Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 9 nəfər sərbəst buraxıldı, bir nəfər həbs edildi

Türkiyənin İstanbul şəhərində məşhur şəxslərə qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılanlarla bağlı məhkəmə qərarı verilib.
1news.az xəbər verir ki, müğənni Özcan Deniz, aktrisalar Deniz Çakır və Burcu Özberk, eləcə də Murat Ceylanın da aralarında olduğu 9 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Ceylan Kaya isə həbs edilib.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 24-ü saxlanılıb. Şübhəlilər arasında sənət adamları, aktyorlar və sosial media fenomenləri də olub.
Sərbəst buraxılan Burcu Özberk, Deniz Çakır və Özcan Denizin prokurorluqda verdikləri ifadələr də məlum olub. Hər üç şəxs narkotik vasitələrdən istifadə etmədiklərini bildirərək ittihamları rədd edib.
Burcu Özberk vaxtının əsasən ev və iş arasında keçdiyini, narkotik istifadə edilən mühitlərdə olmadığını deyib. O, telefonunda işinə aid sənədlər və ssenarilər olduğu üçün cihazının tezliklə yoxlanılaraq qaytarılmasını istəyib.
Deniz Çakır yalnız həkim resepti ilə verilən dərmanlardan istifadə etdiyini, narkotik qəbul etmədiyini və bu maddələrin ticarəti ilə məşğul olan şəxsləri tanımadığını bildirib.
Özcan Deniz isə təxminən 35 ildir peşəkar sənət fəaliyyəti ilə məşğul olduğunu, iki ildir ürək xəstəliyi səbəbindən dərman qəbul etdiyini qeyd edib. O, narkotik istifadə etmədiyini və bu maddələrin ticarəti ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. İstintaq çərçivəsində daha 15 nəfərin, o cümlədən DJ və prodüser Burak Yeterin polis idarəsindəki əməliyyatları davam edir.
Bundan başqa, 10 şübhəli barəsində axtarış qərarı olduğu bildirilir.











