdaşları cəlb olunacaq
Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilir.
1news.az Türkiyə KİV-lərinə xəbər verir ki, Türkiyənin Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən məktəb hücumlarından sonra Daxili İşlər Nazirliyi 81 vilayətə təlimat göndərib.
Təlimata əsasən, bütün məktəblərdə fiziki təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçiriləcək, çatışmazlıqlar aradan qaldırılacaq. Məktəblərin daxili və ətrafını əhatə edən müşahidə kameraları quraşdırılacaq və mövcud sistemlərin fasiləsiz işləməsi təmin ediləcək.
Risk qrupundakı şagirdlər nəzarətdə olacaq
Risk qrupuna aid şagirdlər üçün izləmə və nəzarət mexanizmləri yaradılacaq, məktəblər üzrə kibertəhlükəsizlik planları hazırlanacaq. Şübhəli hallarla bağlı məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları arasında operativ məlumatlandırma sistemi qurulacaq.
“Riskli” məktəblərə polis əməkdaşları cəlb olunacaq
Risk səviyyəsi yüksək olan məktəblərdə “məktəb üzrə polis əməkdaşı”, digər məktəblərdə isə “təhlükəsiz təhsil üzrə koordinasiya əməkdaşı” fəaliyyət göstərəcək. Giriş-çıxış saatlarında polis görünürlüğü artırılacaq, zərurət olduqda mobil patrullar cəlb ediləcək.
İnternetdəki təhlükələrlə mübarizə çərçivəsində “kiber patrul” fəaliyyəti genişləndiriləcək, sosial şəbəkələr izləniləcək.
Nazir yeni təhlükəsizlik modelini açıqlayıb
Milli təhsil naziri Yusuf Tekin bildirib ki, yeni yanaşma həm fiziki, həm də rəqəmsal riskləri əhatə edir. Süni intellekt əsaslı risk analizi və erkən xəbərdarlıq sistemi yaradılır.
Bu sistem davamiyyət, intizam və digər göstəriciləri birlikdə təhlil edərək riskləri erkən mərhələdə müəyyən etməyə imkan verəcək.
Bundan əlavə, müəllimlər üçün təlimlər keçiriləcək, şagirdlər üçün psixososial dəstək gücləndiriləcək və pilot layihələr ölkə üzrə genişləndiriləcək.












