Fuad Ələsgərov: Hər bir hakimiyyət nümayəndəsi vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşmalıdır - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fuad Ələsgərov: Hər bir hakimiyyət nümayəndəsi vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşmalıdır - FOTO

17:54 - 06 / 02 / 2016
Fuad Ələsgərov: Hər bir hakimiyyət nümayəndəsi vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşmalıdır - FOTO

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Masallıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Fevralın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Tədbirdən əvvəl Fuad Ələsgərov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponat və fotoşəkillərə baxıblar. Sonra Masallı şəhərində inşa edilən “ASAN” Xidmət Mərkəzi, Uşaq İncəsənət Məktəbi və rayon tarix-diyarşünaslıq Muzeyinin tikintisində aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olublar.

Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl antiböhran tədbirləri həyata keçirilir, ictimaiyyət bununla bağlı geniş məlumatlandırılır.

Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən rayonda sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Qızılağac və Kolatan kəndlərinin ərazisində “Azərsun” Holdinq Şirkətlər Qrupu tərəfindən 150 hektar tərəvəz və 100 hektar çay plantasiyası salındığını və burada 800-ə yaxın yeni iş yerinin açıldığını vurğulayan R.Hüseynov əhalinin məşğulluğunu təmin etmək məqsədilə rayonda təmir-tikinti, yaşıllaşdırma, abadlıq, enerji təchizatı, yol tikintisi və digər sahələrdə 1000-dən çox qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai işlərə cəlb olunacağını və artıq yeni yaradılmış iş yerlərinə işçi qəbuluna başlandığını diqqətə çatdırıb.

Məlumat verilib ki, hazırda rayonda 4 yeni məktəb binasının, 5 həkim məntəqəsinin, 3 uşaq bağçasının, rayon tarix-diyarşünaslıq muzeyinin, Uşaq İncəsənət Məktəbinin, Viləş Park-Bulvar Kompleksinin, Bayraq Meydanının tikintisi, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilir, Muğan zonasını içməli su ilə təmin etmək məqsədilə Viləşçay su anbarından içməli su xətti çəkilir. Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması 90 faizə çatdırılıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hakimiyyət nümayəndələrinin regionlarda vətəndaşlarla birbaşa təmasları yaxşı ənənə halını alıb. Bu, dövlət məmurlarına bölgələrdəki vəziyyətlə, yerli sakinlərin üzləşdiyi problemlərlə daha yaxından tanış olmaq, onlarla canlı ünsiyyət qurmaq və mövcud problemlərinin həllində insanlara yardımçı olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Fuad Ələsgərov deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ötən il Azərbaycanın regionlarının inkişafı istiqamətində görülmüş işlər, həmçinin qarşıdan gələn illərdə sosial-iqtisadi sahədə həyata keçirilməli olan tədbirlər müzakirə edilib.

2015-ci il Azərbaycan üçün bütün sahələrdə çox əlamətdar bir il olub. Ölkəmizin Avropanın qaz təchizatında mühüm rolunu təmin edəcək “Cənub” qaz dəhlizinin icrası istiqamətində atılan addımlar, Azərbaycanın özünü Şimal-Cənub və Şərq-Qərb marşrutu üzrə çox güclü tranzit ölkə kimi təqdim etməsi nəticəsində respublikamız əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib.

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Keçən il üçün nəzərdə tutulmuş bütün sosial proqramlar icra edilib, insanlara verilən ünvanlı dövlət sosial yardımı 7 faiz artırılıb. Ümumiyyətlə, sosial proqramların həyata keçirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Son 12 ildə ölkəmizdə 1 milyon 500 min iş yeri yaradılıb və bunların 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində ölkəmizdə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb”.

F.Ələsgərov qeyd edib ki, 2015-ci ildə dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına təkan vermək məqsədilə mühüm təşəbbüslər göstərilib, əhəmiyyətli sənədlər imzalanıb. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılıb, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib və onların verilməsi prosedurları sadələşdirilib. Artıq lisenziyalar yalnız bir dövlət orqanı – İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində şəffaflıq şəraitində verilir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün lisenziyalara görə rüsumların məbləği 50 faiz azaldılıb. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Bu il də belə kreditlərin verilməsi davam etdiriləcək.

Prezident Administrasiyasının rəsmisi görüş iştirakçılarını ictimai-siyasi sabitliyin, ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan nəticələrlə bağlı da məlumatlandırıb. Diqqətə çatdırıb ki, ötən il əhalinin hər 100 min nəfərinə 277 cinayət hadisəsi düşüb. Bu göstəriciyə görə də Azərbaycan MDB və Avropa ölkələri arasında öncül mövqelərdən birini tutur. Digər mühüm göstərici ölkə ərazisində törədilmiş 23545 cinayətin 82,4 faizinin açılması olub. 2015-ci ildə daxili qoşunların maddi-texniki hazırlığının artırılması, onun üçün müasir texnikanın əldə edilməsi, daxili qoşunlarda intizamın və döyüş hazırlığının gücləndirilməsinə böyük diqqət yetirilib.

2015-ci ildə Masallı rayonunda da cinayətkarlıqla effektiv mübarizə aparılıb. Rayon ərazisində törədilmiş 334 cinayətin 93,2 faizi açılıb ki, bu da çox yaxşı göstəricidir.

Azərbaycanın hərbi potensialının, milli ordunun müasir hərbi texnika və döyüş sursatları ilə təminatının 2015-ci ildə daha da gücləndirildiyini bildirən F.Ələsgərov deyib ki, bu, özünü təmas xəttində də açıq şəkildə göstərib və ordumuzun düşmən üzərindəki tam üstünlüyü təmin edilib. Artıq tam əminliklə deyə bilərik ki, işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir olan güclü ordumuz var.

Regionların inkişafı Azərbaycan Respublikası Prezidentinin xüsusi əhəmiyyət verdiyi məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları sayəsində bölgələrdə böyük inkişafa nail olunub. Bu illər ərzində ölkəmizdə 25 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 80 faiz, şəhərlərdə isə 100 faiz həcmində təmin edilib. Son 12 il ərzində regionlarda on min kilometrdən çox yol çəkilib, 3 minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib və təmir edilib.

Dövlət proqramları çərçivəsində Azərbaycanın gözəl guşələrindən biri olan Masallı rayonunun inkişafı üçün də önəmli işlər görüldüyünü diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi deyib: “Son 12 il ərzində Masallıda 47 məktəb binası, 3 uşaq bağçası, 22 həkim və tibb məntəqəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialı, 2 sahə xəstəxanası, 15 kitabxana, Heydər Əliyev Mərkəzi, Mədəniyyət Evi, Gənclər Mərkəzi və bir sıra idman kompleksləri tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Tezliklə Tarix Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbinin də inşası başa çatdırılacaq. Rayonda qazlaşma 90 faizə çatdırılıb, 70 km uzunluğunda kəndlərarası yollar asfaltlaşdırılıb, 11 hektar istixana təsərrüfatı və 50 hektar çayçılıq plantasiyası salınıb. Hazırda rayonda su-kanalizasiya sisteminin çəkilişi başa çatmaq üzrədir. Masallı rayonunda bu günə qədər mərkəzləşdirilmiş su-kanalizasiya sisteminin olmadığını nəzərə alsaq, bu olduqca mühüm hadisədir”.

Bu uğurları əldə etməyin heç də asan olmadığını qeyd edən F.Ələsgərov dünyada gedən siyasi-iqtisadi proseslər barədə də məlumat verib. Qeyd edilib ki, son illər dünyada, o cümlədən bizim regionumuzda yalnız iqtisadi deyil, siyasi sahədə də dərin böhran müşahidə edilir. Yaxın Şərqdə - xüsusilə İraqda və Suriyada qanlı toqquşmalar, terror aktları hələ də davam edir. Bu ölkələrdə illərlə davam edən müharibələr nəticəsində yüz minlərlə insan həlak olub və görünməmiş miqrant axını yaranıb.

Keçən il dünyada həmçinin iqtisadiyyatın tənəzzül ili kimi yadda qalıb. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə, 3-4 dəfə aşağı düşüb. Müəyyən dövlətlər öz mübarizələrində neft qiymətlərindən siyasi alət kimi istifadə edirlər. Neft ixrac edən dövlətlər isə belə mübarizələrdən əziyyət çəkir. Digər tərəfdən Azərbaycanla qonşu olan ölkələrdə milli valyutalar 100 faiz, bəzən daha da artıq dərəcədə devalvasiyaya uğrayıb.

Dünyada baş verən iqtisadi böhran ölkəmizə də təsirsiz ötüşməyib, ölkənin gəlirlərinə mənfi təsir göstərib, manatın dəyərdən düşməsinə səbəb olub. Bu prosesə baxmayaraq, dünyada böhranın başlandığı ilk günlərdən Prezident İlham Əliyev böhranın Azərbaycan vətəndaşlarına təsirinin minimuma endirilməsi üçün bütün zəruri addımları atıb. İlk növbədə istehlak məhsullarının qiymətlərinə ciddi nəzarət etmək, süni qiymət artımı hallarının qarşısını almaq barədə tapşırıqlar verib.

Ölkəyə gətirilən buğdaya, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi Prezidentin göstərişi ilə ləğv edilib və bunun nəticəsində çörəyin qiymətində artımın qarşısı alınıb. Eyni zamanda, dövlətimizin başçısının imzaladığı sərəncamlarla büdcədən maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar, müavinətlər, təqaüdlər artırılıb. 2016-cı ilin yalnız yanvar ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 20-dən çox fərman və sərəncam imzalanıb. Bununla da Prezident İlham Əliyev vətəndaşların sosial rifah halının onun üçün hər şeydən üstün olduğunu əyani şəkildə göstərib.

Dövlətimizin başçısı ölkəmizin gələcəkdə neft qiymətlərindən asılılığının aradan qaldırılması və davamlı inkişafın təmin olunması üçün yerli istehsalın artırılması, Azərbaycan istehsalı olan məhsulların ixracatının stimullaşdırılmasını prioritet kimi müəyyən edib. Prezidentin təşəbbüsünə əsasən ölkə iqtisadiyyatına investisiya yatıran sahibkarların 7 il torpaq vergisi ödəməkdən, onların xaricdən gətirdiyi avadanlıqlar və texnikanın həmin müddətə əlavə dəyər vergisindən azad olunması, həmçinin vətəndaşların banklarda olan əmanətlərinin 3 il müddətində tam sığortalanması nəzərdə tutulur.

Prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalayıb. Artıq sahibkarlar fəaliyyətləri ilə bağlı ortaya çıxan şikayətlərini birbaşa Apellyasiya Şuralarına verə biləcəklər ki, bu da həmin şikayətlərə operativ şəkildə baxılmasını təmin edəcək.

Dövlətimizin başçısı 2016-cı ildə regionlarda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması ilə bağlı yerli icra hakimiyyəti orqanlarına ciddi tapşırıqlar verib.

2016-cı ildə Masallı rayonunda da yerli istehsalın, turizmin inkişafı və yeni iş yerlərinin açılması üçün mühüm işlərin görülməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Masallı rayonunda 10 hektar ərazidə sənaye məhəlləsinin salınması ilə bağlı təkliflər hazırlanır. Müxtəlif çeşiddə məhsulların istehsalı üçün zəruri infrastrukturun inşa ediləcəyi bu məhəllədə 300 nəfərə yaxın sakin işlə təmin ediləcək. Rayonda daha 50 hektar çayçılıq plantasiyasının salınması planlaşdırılır. Bununla çayçılıq plantasiyalarında çalışanların sayı 500 nəfərdən artıq olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Azərsun” şirkətinə əlavə torpaqların ayrılması nəzərdə tutulub ki, bununla da istehsalın daha da genişləndirilməsi və yeni iş yerlərinin açılması təmin ediləcək. Masallı rayonunda “Nur-M” konserv zavodunun fəaliyyətinin bərpası üçün işlər görülür. Zavodun fəaliyyətinin bərpası ilə ilkin olaraq 1000 nəfərin işlə təmin edilməsi, sonradan isə bu rəqəmin daha da artırılması mümkün olacaq. Hazırda Masallı rayonunda turizm sektorunun inkişafı üçün layihələr nəzərdən keçirilir. Vaxtilə rayonda yerləşən “İstisu” sanatoriyası ümumittifaq əhəmiyyətinə malik idi. Bu sanatoriyanın dirçəldilməsi, ümumiyyətlə Masallı rayonunda turizmin inkişafı yerli əhalinin işlə təmin edilməsi, rayona daha çox turistin cəlb edilməsi, beləliklə də insanların gəlirlərinin artması baxımından çox əhəmiyyətlidir. 2016-cı ildə Masallıda Bayraq meydanının, 100 nəfərlik uşaq bağçasının və digər sosial obyektlərin açılması da planlaşdırılıb. Bununla yanaşı, Masallı Olimpiya Kompleksindən başlayaraq şəhərə yeni giriş – eni 14 metr, uzunluğu 3,3 km olan müasir Nizami prospekti də inşa edilir.

F.Ələsgərov məlumat verib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı məqsədilə çox ciddi islahatların aparılması nəzərdə tutulur. Bu islahatlara iqtisadi tədbirlərlə yanaşı, inzibati tədbirlər, o cümlədən sahibkarlığın inkişafı qarşısındakı süni maneələrin aradan qaldırılması, korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə də daxildir. Bu məqsədlə ölkədə sistemli islahatlar həyata keçirilməkdədir. Bu sahədə “ASAN” xidmət mərkəzlərinin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir.

Dövlətimizin başçısının müəllifi olduğu “ASAN xidmət” konsepsiyası dövlət orqanlarının xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin yeni tərzdə qurulmasına yönəlib. Hazırda “ASAN Xidmət” mərkəzlərində 253 növ xidmət həyata keçirilir. 3 illik fəaliyyəti dövründə “ASAN Xidmət” mərkəzlərində 7,8 milyondan artıq vətəndaş dövlət orqanları üzrə xidmətlərdən istifadə edib.

Ötən dövrdə Prezidentin tapşırığı ilə Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərində ümumilikdə 9 “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Növbəti yeni mərkəzlər Qəbələ və Masallıda yaradılacaq. Bu il Masallı rayonunda Azərbaycan təcrübəsində ilk dəfə olaraq bütöv “ASAN HƏYAT” kompleksi fəaliyyətə başlayacaq ki, buraya da “ASAN xidmət” mərkəzi ilə yanaşı, könüllülər mərkəzi, ailə biznesi qurmaq istəyənlər üçün layihələr hazırlanmasına kömək göstərəcək biznes mərkəzi, idman-istirahət zonası, 3D kinoteatr, rəsm emalatxanaları, ictimai iaşə və digər obyektlər də daxil olacaq. Bu, dövlətimizin başçısının Masallı rayonuna, onun zəhmətkeşlərinə xüsusi qayğısının bariz göstəricisidir. Masallı rayonundakı “ASAN xidmət” mərkəzində 200 nəfər çalışacaq ki, bunların da əksəriyyətini Masallı rayonunun sakinləri təşkil edəcək. Bununla yanaşı, mərkəzdə 100-ə yaxın gəncin könüllü kimi işə cəlb edilməsi nəzərdə tutulur. Bu “ASAN xidmət” mərkəzi Masallı rayonu ilə birlikdə Biləsuvar, Neftçala, Cəlilabad, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarının ümumilikdə 1 milyondan artıq sakininə xidmət göstərəcək.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2016-cı ildə ölkəmizdə mühüm iqtisadi islahatların həyata keçiriləcəyini bəyan edib. Dövlətimizin başçısının qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə həyata keçiriləcək bu islahatlar nəticəsində 2016-cı il ölkəmizdə xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından çox önəmli il olacaq.

İqtisadi islahatların aparılması ilə yanaşı dövlət orqanları, xüsusilə hüquq mühafizə orqanları ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsi üçün də səylərini daha da artırmalıdırlar. Belə ki, ictimai-siyasi sabitlik iqtisadi islahatların uğurunu təmin edən əsas amillərdəndir.

Son zamanlar ölkəmizin bəzi rayonlarında baş vermiş hadisələr bir daha nümayiş etdirdi ki, istər ölkəmizin daxilində, istərsə də xaricində Azərbaycanda yarana biləcək xırda narazıçılıqdan ölkədə sabitliyi pozmaq üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Xüsusilə, bir sıra müxalifət partiyaları və radikal dindarlar manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən istifadə edərək lokal etirazlar yaratmağa cəhd göstərmişlər. Lakin Azərbaycan xalqı belə qüvvələrin yanında olmadığını bir daha nümayiş etdirdi. Heç kəs bu hadisələrin bir daha təkrarlanmasını istəmir. Buna görə də ölkədə sabitliyi pozmağa yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq.

F.Ələsgərov çıxışını bu sözlərlə tamamlayıb: “Hazırkı dövrdə hər bir hakimiyyət nümayəndəsi öz məsuliyyətini dərk etməli, xalqın problemlərinin həll olunması üçün xüsusi həssaslıq nümayiş etdirməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə olmalıdırlar. Bununla biz xalq-iqtidar birliyini daha da gücləndirərək dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan vəzifələrin icrasına nail olacağıq”.

Toplantıda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, yerli sahibkar İlkin Şükürov, Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov və “Viləş” otelinin icraçı direktoru Kübra Ələkbərova rayonda aqrar bölmənin, sahibkarlığın və turizmin inkişafı ilə bağlı təkliflərini bildiriblər.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov, Milli Məclisin deputatı Nəriman Əliyev iştirak ediblər.

Sonda görüş iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
866

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər