ABŞ Çinin texnologiya nəhəngi "Huawei"ni kommersiya sirlərini oğurlamaqda ittiham edib

Çinin "Huawei" texnologiya şirkəti ABŞ-də kommersiya sirlərini oğurlamaq, bank dələduzluğu və digər cinayətlərlə bağlı ittihamlar üzrə məhkum edilib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi şirkətin Nyu-Yorkda federal məhkəmədə keçirilən prosesdə təqsirli bilindiyini açıqlayıb.
Bruklin federal məhkəməsində üç ay davam edən prosesin sonunda andlılar heyəti noyabrın 24-də şirkətə qarşı irəli sürülən 12 ittihamdan 10-u üzrə təqsirlilik hökmü çıxarıb.
İttihamlar bank dələduzluğu, kommersiya sirlərinin oğurlanması məqsədilə əlbir olmaq və ABŞ-ni aldatmaq üçün sui-qəsdi əhatə edib. Bununla yanaşı, şirkət reket məqsədli cinayət təşkilatının yaradılması və ədalət mühakiməsinə mane olmaq ittihamlarından bəraət alıb.
"Heç bir şirkət qanundan üstün deyil"
ABŞ-nin ədliyyə naziri Todd Blanche açıqlamasında bildirib ki, heç bir şəxs və ya şirkət qanundan üstün deyil.
O, "Huawei" və onun üç törəmə şirkətinin onilliklər ərzində ABŞ-dəki fəaliyyətini yalan və oğurluq üzərində qurduğunu iddia edib.
Ədliyyə nazirinin müavini Tysen A. Duva isə qərarın ABŞ-nin korrupsiyaya bulaşmış xarici şirkətlərə qarşı mübarizə aparmaq, biznesləri və işçiləri qorumaq, milli təhlükəsizliyi təmin etmək əzmində olduğunu nümayiş etdirdiyini bildirib.
Prokurorluğun ittihamları
"Huawei" Çin hökuməti adından casusluq edə biləcəyi ilə bağlı iddialar səbəbindən ABŞ administrasiyasının diqqət mərkəzində olub. Vaşinqton daha əvvəl digər ölkələri 5G şəbəkələrinin qurulmasında şirkətin avadanlıqlarından istifadə etməməyə çağırıb.
İlkin ittiham aktına əsasən, "Huawei" ABŞ telekommunikasiya şirkətlərinin əməkdaşlarını öz sıralarına cəlb etməklə texnoloji məlumatlar əldə etməyə çalışıb. Prokurorluq həmin məlumatların şirkətə rəqiblərinə bənzər məhsullar hazırlamaq və onları daha ucuz qiymətə satmaq imkanı verdiyini iddia edib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, qanunsuz əldə edilən məlumatlar internet marşrutlaşdırıcıları, anten texnologiyaları və robotların sınaq sistemləri ilə bağlı kommersiya sirlərini, mənbə kodlarını və müəllif hüquqları ilə qorunan materialları əhatə edib.
Prokurorlar şirkətin rəqiblərindən sənaye sirləri əldə edən əməkdaşlarına mükafat verilməsi üçün daxili proqram yaratdığını da iddia ediblər.
İstintaq "Huawei"nin İranla kommersiya əlaqələrini də əhatə edib. ABŞ Ədliyyə Nazirliyi şirkətin İranla bağlı fəaliyyətinin mahiyyəti barədə banklara, jurnalistlərə və ABŞ hökumətinə dəfələrlə yanlış məlumat verdiyini bildirib.
ABŞ-nin "Huawei"yə qarşı məhdudiyyətləri
ABŞ-nin "Huawei"yə qarşı məhdudiyyətləri 2012-ci ildə milli təhlükəsizlik xəbərdarlıqları ilə başlayıb, 2019-cu ildə şirkətin kommersiya qara siyahısına daxil edilməsi ilə sərtləşib və sonrakı illərdə genişləndirilib.
2012-ci ildə ABŞ Konqresi "Huawei" və "ZTE" avadanlıqlarının milli təhlükəsizlik riski yarada biləcəyi barədə xəbərdarlıqlar edib. 2017–2018-ci illərdə federal qurumların bu şirkətlərin avadanlıq və xidmətlərindən istifadəsinə məhdudiyyətlər qoyulub.
"Huawei"nin maliyyə direktoru Meng Wanzhou 2018-ci ilin dekabrında İranla bağlı sanksiyaların pozulması və dələduzluq ittihamları çərçivəsində Kanadada saxlanılıb.
2019-cu ilin mayında ABŞ Ticarət Nazirliyi "Huawei"ni və 68 törəmə şirkətini qara siyahıya daxil edərək ABŞ texnologiyalarına və proqram təminatına çıxışını lisenziya şərtlərinə bağlayıb. Məhdudiyyətlər nəticəsində "Google" yeni modellərə lisenziyalı Google Mobil Xidmətlərini və "Android" yeniləmələrini təqdim etməyi dayandırıb, şirkət isə öz "HarmonyOS" ekosistemini inkişaf etdirməyə yönəlib.
2020-ci ildə ABŞ çip tədarükünə dair məhdudiyyətləri genişləndirib, "Huawei"nin daha 38 törəmə müəssisəsini siyahıya daxil edib. 2021–2022-ci illərdə isə şirkətin avadanlıqlarının ABŞ-də satışı və idxalına qadağalar rəsmiləşdirilib.
Son illərdə Vaşinqton avadanlıqların sertifikatlaşdırılması prosesində iştirak edən laboratoriyalara nəzarəti də gücləndirib. "Huawei"yə məxsus laboratoriyanın akkreditasiyası ləğv edilib, 32 laboratoriya sistemdən çıxarılıb, qarşılıqlı tanınma qaydaları sərtləşdirilib.
FCC bu ilin iyununda "Huawei" və bəzi digər Çin markalarının köhnə modellərinin də idxalına qadağa tətbiq edib.











