Əbülfəs Qarayev Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidentini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Bruklin inzibati rayonunun prezidentinin müavini Rozental Marietta və köməkçisi Dimon Stefani Ama Evelin daxildir.
Görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Nazir Ə.Qarayev Bruklin inzibati rayonundan Bakıya istedadlı, yaradıcı, gənc uşaqlar üçüb mədəni mübadilə proqramının yaradılmasını təklif edib.
Prezident E.Adams ölkəmiz haqqında yüksək fikirlərini ifadə edərək, ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib. Bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.
Ə.Qarayev 2017-ci ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və nümayəndə heyətini bir çox ölkənin yüksək səviyyəli dövlət rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən bu Forumda iştirak etməyə dəvət edib.
Qeyd edək ki nümayəndə heyətinin 30 avqust – 3 sentyabr tarixlərində Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna və Heydər Əliyev Mərkəzinə ekskursiyaları nəzərdə tutulub.
1news.az