Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Nəbiyev Əli Məhəmməd oğluna məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.












