Yerevanda qarşıdurma davam edir
Ermənistan paytaxtında iyulun 17-dən post-patrul alayının binasını ələ keçirən bir qrup silahlı şəxslə hakimiyyət qüvvələri arasındakı qarşıdurma davam etməkdədir.
1news.az modern.az-a istinadən xəbər verir ki, iyulun 31-də silahlı qrupun bir üzvü – Sedrak Nazaryan güllə yarası alıb.
Bundan başqa, silahlı dəstənin iki üzvü - Ruben Qriqoryan və Gevork Melyonyan da təslim olub.
Bu arada silahlı şəxslər girov saxladıqları 2 tibb işçisini buraxıblar.
Daha öncə isə silahlı dəstənin liderlərindən olan Pavel Manukyan həbs edilmişdi.
Qeyd edək ki, iyulun 17-də Yerevan polisinin post-patrul alayının binasını ələ keçirən bir qrup silahlı şəxslə atışmada 1 polis əməkdaşı ölüb, 2-si isə yaralanıb. Alayın ərazisində olanlar girov götürülüb”. Silahlı qrup “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.
Post-patrul alayı yerləşən ərazi mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilib.
1news.az