İrəvanda silahlı qruplaşma təcili tibbi yardım briqadasını girov götürüb
Ermənistanın xüsusi təyinatlı qüvvələri İrəvanda silahlı qruplaşmanın ələ keçirdiyi post-patrul xidməti alayının binasına daxil olmağa cəhd göstərib.
1news.az-ın NEWS.am-a istinadla verdiyi xəbərə görə, əməliyyat nəticəsində qruplaşmanın güllə yarası alan başçısı Pavel Manukyanın və onun oğlunun vəziyyəti ağırdır. İnsident zamanı, həmçinin bir polis zabiti yaralanıb.
Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyanın məlumatına əsasən, qruplaşma üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub. Bundan sonra silahlı qruplaşma üzvləri xəsarət alanlara yardım etmək məqsədilə hadisə yerinə gələn təcili tibbi yardım briqadasını – iki həkimi, feldşeri və tibb bacısını girov götürüb.
Hazırda silahlı qrupun digər üzvləri ilə girovları azad edərək təslim olmaları üçün danışıqlar aparılır.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.
Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.
Mövzu ilə əlaqədar oxuyun:
İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO
İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir
İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb
İrəvanda etirazçıların yürüşü başlayıb - FOTO
1news.az