Novruz Məmmədov: Azərbaycan – ABŞ əlaqələri müvəqqəti maraqlar üzərində qurulmayıb, uzunmüddətli xarakter daşıyır
Azərbaycan hər zaman ABŞ üçün regionda mühüm tərəfdaş olub. İki ölkə arasında əlaqələr müvəqqəti maraqlar üzərində qurulmayıb, uzunmüddətli xarakter daşıyır.
1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanın ölkəmizə səfərini şərh edərkən deyib.
N.Məmmədovun sözlərinə görə, Bakı ilə Vaşinqton arasında uğurlu inkişaf yolu keçib, ölkələr arasında münasibətlərin təməlində isə birgə maraqlar dayanır. Hər iki tərəf energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə uğurla əməkdaşlıq edir.
O bildirib ki, son zamanlar Bakı ilə Vaşinqton arasında münasibətlərdə sərinliyin yaranması isə tərəflərin maksimum dərəcədə öz maraqlarını təmin etmək istəkləri ilə bağlıdır:
“Beynəlxalq əlaqələr kontekstindən baxdıqda bu, normal haldır. Hətta bəzi vaxtlarda ABŞ-la İsrail arasında münasibətlərdə də soyuqlaşma müşahidə olunub”.
Çarlz Kapçanın ölkəmizə səfərinə toxunan N.Məmmədov bildirib ki, onun səfəri iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək:
“Ç.Kapçanın səfəri zamanı bir sıra məhsuldar görüşlər oldu. İki ölkə arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olundu. Bu bir daha ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın uzunmüddətli olmasını təsdiq edir”.
Prezident Administrasiyası rəhbərinin müavini Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obama tərəfindən dekabrın 3-də Vaşinqtonda keçiriləcək IV Nüvə sammitinə dəvət almasına da diqqət çəkib:
“Azərbaycanın dövlət başçsının ünvanına dəvət Bakıya hələ ötən ilin dekabr ayında daxil olub. Azərbaycan daha öncə də bu cür sammitlərdə təmsil olunub. Ona görə də Prezident İlham Əliyevin Vaşinqtonda keçiriləcək növbəti sammitdə də iştirakı istisna deyil”.
1news.az