Azərbaycan 2015-ci ildə: inkişaf kursunun yeni uğurları | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan 2015-ci ildə: inkişaf kursunun yeni uğurları

15:29 - 18 / 01 / 2016
Azərbaycan 2015-ci ildə: inkişaf kursunun yeni uğurları

Bütün sivil ölkələrdə hər ilin başlanğıcında keçən ildə görülən işlər haqqında analizlər verilir.

Azərbaycanın 2015-ci ildə əldə etdiyi nailiyyətlərin təhlili bu aspektdə aktuallıq kəsb edir. Konkret rəqəmlər və həyata keçirilən proqramlar ölkənin inkişafının uğurla davam etdirildiyini göstərir. Nəticələr həm xarici, həm də daxili siyasəti əhatə edir. İl ərzində Azərbaycan rəhbərliyi müxtəlif sahələr üzrə kifayət qədər səmərəli addımlar atıb. Ölkənin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib.

Bir sıra mötəbər beynəlxalq tədbirin iştirakçısı olan Azərbaycan həm də rəğbətlə qarşılanan yeni təşəbbüslərlə çıxış edib. Onun dünyanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Beynəlxalq layihələrin aktiv iştirakçısı olan Azərbaycan müstəqil mövqeyi ilə hörmət qazanıb. Bunlarla yanaşı, rəsmi Bakı daxili siyasətdə də ciddi uğurlar əldə edib. Ölkənin sosial-iqtisadi və mədəni yüksəlişi davam edib. Həyata keçirilən konkret proqramlar əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edib. Ölkə yeni ilə böyük ümidlərlə qədəm qoyub.

Mürəkkəb qlobal vəziyyət və Azərbaycan

2015-ci il mürəkkəb və ziddiyyətlərlə dolu bir mərhələ oldu. Gözlənilməz proseslərin təsiri altında dünya miqyasında müxtəlif sferalarda əvvəlcədən proqnozlaşdırılmayan hadisələr baş verdi. Statistik məlumatlara görə, keçən il üçün verilən proqnozlarda mütəxəssislərin xətası 11 faiz təşkil edib. Bu, ümumiyyətlə, yüksək göstərici hesab olunur. Burada böyük dövlətlərin ikili standartlar siyasətinin rolunu ayrıca vurğulamağa ehtiyac vardır. Ədalət prinsipinin pozulması bəşəriyyəti çoxlu sayda cavabsız suallar qarşısında qoymaqdadır. Xüsusilə ölkələrin səmərəli xarici siyasət kursunu müəyyənləşdirməsi qarşısına xeyli süni əngəllər çıxarıldı.

Bu, demək olar ki, bütün dövlətlərə təsiri olan faktora çevrildi. Xüsusilə müstəqilliyini yaxın keçmişdə əldə etmiş ölkələrin belə xaotik bir mənzərədə konstruktiv xarici siyasət xətti seçməsi çətinliklərlə müşayiət olundu. Cənubi Qafqaz kimi geosiyasi, iqtisadi və hərbi proseslərə həssas olan bir məkanda bu, daha çox hiss olunurdu. Azərbaycanın 2015-ci ildə keçdiyi yola bu müddəalar müstəvisində baxdıqda, olduqca maraqlı və bizə qürur verən məqamları görə bilərik.

Əvvəlcə, qısa da olsa, qlobal miqyasda cərəyan edən geosiyasi və iqtisadi-maliyyə xarakterli proseslərə diqqət yönəldək. Keçən ilin əvvəlindən dünyanın aparıcı analitikləri mürəkkəb bir dövrə qədəm qoyulduğunu vurğulayırdılar. Bu təxmin özünü doğrultdu. Müxtəlif regionlarda ixtilaflar dərinləşdi və genişləndi. Xüsusən Yaxın Şərqdə silahlı toqquşmalar gücləndi. Bu proses regionda məzhəb ayrı-seçkiliyinin daha da şiddətlənməsi fonunda özəl məzmun kəsb etməyə başladı. Belə ki, müsəlman dövlətləri arasında ziddiyyətlərin kəskinləşməsi təhlükəsi meydana gəldi.

Digər tərəfdən, böyük dövlətlərin Yaxın Şərqə hərbi müdaxiləsi yeni səviyyəyə qalxdı. Bununla da həmin bölgədə sabitliyə nail olmaq şansı xeyli aşağı düşdü. 2015-ci ilin sonları Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyətin daha ha ağırlaşması ilə xarakterizə olundu. Bu gedişat neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda baş verib. Nəzərə alsaq ki, həmin region dövlətləri dünya neft satışında ciddi rol oynayır, vəziyyətin qlobal mənzərəyə böyük təsirini qəbul etməli oluruq.

Bunlarla yanaşı, Yaxın Şərqdən dünyanın müxtəlif ölkələrinə qaçqın axını sürətləndi. Bütövlükdə Avropa bunu olduqca ağrılı proses kimi qəbul etdi. "Qoca qitə", faktiki olaraq, bu məsələni həll etməyə qadir olmadığını nümayiş etdirdi. O cümlədən Avropa İttifaqı islamofobiyaya, demək olar ki, təslim oldu. Bu da dünya miqyasında geosiyasi dinamikaya mənfi təsir göstərməkdədir.

Dünyanın böyük iqtisadi sistemlərindən olan Çində böhran əlamətlərinin özünü göstərməsi də 2015-ci ilin problemlərindən biri kimi qiymətləndirilməlidir. Əksər milli valyutaların Amerika dollarına nisbətdə ucuzlaşmasında bu faktorun rol oynadığını mütəxəssislər ayrıca qeyd edirlər. Ekspertlər 2016-cı ilin əvvəllərində də maliyyə sektorunda müşahidə edilən neqativ tendensiyaların kökündə həmin məqamın dayandığını vurğulayırlar.

Bunlar 2015-ci ildə cərəyan edən bir sıra qlobal proseslərin doğurduğu mürəkkəb mənzərə haqqında təsəvvürlər əldə etməyə imkan verir. Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da müşahidə edilən prosesləri həmin məqamları nəzərə almadan dolğun analiz etmək mümkün deyil. Onu vurğulayaq ki, yuxarıda göstərilən mürəkkəbliklər və ziddiyyətlər fonunda Azərbaycanın 2015-ci ildə əldə etdiyi nailiyyətlər kifayət qədər müsbətdir. Müxtəlif sahələr üzrə faktlar bunu təsdiq edir.

Ölkənin beynəlxalq nüfuzu: yüksəliş ili

Xarici siyasətdən başlayaq. Keçən ildə ölkənin xarici siyasətinin ən dolğun məzmununu Prezident İlham Əliyev ifadə edib. Dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib: "2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar. Eyni zamanda, bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır" (bax: Azərbaycanın müstəqilliyi 2015-ci ildə daha da möhkəmləndi / "Azərbaycan" qəzeti, 7 yanvar 2016).

Kifayət qədər dinamik bir mənzərədir. Ölkə başçısı intensiv surətdə xarici səfərlərdə olub və dövlətimiz üçün strateji əhəmiyyətli razılaşmalar əldə edib. Eyni zamanda, xarici dövlətlərin başçıları Azərbaycanla əlaqələrə böyük diqqət yetiriblər. Ölkəmizin beynəlxalq tədbirlərdə fəal iştirak etməklə yanaşı, mühüm beynəlxalq tədbirləri də təşkil etməsi bunun əyani göstəricisidir. Onların sırasında bir neçə faktı vurğulamaq olar.

Belə ki, 2015-ci il fevralın 12-də Bakı şəhərində Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası keçirildi. Bu, Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətli bir addım idi. Çünki burada söhbət "Cənub Qaz Dəhlizi" kimi nəhəng layihənin həyata keçirilməsi istiqamətində konkret fəaliyyətdən gedir. Bunun məhz Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülməsinin isə xüsusi geosiyasi və siyasi mənası vardır. Ölkə rəhbəri sübut etdi ki, regional əməkdaşlıqla yanaşı, Azərbaycan Avropa ilə bərabərhüquqlu əlaqələrin inkişafında da maraqlıdır. Bu, bir sıra qərəzli dairələrə tutarlı cavab oldu.

Azərbaycan Prezidenti 2015-ci il may ayının 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində "Şərq tərəfdaşlığı"nın 4-cü zirvə toplantısında iştirak etdi. Orada Azərbaycan üçün böyük əhəmiyyəti olan bir sənəd – bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin dəstəklənməsinə Avropa İttifaqının sadiqliyini ifadə edən Birgə Bəyannamə qəbul edilib. Bunu həm də Azərbaycan diplomatiyasının uğurlarından saymaq olar. Çünki illərdir ki, bu məsələni imkan olduqca, məhz rəsmi Bakı qaldırırdı. Bununla bərabər, Azərbaycan rəhbərliyi dəfələrlə Avropa İttifaqı ilə əməkdaşlığın daha konkret və aydın məzmun alması zərurətini irəli sürmüşdü. Həmin istiqamətdə Prezident İlham Əliyevin ifadə etdiyi strateji tərəfdaşlıq proqramını xatırlamaq lazımdır.

Təsadüfi deyil ki, 2015-ci il iyulun 21-22-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri zamanı həmin məqamlar ayrıca müzakirə edilib. Brüssel Bakının irəli sürdüyü təklifləri müsbət qiymətləndirib. Donald Tusk Azərbaycanla əlaqələrin Avropa İttifaqı üçün vacibliyini xüsusi vurğulayıb. Mürəkkəb və ziddiyyətlərlə dolu bir zamanda Aİ rəsmisinin bu etirafları adi hal deyil. Bu məqam Azərbaycanın tarixdə ilk Avropa Oyunlarını keçirməsi fonunda özəl məzmun kəsb edir.

Məsələ ondan ibarətdir ki, bu tədbirə ev sahibliyi etmək cəsarətini üzərinə götürən Azərbaycana qarşı, paradoksal və təəccüblü də olsa, məhz Avropada "qara piar" kampaniyası təşkil edildi. Ölkəmizə qarşı müxtəlif şər və böhtanlar atıldı. Avropalılar sanki öz tarixlərinə qarşı hörmətsizlik edirdilər. Bakı bu həssas məqamda da təmkinlik və Şərq müdrikliyi nümayiş etdirdi. O, heç bir təzyiq və ya şantaja baxmayaraq yüksək səviyyədə Avropa Oyunlarını keçirdi. On minlərlə avropalı Bakının gözəlliyi, qonaqpərvərliyi ilə yanaşı, Azərbaycan dövlətinin qüdrətinin və Azərbaycan xalqının yüksək mədəniyyətinin şahidi oldu.

Yeri gəlmişkən, bu hadisəni analitiklər Azərbaycanın "ağıllı gücünün" nümayişi kimi qiymətləndirdilər. Doğrudan da, keçmiş sovet respublikaları arasında bunu edən ikinci bir dövlət yoxdur. Cənubi Qafqazda isə, ümumiyyətlə, analoqu olmayan "ağıllı strategiya"nın nümayişidir. Maraqlı və qürurvericidir ki, Azərbaycan 2015-ci ildə, müstəqilliyinin cəmi 24 yaşında müasir dövlətlər üçün ciddi strateji əhəmiyyəti olan "ağıllı güc"ə sahib olduğunu dünyaya göstərə bildi. Bunu xarici siyasətin keçən ildəki ən böyük uğurlarından biri hesab etmək olar.

Bütün bunlar dövlət başçısının ötən ildə həyata keçirdiyi müstəqil xarici siyasətin konkret təzahürlərinin yalnız bir qismidir. Lakin onlar da İlham Əliyevin ifadə etdiyi aşağıdakı fikirlərində tam haqlı olduğunu təsdiq edir.

Müstəqil siyasətin anatomiyası: suverenliyin təmini

Cənab Prezident Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində vurğulayıb: "...Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir" (bax: əvvəlki mənbəyə).

Bu fikirlər həm daxili siyasət, həm də xarici siyasətin məzmunu kontekstində olduqca böyük əhəmiyyət kəsb edir. Keçən ilin ziddiyyətlərlə dolu hadisələri fonunda isə onun strateji mənasını dərk etməmək mümkün deyil. Çünki Azərbaycan hətta ən çətin zamanlarda belə öz dövlətçilik, milli və mədəni maraqları aspektində fəaliyyət göstərirsə, o, artıq oturuşmuş müstəqil dövlətdir! Məhz bu həqiqətin dünyaya bəyan edilməsi vacib siyasi hadisədir, 2015-ci ilin uğurları sırasında xüsusi yeri olan bir faktdır!

Həmin reallığın fonunda xarici siyasət üçün prinsipial əhəmiyyət daşıyan bir özəlliyi də vurğulamaq gərəkdir. Biz, Azərbaycanın Qərb istiqamətində həyata keçirdiyi əməkdaşlıq kursuna rəğmən, bir sıra dairələrin qərəzli davranışlarını nəzərdə tuturuq. Avropa Parlamenti 2015-ci il sentyabrın 10-da Azərbaycanla bağlı əsassız ittihamların yer aldığı qətnamə qəbul etdi. Burada ölkədə söz azadlığının guya məhdudlaşdırıldığı, "siyasi məhbuslar"ın olduğu iddia edilirdi. Bunun ardınca, keçən ilin dekabrında ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan üzdəniraq sənədi Konqresə təqdim etdi. Eyni zamanda, Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başlanacağı haqqında bəyanat verdi. K.Smit və T.Yaqlandın erməni təəssübkeşləri olduğu hamıya məlumdur. Üstəlik, həmin zatların Avropa Şurasında Ermənistanın təcavüzü ilə bağlı iki sənədin qəbul ediləcəyi haqqında informasiyaların yayılmasından sonra fəallıq göstərməsi çoxlu suallar doğurur.

Bütün bu qərəzli addımlara rəsmi Bakı kifayət qədər təmkinli reaksiya verdi. Həmin kontekstdə Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri mütləq vurğulamaq gərəkdir. Dövlət başçısı deyib: "...Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır" (bax: əvvəlki mənbəyə).

Ölkə başçısı həmin siyasətin 2016-cı ildə də davam edəcəyini ayrıca qeyd edib və bildirib ki, "...bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir" (bax: əvvəlki mənbəyə).

Deməli, söhbət hansısa epizodik və müvəqqəti atılmış addımdan getmir – Azərbaycan düşünülmüş, konkret məzmunu və hədəfləri olan siyasət yeridir. Bütün bunlar isə yekun olaraq ölkənin, dövlətin və cəmiyyətin suverenliyini qətiyyətlə müdafiə etmək anlamını verir! Tarixi uğurdur!

Yuxarıda vurğulanan faktorlar aspektində bəzi dairələri çox narahat edən bir məqam da diqqəti çəkir. ABŞ Prezidenti Barak Obama dövlət başçısı İlham Əliyevə 3 dekabr 2015-ci ildə xüsusi məktub göndərərək, onu bu ilin yazında Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində bildirib. Məktubda vurğulanır ki, "Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir" (bax: Azərbaycan bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasında əsas mövqe sahibidir / "Azərbaycan" qəzeti, 8 yanvar 2016).

Bu informasiyaya çox qısqanclıqla yanaşan ermənilər müxtəlif saxta arqumentlərlə dəvətin siyasi əhəmiyyətini azaltmağa çalışırlar. Lakin tamamilə aydındır ki, rəsmi Vaşinqton Bakı ilə münasibətlərinə böyük önəm verir. Bunun isə əsas səbəbi Azərbaycan rəhbərliyinin müstəqil xarici siyasət yeritməsidir. Ermənistan rəhbərliyi haqqında isə bunu demək mümkün deyil.

Mədəniyyət və iqtisadiyyat: uğurlu proqramların icrası və perspektivlər

Əslində, 2015-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini təsdiq edən bir neçə hadisə baş verib. Onların sırasında Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliy"in liderlər sammitinə Prezident İlham Əliyevin dəvət olunması xüsusi yer tutur. Həmin tədbirdə İlham Əliyevə böyük hörmət nümayiş etdirilib və onun nitqi maraqla dinlənilib. Azərbaycan rəhbəri qlobal siyasət üçün böyük əhəmiyyət kəsb edən problemlərə toxunub, eyni zamanda, onların həllinə Azərbaycanın verdiyi töhfələri də vurğulayıb. Həmin sırada ölkənin dünyanın enerji təhlükəsizliyi üçün 2015-ci ildə atdığı addımları qeyd etmək lazımdır.

Belə ki, rəsmi Bakı TANAP və TAP enerji layihələrinin reallaşması üçün konkret işlər həyata keçirməkdədir. Şərqlə Qərb arasında mühüm körpü hesab edilən bu layihələrin icrasına başlanıb. Məhz həmin bağlılıqda Azərbaycanın Yeni İpək Yolu layihəsinin reallaşmasında oynadığı mühüm rol 2015-ci ildə dəqiq ifadəsini tapdı. Bu, Prezident İlham Əliyevin Çinə tarixi səfəri zamanı məlum oldu. Orada imzalanan sənədlər Bakının həmin nəhəng prosesdə nə kimi mühüm rol oynadığını nümayiş etdirir. Artıq bu layihə çərçivəsində yüklər Azərbaycan və Gürcüstandan keçməklə Avropaya çatdırılır.

Bunlarla yanaşı, təəssüf ki, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş olmadı. Bu vəziyyətin yaranmasının əsas günahkarı rəsmi İrəvanın destruktiv mövqe tutmasıdır. Ermənilər mövcud status-kvonu qoruyub saxlamağa çalışırlar. Bundan başqa, ATƏT-in Minsk qrupu həmsədrləri qətiyyətsiz mövqedədirlər. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ikili standartlar siyasətinin girovuna çevrilib. Ancaq Azərbaycan rəhbərliyi münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini aramsız davam etdirir. Ölkə başçısı bununla bağlı görüşlər keçirir, danışıqların konstruktiv məcraya yönəlməsi üçün fəallıq göstərir. Eyni zamanda, ordunun döyüş qabiliyyəti durmadan yüksəldilir, torpaqlarımızın azad edilməsi üçün ciddi addımlar atılır. Düşünürük ki, 2016-cı ildə bu məsələdə Azərbaycan diplomatiyası müsbət nəticələr əldə edə biləcək.

Xarici siyasətlə yanaşı, daxili siyasətdə də ciddi nailiyyətlər əldə edilib. Ölkənin mədəni həyatında mühüm hadisələr baş verib. Azərbaycan keçən il III Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Tədbirdə 100-dən artıq ölkənin təmsilçiləri iştirak ediblər. Ümumiyyətlə, Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənəyə çevrilib. Bundan başqa, 2015-ci ilin noyabrında Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyası keçirilib. Bu kimi tədbirlər ölkənin dünya miqyasında nüfuzunun daha da yüksəldiyini və onun sivilizasiyalararası dialoqda mühüm rol oynadığını göstərir.

Keçən ildə ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində sosial-iqtisadi sahədə inkişaf davam edib. 2015-ci ilin 11 ayında Azərbaycanda iqtisadi artım 3,1 faiz təşkil edib. Ümumi daxili məhsul istehsalı 50 milyard dollar həcmindədir. Burada qeyri-neft sektoru əhəmiyyətli rol oynayıb. Həmin sahə keçən il 4 faizdən çox yüksəlib. Onun iqtisadiyyatda çəkisi 70 faizə çatıb. Bütövlükdə il ərzində qeyri-neft sənayesi 7,7 faiz artıb.

Keçən ildə Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Onun 9 milyardını daxili yatırımlar təşkil edir. Həmin müddətdə 87 min yeni iş yeri açılıb. 2015-ci ildə ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək istiqamətində də mühüm addımlar atılıb. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi 6,7 faiz artıb.

Bundan başqa, Azərbaycanın rəqabət qabiliyyəti artıb. İndi Dünya İqtisadi Forumu tərəfindən tərtib edilən qlobal rəqabət qabiliyyəti indeksi reytinqində Azərbaycan 140 ölkə arasında 40-cı yeri tutur. Beynəlxalq Valyuta Fondu isə cari il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 4 faiz yüksəldib.

2015-ci ildə əhaliyə ünvanlı sosial yardım proqramı üzrə işlər davam etdirilib. Hazırda ölkədə 114 min ailə və ya 500 minə yaxın insan ünvanlı sosial yardım alır. Bu istiqamətdə islahatların genişləndirilməsi nəzərdə tutulub. Bütövlükdə Azərbaycan əhalisinin rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Bütün bunlar keçən ildə Azərbaycanın daxili siyasətinin böyük uğurlar əldə etdiyini göstərməkdədir. Xarici siyasətlə daxili siyasətin harmoniyası göz önündədir. Onlar bir-birini tamamlayırlar. Şübhə yoxdur ki, bu tendensiya 2016-cı ildə daha da güclənəcək və ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksələcəkdir.

Newtimes.az

Paylaş:
756

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər