Prezidentin gənclərlə görüşü: yeni mərhələnin prioritetləri – Newtimes.az
Dünyada sürətlə cərəyan edən geosiyasi, iqtisadi, hərbi və mədəni proseslər bütün ölkələr qarşısında yeni vəzifələr qoyur. Müstəqilliyinə nail olmuş dövlətlər sonrakı inkişaf kursunu dəqiqləşdirmək məcburiyyətində qalıblar.
Hadisələrin gözlənilməzliyi çevik qərarlar qəbul etməyi tələb edir. Həmin aspektdə Azərbaycan rəhbərliyinin kifayət qədər səmərəli fəaliyyət göstərdiyini demək gərəkdir. Dövlət başçısı İlham Əliyevin ölkə gənclərinin bir qrupu ilə görüşü bütün bu məqamlara görə, olduqca mühüm hadisədir. Həmin tədbirdə İlham Əliyev dövlətçilik, yeni cəmiyyət quruculuğu, güclü dövlət modeli və s. bu kimi vacib məsələləri təhlil edib, gənclərin bu proseslərdə iştirakının zəruriliyini səmimiyyətlə vurğulayıb, onların qarşısında duran əsas vəzifələri aydınlaşdırıb. Bütövlükdə ölkə rəhbəri Azərbaycanın strateji məqsədləri haqqında dolğun surətdə danışıb. Onların üzərində geniş dayanmağa böyük ehtiyac vardır.
Gənclər və müasir sosial-mədəni reallıqlar: başlıca hədəflər haqqında
Mövcud proqnozlara görə, XXI əsrdə gənclərin sosial-siyasi və iqtisadi-mədəni proseslərdə rolu xeyli yüksələcək. Bəşəriyyətin demoqrafik tərkibində gənclərin sayının artması ilə yanaşı, cəmiyyətin həyatının, başlıca olaraq, yeni texnologiyalar əsasında qurulması yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsini tələb edir. Bu biliklərə isə gənclər yiyələnə bilərlər. Sosioloqların analizlərinə görə, gənclər dayanıqlı inkişafın lokomotivi rolunu oynayırlar. Azərbaycan rəhbərliyi bütün bu məqamları nəzərə alaraq gənclərin inkişafına xüsusi diqqət yetirməkdədir. Prezident İlham Əliyevin yanvarın 29-da ölkə gənclərinin bir qrupu ilə keçirdiyi görüş bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Dövlət başçısının həmin görüşdə vurğuladığı kimi, əslində, bu prosesin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1996-cı il fevralın 2-də keçirilən Birinci Gənclər Forumunu xarakterizə edərkən İlham Əliyev deyib: "Məhz o vaxt Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu" (bax: Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb / AZƏRTAC, 29 yanvar 2016).
Konkret olaraq, ümummilli lider dövlət tərəfindən gənclərə xüsusi diqqətin yetiriləcəyi, kadr hazırlığında onlardan geniş istifadə olunacağı, gələcəkdə ölkənin idarə edilməsi yükünün əsasən yeni nəslin üzərinə düşəcəyini faktlarla izah etmişdi. Prezident İlham Əliyev vurğulayıb ki, həmin siyasət davamlı olaraq inkişaf etdirilib, onun müxtəlif aktual aspektlərinə diqqət daha da artırılıb. Bu kontekstdə ölkə rəhbərinin dayanıqlı inkişaf prosesində gənclərin rolu haqqında irəli sürdüyü fikirlər son dərəcə önəmlidir.
İlham Əliyev gənclərə müstəqil Azərbaycanın hansı şərtlər daxilində dayanıqlı inkişafa nail ola bildiyi və burada gənclərin üzərinə düşən məsuliyyəti dolğun şəkildə ifadə edib. Burada əsas konseptual məqamlardan biri ondan ibarətdir ki, müasir tarixi mərhələdə davamlı və dayanıqlı inkişaf siyasi, sosial, iqtisadi, mədəni, təhlükəsizlik, cəmiyyətdə sabitlik və hərbi aspektlərin harmoniyası şəraitində obyektiv məzmun kəsb edə bilər (bax: əvvəlki mənbəyə).
Bu şərt ölkənin taleyində yer almış bir sıra məqamlara yenidən nəzər salmağı lazımlı edir. Prezident həmin bağlılıqda keçən əsrin 80-90-cı illərində Azərbaycanla əlaqəli baş verən bəzi prosesləri qısa təhlil edib. Hələ XX əsrin 80-ci illərinin axırlarından etibarən Dağlıq Qarabağda separatizmin əsasını qoyan addımlar atılıb. Bunu erməni radikal milliyyətçiləri ilə yanaşı, Sovet hökuməti də edib. Dövlət başçısı görüşdə söylədiyi nitqində vurğulayıb: "Azərbaycana qarşı erməni iddiaları, torpaq iddiaları və Sovet hökumətinin bu məsələdə ermənilərin tərəfini tutması əlbəttə ki, ölkəmiz üçün böyük problemlər yaratmışdı. Hələ 1980-ci illərin sonlarında Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda, Dağlıq Qarabağ muxtar vilayətində xüsusi komitə yaradılmışdır və faktiki olaraq Dağlıq Qarabağ Azərbaycan tabeçiliyindən çıxarılmışdır. Bu, əlbəttə ki, xalqımıza qarşı məkrli planların tərkib hissəsi, onun başlanğıcı idi" (bax: əvvəlki mənbəyə).
Tarixin dərsləri: unudulmamalı məqamlar
Həqiqəti əks etdirən, dəqiq, obyektiv və ədalətli fikirlərdir. Çünki onlar bir daha təsdiq edir ki, Sovet hakimiyyəti daxilində bəzi dairələr illər boyu Azərbaycana qarşı mənfur planlarını hazırlayırdılar. Onların bu hazırlığı ölkəni və xalqı çox çətin vəziyyətlə üzləşdirdi, minlərlə soydaşımızın həyatlarına son qoydu. Azərbaycanlılar şəhid oldular, lakin düşmənə boyun əymədilər. Bu prosesdə Heydər Əliyevin tarixi rolu vardır. Məsələ ondan ibarətdir ki, qanlı-qadalı 20 Yanvar hadisələrindən sonra məhz ulu öndər Moskvada Sovet ordusunun bu vəhşiliyinə etiraz etdi və onu bir xalqa qarşı aparılan qırğın siyasəti adlandırdı. Bunu Heydər Əliyev özünün şəxsi vəziyyətinin çox ağır olduğu bir vaxtda etdi. Azərbaycanın özündə hakimiyyətdə olanlar, xalqın var-dövlətini talayanlar, sovetlərin verdiyi xüsusi imtiyazlardan xoşhal olanlar ya susur, ya da Kremli müdafiə edirdilər. Ulu öndər isə həyatının ən ağır mərhələsində belə öz xalqı və vətəni ilə bir sırada, bir səfdə dayandı. Onun böyüklüyü, milliliyi, xalqa bağlılığı, Azərbaycanın müstəqilliyi üçün əlindən gələn hər şeyi etməyə hazır olduğu o anlarda bir daha sübut olundu.
Prezident İlham Əliyevin həmin məqamlarla əlaqəli gənclərə dediyi fikir çox ibrətamizdir. O, səmimiyyətlə görüşdə qeyd edib: "Bildiyiniz kimi, faciədən sonra Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdır. Sovet hökumətini, Sovet rəhbərliyini, onların hərəkətlərini, cinayətlərini pisləmişdir. Deyə bilərəm ki, Sovet dövründə bu, çox nadir bir hadisə idi... Ona görə, Heydər Əliyevin bu addımı çox cəsarətli addım idi. Əsl vətənpərvər, xalqını hər şeydən üstün tutan insanın addımı idi" (bax: əvvəlki mənbəyə).
Bu, həm tarixi həqiqət, həm də bir çağırışdır. İlham Əliyev gənclərə Azərbaycanın müstəqilliyinə hansı çətinliklərlə nail olunduğunu konkret faktlarla göstərməklə yanaşı, gənclərə vətəni, xalqı, milləti və müstəqil dövlətçiliyi Heydər Əliyev iradəsi, dönməzliyi, qətiyyəti, qorxmazlığı və məhəbbəti ilə sevməyi tövsiyə edir. Müasir dünyanın siyasi, geosiyasi, ideoloji, hərbi və mədəni-iqtisadi reallıqları şəraitində həmin məqam böyük əhəmiyyət kəsb edir. Bu, birbaşa dövlətçilik şüurunun yüksəldilməsinə və vətənpərvərliyə konkret məzmun verilməsinə ciddi təkan ola bilər.
Ölkə rəhbərinin o dönəmin digər hadisələrinə verdiyi qiymət də bu baxımdan olduqca aktualdır. Müstəqilliyin ilk illərində hakimiyyətə gələnlərin səriştəsizliyi, bəzilərinin xarici qüvvələrə yarınmağa çalışması, təbii ki, dövlətçiliyə ciddi zərbə vurdu. Bir tərəfdən yarıtmaz daxili siyasət, digər tərəfdən də kənardan ciddi yardım alan Ermənistan silahlı birləşmələrinin torpaqlarımızı işğal etməsi olduqca çətin vəziyyət yaratmışdı.
AXCP-Müsavat iqtidarının səriştəsizliyi və öz aralarında meydana gələn çəkişmələr faktiki olaraq dövlətçiliyin məhv edilməsi təhlükəsini yaratmışdı. Ölkə parçalana bilərdi. Bununla bağlı İlham Əliyev vurğulayır: "O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur... Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi... O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi... O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular" (bax: əvvəlki mənbəyə).
Deməli, müstəqillik üçün iqtidarın kimliyi mühüm şərtdir. Əgər siyasi hakimiyyət peşəkar, uzaqgörən, müasir dünyanın gedişatından baş çıxaran insanlar tərəfindən təşkil edilmirsə, bütövlükdə xalqı faciələr gözləyir. Bu şərt ödənmədiyindən 1993-cü ilin ikinci yarısına qədər Azərbaycanın bir ölkə kimi mövcudluğu təhdidlər altında olub. Onda Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi tarixi aspektdə dövlətçiliyin və müstəqilliyin xilası olub. Gənclərin məhz bu məqamı dərk etməsi vacib faktordur. Çünki dövlətçiliyin tarixini dəqiq və obyektiv bilmədən həqiqi mənada vətənpərvər olmaq, xalq üçün ürəkdən çalışmaq mümkün deyil. Prezident İlham Əliyev bu tezisi dolğun formada görüş iştirakçılarına çatdırıb.
O mərhələdə Azərbaycana ciddi təsir edən faktorlar sırasında Dağlıq Qarabağın işğalını mütləq vurğulamaq gərəkdir. İlham Əliyev həmin hadisəni, ümumiyyətlə, "bizim böyük faciəmiz" adlandırmaqda tam haqlıdır (bax: əvvəlki mənbəyə). Xüsusilə Laçın və Kəlbəcərin işğal altına düşməsinin ciddi fəsadlarını indi də yaşayırıq. Çünki o dövrdə işğalçılar kənardan olan böyük yardım hesabına Dağlıq Qarabağı coğrafi olaraq Ermənistanla birləşdirdilər. Dövlət başçısı bununla bağlı ifadə edib: "1993-cü ilin aprel ayında Kəlbəcərin erməni işğalı altına düşməsi nəticəsində faktiki olaraq, biz Dağlıq Qarabağı Ermənistanla ayıran bölgəni də itirdik və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əlbəttə ki, çox mənfi rol oynamışdır" (bax: əvvəlki mənbəyə).
Bütün bunlardan sonra 1994-1996-cı illər arasında dövlət çevrilişlərinə cəhdlər edildi. Onların haradan idarə edildiyi yaxşı məlumdur. Lakin Prezident İlham Əliyevin də görüşdə vurğuladığı kimi, Azərbaycan xalqı bəd niyyətlərin reallaşmasına imkan vermədi. Xalq öz müstəqil dövlətini, onun mahir qurucusu Heydər Əliyevi, yeritdiyi siyasəti dəstəklədi.
Gələcək məqsədlər: həqiqəti etirafdan başlayan yol
Yuxarıda təsvir edilən faktları gənc nəsil bilməlidir. Bunun səbəbini dövlət başçısı çox lakonik izah edib. İlham Əliyev deyib: "Mən bu tarixə nəyə görə qayıdıram? Çünki birincisi, bu, həqiqətdir. Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatik və yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çıxmışıq. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik" (bax: əvvəlki mənbəyə).
Doğrudan da, indi Azərbaycan ətrafında cərəyan edən prosesləri düzgün qiymətləndirmək üçün həmin illərin hadisələrini dəqiq öyrənmək lazımdır. Bu bağlılıqda dərk edilməlidir ki, 1996-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi nəinki təsadüfi deyildi, hətta böyük dövlət adamının uzaqgörənliyinin, strateji düşünmə qabiliyyətinin nəticəsi və bu anlamda müstəqil dövlətçiliyi daimi etmək yolunda atılmalı olan addımlardan biri idi. Bu günün reallıqlarına baxdıqda, həmin Forumun nə qədər aktual və zamanında keçirildiyinə əmin oluruq.
Siyasi müstəvidə isə yuxarıda vurğulanan real faktlar bir strateji tələbi anlamağa imkan verir. Dövlət başçısı gənclərlə görüşdə məhz həmin özəlliyi qabardır və konkret olaraq öz mövqeyini ifadə edir. Yəni Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu kursunun əsas hədəfi digər şərtlərlə yanaşı, ilk növbədə, güclü dövlət qurmaqdan ibarətdir. Ulu öndər keçən əsrin 90-cı illərindən ömrünün sonuna qədər bu strateji məqsədi həyata keçirib. İndi həmin kurs inkişaf etdirilir. Onun dayanıqlı və davamlı olması üçün gənclər həm məsuliyyət daşıyırlar, həm də bu prosesin aktiv iştirakçısı olmalıdırlar. İlham Əliyev təsadüfi vurğulamayıb ki: "Biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq" (bax: əvvəlki mənbəyə).
Budur, günümüzün ən böyük fikri, tarixi tezisi, əsl həqiqəti və tələbi. Təcrübəli nəsillə gənc nəslin dialoqunun daimiliyi zərurətini şərtləndirən başlıca meyar bundan ibarətdir. Gənclərlə dövlət başçısının səmimi görüşünü zəruri edən əsas faktor məhz İlham Əliyevin müstəqil dövlətçiliyi əbədiləşdirmək istəyidir. Müasir gənclər tarixi gerçəklikləri bilməklə yanaşı, yeni biliklərə yiyələnib, idarəetməni öyrənməlidirlər, müasir baxışlı, demokratik düşüncəli və davranışlı insanlar olmalıdırlar.
Belə olmalıdırlar ki, bir də hakimiyyətə xaricə göz tikən və səriştəsiz adamlar gələ bilməsinlər. Öz ölkəsinin maraqlarını Şimal və ya Cənuba satmağa hazır olan, öz xalqının qırğınlara verilməsindən faydalanmaq istəyənlərin yolları bağlı olsun. Hər kəs anlasın ki, Azərbaycan dövlətçiliyi əbədidir, üçrəngli Azərbaycan bayrağını kimsə endirə bilməyəcək. Türkçülük, İslamçılıq və Müasirlik daimi olaraq Azərbaycanın müstəqilliyinin mayakı olacaq.
Bu məqsədlərə nail olmaq üçün ölkə rəhbəri azərbaycançılığı əsas ideoloji faktor və fəaliyyət modeli kimi gənclərə tövsiyə edir. Azərbaycançı olmaq hər şeydən əvvəl ölkəni sevmək, onun müstəqilliyini qorumaq, həmin amalla çalışmaq deməkdir. Milli dəyərləri sevmək, onu təbliğ etməkdir. Tarixi kökə bağlılığı bir an belə unutmamaq şərti ilə fərqli mədəniyyətlərə açıq olmaqdır. Bu yolda yorulmadan fəaliyyət göstərməkdir.
Azərbaycanın siyasi xəritəsini tam olaraq təsəvvür etmək, onun sərhədləri kənarında qalan hissələri də öz vətəni kimi qəbul etmək, millətin bütövlüyünü dərk etmək deməkdir. Azərbaycançı olmaq etnik mənsubluğundan və dinindən asılı olmayaraq, hər bir vətəndaşa hörmət və anlamla yanaşmaq mənasını da verir. Bütün bunları Prezident dolğun və yığcam formada gənclərlə görüşündə dediyi aşağıdakı fikirdə ifadə edib: "...dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət" (bax: əvvəlki mənbəyə).
"Postneft dövrü": intellektlə ədalətin sintezi mərhələsi
Dövlət başçısı bu məqsədlərə çatmağın yollarını da gənclərə bildirib. Hər şeydən əvvəl anlamalıyıq ki, ölkəmiz üçün yeni dövr başlayır. Onu İlham Əliyev "postneft dövrü" adlandırıb (bax: əvvəlki mənbəyə). Bu, yeni və olduqca əhəmiyyətli bir ifadədir. Çünki Prezident, sadəcə, növbəti tarixi mərhələni zaman aspektində xarakterizə etməyib, həm də bütün sahələrdə yeni davranışlar vaxtının gəldiyini vurğulayır. Neft dövründən sonra əsas olaraq intellektual sərvətə, insan kapitalına və yeni texnologiyalara dayanan fəaliyyət mərhələsi başlayır. Gənclər faktoru bu səbəbdən olduqca əhəmiyyətli strateji amildir.
Əlbəttə, bu mərhələdə də iqtisadi sahədə ciddi islahatlar aparmaq, əhəmiyyətli inkişafa nail olmaq zəruridir. Bu bağlılıqda Azərbaycanın enerji siyasəti, nəqliyyat layihələrində, İpək Yolu proyektinin reallaşmasında aktiv iştirakı çox vacibdir. Bunlarla yanaşı, strateji olaraq intellektual potensialdan maksimum dərəcədə yararlanmaq yeni mərhələnin tələbidir. İlham Əliyev həmin aspektdə söyləyib: "İndiki dövr isə inkişaf etmiş ölkələrdəki kimi, daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq. Onlar nəyin hesabına inkişaf edirlər? İnkişaf etmiş ölkələrdə, onların böyük əksəriyyətində neft-qaz yoxdur... Ancaq texnologiya, bilik və savad hesabına" (bax: əvvəlki mənbəyə).
Təbii ki, texnologiya, bilik və savadın üstünlük təşkil etdiyi bir dövrdə əvvəlki mərhələlərdən fərqli sosial-psixoloji və siyasi-mədəni mühit formalaşdırmaq lazım gəlir. Onun üçün güclü intellektual potensial lazımdır. Azərbaycanda bunun mövcud olduğunu dövlət başçısı xüsusi qeyd edib. Bu imkanın reallaşması üçün intellektual potensialın milli sərvətə çevrilməsi istiqamətində konkret addımlar atılır. Azərbaycan rəhbərliyi üçün bu, prioritet məsələdir. Prezidentin gənclərlə görüşündə söylədiyi nitqin məntiqində həmin faktora ciddi yer verilib.
Bunları nəzərdə tutaraq İlham Əliyev görüş iştirakçılarına çatdırıb ki, biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik. Texnoloji tərəqqidən kənarda qalmamaq üçün kadr potensialı da hazırlanmalıdır. Daim yadda saxlamalıyıq ki, siyasi, iqtisadi, hərbi sahələrdə bilik, savad və texnologiyalar aparıcı rol oynayacaq. "Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir" (bax: əvvəlki mənbəyə).
Deməli, Azərbaycan hakimiyyəti intellektual inkişafa ciddi surətdə təkan verməkdə qərarlıdır. Bunun hesabına ölkənin daxili potensialını reallaşdırmaq əsasında inkişaf kursu yeridiləcək. Əsas məqsəd kimlərinsə kənardan gəlib, burada inkişafın aparıcı qüvvəsi funksiyasını yerinə yetirməyə imkan verməməkdən ibarətdir. Elə dövlət suveren ola bilməz, davamlı inkişafdan və müstəqillikdən məhrum olar. Çünki kənar qüvvələr həmişə öz maraqları naminə ölkəni özündən asılı vəziyyətdə saxlamağa çalışar.
Nəhayət, ölkə rəhbərinin gənclərlə görüşdə xüsusi vurğuladığı, siyasi fəaliyyət və əxlaq baxımından ciddi əhəmiyyət kəsb edən bir məqamı da ayrıca qeyd etmək istərdik. Biz, Prezidentin insan fəaliyyətində ədalət prinsipinə verdiyi böyük önəmi nəzərdə tuturuq. Dövlət başçısı özünün fəaliyyət prinsiplərindən danışarkən düz yolu seçdiyini, şübhə etdiyini soruşmaqdan çəkinmədiyini və yanlış saydığı addımları atmadığını gənclərə çatdırıb.
Bütün bunların kökündə isə ədalət prinsipi dayanır. Məhz bu məqamı diqqətdə saxlayaraq, dövlət başçısı uzunmüddətli strategiyamızı müəyyən edir, neftdən asılılığı tamamilə aradan götürməyi planlaşdırır, iqtisadi islahatları, sahibkarlığın inkişafını, şəffaflığın təminini həyata keçirir. İlham Əliyev bütün bu işlərdə gənclərin fəal rol oynamasının zəruri olduğunu tələb kimi irəli sürür.
Prezident bu kontekstdə ifadə edir: "Mən buna əminəm ki, belə də olacaq və gənclərdən fəallıq gözləyirəm. Cəmiyyəti narahat edən, incidən məsələlərin ortaya çıxmasında gənclərin də böyük rolu var. Biz çalışmalıyıq ki, bütün qüsurları aradan götürək və hər sahədə ədalət tam təmin edilsin. Çünki ədalət olmasa, inkişaf ola bilməz. Ədalət ailədə də, məişətdə də, siyasətdə də, hər sahədə olmalıdır" (bax: əvvəlki mənbəyə).
Azərbaycanın siyasi və ailə əxlaqı burada çox gözəl ifadə olunub. Hansı işlə məşğul olursansa ol, ancaq haqqı, ədaləti unutma. Dünyanın ən güclü dövlətləri belə bir çox hallarda ədalətli davranmırlar ki, bu da milyonlarla insanın faciəsinə səbəb olur. Bütün bəşəriyyət ədalətsiz siyasətin fəsadlarını görür. Azərbaycanda inanırlar ki, ədalət prinsipindən kənara çıxanların özlərinin aqibəti yaxşı olmur. Gənclərin də bu həqiqəti dərk edib, ona uyğun fəaliyyət göstərməsi strateji əhəmiyyət daşıyır. Bütün bunlara görə, şübhə etmirik ki, Prezidentin gənclərlə görüşü Azərbaycanın işıqlı sabahına aparan hadisələrdən biridir.
Newtimes.az