İrəvanda silahlı qrupun rəhbəri həbs edilib
Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun rəhbəri Pavel Manukyan həbs edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu P. Manukyanın vəkili İnessa Petrosyan açıqlayıb.
Məhkəmə P. Manukyan barədə 2 ay həbs qərarı verib və bu müddət ərzində məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanada saxlanılacaq. Erebunidəki tibbi mərkəzdən məhkəmə zalına xərəkdə aparılan P. Manukyan məhkəmədə deyib ki, hər hansı şəxsi ambisiyası yoxdur. O, oğlunun da həyatını təhlükə altına qoyaraq xalqının gələcəyi üçün polis binasının zəbt edilməsi ilə əlaqədar addımı atdığını bildirib.
Qeyd edək ki, P. Manukyan Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun faktiki rəhbəridir. P. Manukyan və oğlu Aram Manukyan iyulun 27-də polislə atışma zamanı yaralanıb. A. Manukyan da xəstəxanada əməliyyat edildikdən sonra həbs edilib.
1news.az