“Erməni irsinin dağıdılması” iddiaları reallığı təhrif etmək cəhdidir - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Erməni irsinin dağıdılması” iddiaları reallığı təhrif etmək cəhdidir - ŞƏRH

Ayşən Salehli15:28 - Bu gün
“Erməni irsinin dağıdılması” iddiaları reallığı təhrif etmək cəhdidir - ŞƏRH

“Guya “erməni irsinin dağıdılması” barədə səsləndirilən iddialar, əslində, reallığı təhrif etmək və işğal dövründə baş verənləri ört-basdır etmək cəhdidir”.

Bu sözləri 1news.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, faktlar tamamilə başqa mənzərəni göstərir.

“Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində sistemli şəkildə azərbaycanlılara məxsus tarixi-dini abidələr, məzarlıqlar və mədəni irs məhv edilib. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla qəbiristanlıq dağıdılıb, qəbirlər qazılıb, başdaşları oğurlanıb. Bu vandalizm təkcə fiziki dağıntı deyil, həm də milli yaddaşa qarşı yönəlmiş mədəni soyqırım aktıdır. Məscidlərin donuz və inək saxlanılan tövlələrə çevrilməsi dini dəyərlərə açıq hörmətsizlik və təhqir nümunəsi kimi tarixə düşüb. Azərbaycanlılara məxsus yüzlərlə tarixi abidə ya tamamilə yerlə-yeksan edilib, ya da ciddi zədələnib. Bu, məqsədli şəkildə həyata keçirilmiş mədəni irsə qarşı hücumdur. Əksinə, Azərbaycanın öz ərazisində yerləşən erməni kilsələri qorunub, dövlət tərəfindən mühafizə altına alınıb. Bu faktlar Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyur: ölkəmiz mədəni irsin qorunmasını prioritet hesab edir, işğal dövründə isə məhv edilən irs azərbaycanlılara məxsus olub. Ona görə də “erməni irsinin dağıdılması” barədə iddialar əsassızdır, reallığı təhrif edən siyasi manipulyasiyadır.

Azərbaycanın azad edilmiş ərazilərdə apardığı bərpa işləri, tarixi abidələrin yenidən dirçəldilməsi və dini məkanların təmir olunması bir daha sübut edir ki, ölkəmiz mədəni irsin qorunmasına sadiqdir. Ermənistanın işğal siyasəti isə mədəni vandalizm və tarixi yaddaşın silinməsi ilə yadda qalıb. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, tarixi ədalətə və mədəni irsin qorunmasına əsaslanır, bu mövqe həm faktlarla, həm də real bərpa prosesləri ilə təsdiqlənir”.

Paylaş:
184

Son xəbərlər

Bütün xəbərlər