Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri – Newtimes.az

14:08 - 01 / 09 / 2016
Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri – Newtimes.az

Hazırda analitik və ekspertlər qlobal geosiyasi nizamın gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Son illər bir sıra dairələrdə belə bir fikir qərarlaşıb ki, artıq liberal nizam iflasa uğrayır və onun perspektivi yoxdur. Bunun əvəzində, sürətlə inkişaf edən bəzi dövlətlərin diqtə etdiyi yeni beynəlxalq münasibətlər sistemi formalaşa bilər.

Onun əsas cəhətləri qarşıdurma şəraitində olan müxtəlif blokların mövcudluğu, ABŞ-ın lider olmadığı geosiyasi mühit, ayrı-ayrı regionlar arasında rəqabətin şiddətləndiyi tarixi mərhələnin reallığı olacaqdır. Lakin əksər analitiklərin qənaətinə görə, bu cür qiymətləndirmə yanlışdır. Hələlik ciddi səviyyədə liberal dünya nizamına alternativ sistem formalaşmayıb. Bundan başqa, XX əsrin liberal nəzəriyyələri ilə qlobal liberal nizam arasında fərqlər vardır. Bu kontekstdə həm də Amerikanın hegemonluğu ilə liberal nizamı eyniləşdirmək olmaz. Bütün bu səbəblərdən dünyanın yeni liberal düzəninin formalaşdırılmasından danışmaq daha konstruktiv görünür.

Liberal geosiyasi nizam: liberalizmlə kəsişmə xətləri və fərqlər

Stiven Kolbertin "gerçəklik liberal əqidəyə sahibdir" fikrini qəribə hesab edənlər də var. Heç də ona görə yox ki, bu obrazlı ifadənin müəllifi alim, yaxud analitik deyil, satirik, yazıçı və aktyordur. Bir çox insanlar, ümumiyyətlə, müasir dünyada liberalizmin uğuruna inanmırlar. Eyni əhval-ruhiyyə dünyanın gələcək düzəni ilə bağlı irəli sürülən proqnostik fikirlərdə də hiss olunur. Burada hesab olunur ki, tezliklə dünya daha az liberal olacaqdır.

Lakin bir sıra analitik və ekspertlər bunun əksini düşünürlər. Konkret tezislə onlar ifadə edirlər ki, qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər bəşəriyyətin daha yüksək səviyyədə liberal nizamda yaşayacağına dəlalət edir. Onu vurğulayaq ki, yalnız Qərb deyil, bəzi rusiyalı analitiklər (məsələn, Andrey Kortunov, Anton Svetov və b.) də bu mövqedədir.

Bütövlükdə bu mövzuda aparılan təhlillər və verilən proqnozlar çox maraqlıdır. Tədqiqatçılar etiraf edirlər ki, Şərq və Cənubun dünya siyasətində rolu yüksəlir. Bu mənada zənginlik və hakimiyyət də geosiyasi məkanını dəyişməkdədir. Getdikcə Çin, Braziliya və Hindistan kimi ölkələrin qlobal proseslərə təsiri artır. Və bu, yüksələn xətt üzrə gedir. Həmin sırada Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Argentina və başqa bir neçə dövlətin də adını çəkmək olar.

Geosiyasi düzən məsələsinə gəldikdə, maraqlıdır ki, bu tendensiyanı bəzi müşahidəçilər anti-liberal hərəkat kimi təqdim edirlər. Onlar hesab edirlər ki, dünya siyasətində ABŞ və Avropanın mövqeyinin zəifləməsi avtomatik olaraq liberal dəyərlərin arxa plana keçməsini ifadə edir. Çünki yeni güclü dövlətlər öz ideyalarını və qlobal dünya nizamının özlərinə uyğun strukturunu qəbul etdirməyə çalışırlar. Amerika və onun müttəfiqləri isə bunun qarşısını ala bilmirlər. Konkret deyilsə, yeni qlobal oyunçuların geosiyasi mühitə gətirdikləri fərqli baxışlar qarşısında liberal dəyərlər öz gücünü itirməkdədir.

Bunun nəticəsində liberal düzənin əsas xüsusiyyətləri olan açıqlıq və hüquqa söykənən münasibətlər sistemi çökməkdə, onun yerini isə dağınıq, bir-biri ilə rəqabətdə olan blokların, müxtəlif təsir sferalarının mövcud olduğu, regional yarışın tüğyan etdiyi bir nizam tutmaqdadır. Bunun nəticəsində BMT, ATƏT, Avropa İttifaqı kimi təşkilatların rolu minimuma enə bilər və çoxtərəfli əməkdaşlıq prinsipi işləməz hala gələr.

Məsələnin məhz bu cür izahını və proqnozunu bəzi analitiklər qəbul etmirlər. Onlar hesab edirlər ki, əslində, liberal dünya nizamına alternativ ola biləcək düzən hələ formalaşmayıb. Onun əlamətləri belə görünmür. Doğrudur, son illər dünya sistemində çoxlu sayda silkələnmələr olub. ABŞ və onun Qərb ölkələrindəki müttəfiqlərindən açıq narazılıq artıb. Onların ağalıq ambisiyalarına etirazlar güclənib. Qlobal maliyyə böhranı və iqtisadi tənəzzül də faktdır. Bunların fonunda meydana çıxan yeni güclü dövlətlər daha aktiv xarici siyasət yeritməyə başlayıblar. Bəs bütün bunlar hansı səbəblərdən anti-liberal fenomenin təzahürü hesab edilməlidir?

Prinston Universitetinin professoru Con Aykenberri həmin məqamları nəzərdə tutaraq yazır: "Liberal dünya nizamı liberal-demokratik dövlətlərin sadə cəmi deyil, öz üzvlərinə iqtisadi və siyasi inkişafın alətlərini təqdim edən özünəməxsus qlobal siyasi klub, beynəlxalq qarşılıqlı yardım cəmiyyətidir" (bax: Джон Айкенберри. Будущее либерального мирового порядка / РСМД, 9 avqust 2016).

Bu cür nizam çərçivəsində üzvlərə mübahisələri həll etməyin, kollektiv fəaliyyətin, danışıqlar normalarının, təhlükəsizliyin təmininin və təbii ehtiyatlardan istifadənin müəyyən qaydalar daxilində həyata keçirilməsi imkanı verilir. Belə çıxır ki, liberal dünya nizamı özlüyündə konkret coğrafi məkanı və ya seçilmiş dövlətlər çoxluğunu nəzərdə tutmur. O, coğrafi mövqeyindən, geosiyasi məkanından asılı olmayaraq müəyyən şərtləri ödəyən ölkələrin aparıcılığı ilə açıq və hüquqa söykənən beynəlxalq münasibətlər sistemini ehtiva edir.

Yeni dünya düzəni: formalaşmasının üç əsas prinsipi

Onu deyək ki, rusiyalı analitik Andrey Kortunov da eyni fikirdədir. Onun mövqeyinə görə, Rusiyada yanlış olaraq ABŞ-ın nisbi zəifləməsini bütövlükdə liberal dünya düzəninin iflası kimi qələmə verməyə çalışırlar. Əlavə olaraq, "dünya sisteminin idarə edilənliyinin yüksələn xətlə azalmasını böhran əlaməti hesab edirlər" (bax: Андрей Кортунов. Неизбежность странного мира / РСМД, 15 iyul 2016).

Müəllif fikirlərini davam etdirərək, liberalizmin ideologiya faktoru olaraq tənəzzülündən və onun qloballaşma amili kimi özəlliklərindən bəhs edir. O, bütün bunlardan yanlış siyasi nəticələr çıxarıldığı və liberal dünya nizamının süqut etməkdə olduğu, Rusiya vətəndaşlarına "hamının hamıya qarşı müharibəsi" qaydasının dominantlığının başladığı qənaətinin yeridildiyini vurğulayır (bax: əvvəlki mənbəyə).

Reallıqda isə dünyanın liberal düzəninin üç prinsipə söykəndiyini göstərən A.Kortunov, onun Amerikan hegemonluğu ilə eyniləşdirilməsinin doğru olmadığını sübuta yetirir. O yazır ki, liberal dünya nizamı rasionallıq, açıqlıq və normativlik üzərində bərqərar olub (bax: əvvəlki mənbəyə). Burada əsas faktor konkret hansı dövlətin hansı mərhələdə lider olmasında deyil, bu prinsiplərə nə dərəcədə əməl edilməsindədir.

Bu prizmadan baxdıqda, qloballaşma heç də liberal dünya nizamına zidd deyil, əksinə, onunla uyğunlaşır (bax: əvvəlki mənbəyə; Джон Айкенберри. Будущее либерального мирового порядка / РСМД, 9 avqust 2016; Антон Цветов. Мировой порядок и либерализм как метод / РСМД, 20 iyul 2016).

Belə görünür ki, analitiklər və ekspertlər müasir mərhələdə özünü göstərən çoxlu sayda geosiyasi problemlərdən xilas yolunu liberal dünya nizamından imtinada deyil, əksinə, onun yeni formasını tapmaqda görür. Bunun üçün üç əsas prinsip üzrə hərəkət etmək lazımdır – açıqlıq, normativlik və rasionallıq! Bunların hər birinin geosiyasi interpretasiyası vardır. Açıqlıq bütün sahələrdə dövlətlərin qarşılıqlı əlaqəsinin şəffaf və ədalətli təminini nəzərdə tutur. Qloballaşma prosesi bunun üçün bütün əsasları yaradıb. İndi heç bir dövlət təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Bu baxımdan sürətlə inkişaf edən və dünya siyasətində rolu artan ölkələrə də təcrid olmaq sərf etmir. O halda onları anti-liberal mahiyyətdə günahlandırmaq doğru deyil.

Normativlik hər bir beynəlxalq məsələnin hüquqi normalar çərçivəsində həll olunmasını ehtiva edir. Bu baxımdan BMT, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və digər beynəlxalq təşkilatların rolunun artması və daha səmərəli işləməsi zəruridir.

Qeyd edilən şərtlərin ödəndiyini təsdiq edən proseslər gedirmi? Təəssüf ki, məhz bu əlamət özünü göstərmir. Əvəzində, böyük dövlətlər öz ambisiyalarını daha çox yeritməyə çalışırlar. Onlar beynəlxalq qaydalara əməl etmək istəmir, paralel olaraq, geosiyasi rəqibin sırf düşmən obrazını yaradırlar. Nəticədə, insanlar XX əsrin liberal nəzəriyyələrinin uğursuzluğunu, ümumiyyətlə, liberal dünya nizamının iflası kimi başa düşürlər.

Əslində, bəşəriyyətin gələcəyi açıqlıq, normativlik və rasionallığa söykənən dünya nizamının formalaşdırılmasından çox asılıdır. Böyük dövlətlər xarici siyasətlərində ədalət prinsipinə üstünlük verməli, öz maraqlarını digərlərinə zorla qəbul etdirmək prinsipindən vaz keçməli və ikili standartlara son qoymalıdırlar. Bu şərtlərə əməl edilməsə, dünyada sakitlik yaranmayacaq. Müxtəlif regionlarda bu və ya digər intriqalar baş qaldıracaq. Real liberal dünya nizamının yolu yuxarıda vurğulanan prinsiplərə əməl etməkdən keçir. Onlar olmadan liderin kim – ABŞ, Çin, yaxud Rusiya olmasının heç bir önəmi yoxdur!

Newtimes.az

Paylaş:
660

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər