Dabaq xəstəliyindən narahat olmağa dəyməz: 1news.az ət və süd məhsullarının alışı ilə bağlı suallara aydınlıq gətirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dabaq xəstəliyindən narahat olmağa dəyməz: 1news.az ət və süd məhsullarının alışı ilə bağlı suallara aydınlıq gətirir

11:41 - Bu gün
Dabaq xəstəliyindən narahat olmağa dəyməz: 1news.az ət və süd məhsullarının alışı ilə bağlı suallara aydınlıq gətirir

Azərbaycanda iri buynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Hadisə geniş ictimai rezonansa səbəb olub, xəstəliyin miqyası və insanlar üçün mümkün təhlükəsi ilə bağlı bir sıra suallar doğurub.

Heyvanlar arasında kütləvi yoluxma halları oktyabrın əvvəlində Cəlilabad rayonunda – əsasən Sarxadabad və Ədnalı kəndlərində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, əsas yoluxma mənbəyi bazar günləri fəaliyyət göstərən mal bazarıdır.

Mövcud vəziyyətə cavab olaraq ölkə üzrə heyvanların kütləvi peyvəndlənməsi kampaniyasına start verilib. Bununla yanaşı, xəstəliyin daha geniş yayılmasının qarşısını almaq məqsədilə mal bazarlarında profilaktik kimyəvi dezinfeksiya və mexaniki təmizləmə işləri aparılır.

Qeyri-rəsmi məlumatlara əsasən, əhali arasında narahatlıq gündəlik həyata da təsir edib – bəzi uşaq bağçalarında mümkün riskləri nəzərə alaraq, ət yeməklərinin menyuya daxil edilməsinə ehtiyatla yanaşılır.

Məsələ cəmiyyət arasında narahatlıq doğurub – bir çoxları ətin və digər heyvan mənşəli məhsulların alqı-satqısının təhlükəsiz olub-olmadığı ilə maraqlanır.

Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün 1news.az həkim-infeksionist Polina Əliyevaya müraciət edib.

“Dabaq heyvanlar üçün təhlükəlidir, insanlar üçün isə demək olar ki, risk daşımır”

Həkim-infeksionist Polina Əliyevanın sözlərinə görə, dabaq — mal-qara, qoyun, keçi və donuz kimi cüt dırnaqlı heyvanlarda müşahidə olunan iti virus xəstəliyidir. Xəstəlik Aphthovirus cinsinə aid virus tərəfindən törədilir və əsasən ağız boşluğunun selikli qişalarını, dırnaqları, eləcə də südverən heyvanlarda cinsi orqan və süd vəzilərini zədələyir.

“Xəstə heyvanlarda qabarcıqlar və yaralar əmələ gəlir, onlar ağrı hiss edir, yeməkdən imtina edir. Ümumi vəziyyətləri kəskin pisləşir, süd istehsalı azalır”, – deyə həkim izah edib.

Polina Əliyeva bildirib ki, dabaq xəstəliyi heyvandarlıq üçün ciddi iqtisadi problem yaradır – məhsuldarlığın azalması, xəstə heyvanların kəsilməsi və nəticədə təsərrüfat itkiləri baş verir. Belə hallarda karantin tədbirlərinin tətbiqi və heyvan mənşəli məhsulların tədarükünə müvəqqəti məhdudiyyətlər vacib olur.

“İnsanlar üçün dabaq demək olar ki, təhlükə daşımır. Yoluxma hallarına çox nadir rast gəlinir və bu, əsasən xəstə heyvanlarla birbaşa təmasda olmaq və ya çiy, emal olunmamış süd içmək nəticəsində baş verir. Azərbaycanda son onilliklər ərzində insanlarda dabaq yoluxması halı qeydə alınmayıb,” – deyə infeksionist vurğulayıb.

“Ət və süd məhsulları düzgün saxlanıldıqda və bişirildikdə təhlükə yoxdur”

Həkimin sözlərinə görə, sanitar normalara əməl olunduğu halda ət məhsullarından qorxmağa əsas yoxdur.

“Əgər ət baytarlıq nəzarətindən keçibsə, düzgün şəraitdə saxlanılır və bişirilirsə, heç bir təhlükə yaratmır. Hətta heyvanın virusa yoluxması halında belə, dabaq virusu istiliyə qarşı çox həssasdır və bişirmə zamanı tez məhv olur. Odur ki, əsas olan – ətin etibarlı mənbədən alınması və çiy şəkildə istehlak edilməməsidir”, – deyə Əliyeva qeyd edib.

O, xüsusilə süd məhsullarına diqqət yetirməyin vacibliyini vurğulayıb:
“Dabaq virusu çiy süddə ola bilər, lakin pasterizasiya və qaynatma zamanı tamamilə məhv olur. Zavod şəraitində istehsal olunan pasterizə edilmiş süd, yoğurt və pendirlər insanlar üçün heç bir təhlükə yaratmır.”

Həkim əlavə edib ki, Azərbaycanda baytarlıq xidmətləri fermalarda yoxlamalar aparır, məhsulun daşınması və satışına nəzarəti gücləndiriblər. Bəzi bazarlarda süd və süd məhsullarının tədarükündə müvəqqəti fasilələr müşahidə olunur. Onun sözlərinə görə, bu, insanların sağlamlığı ilə deyil, karantin tədbirləri və xəstə heyvanlarda südvermənin azalması ilə bağlıdır.

Qarantin tədbirləri və nəzarət gücləndirilib

Polina Əliyeva qeyd edib ki, fermerlər heyvanlarda xəstəlik əlamətləri müşahidə etdikdə dərhal baytarlıq orqanlarını məlumatlandırmalı və xəstə heyvanları təcrid etməlidirlər.

Dabağın əsas əlamətləri aşağıdakılardır:

  • bədən temperaturunun yüksəlməsi,

  • çoxlu tüpürcək ifrazı və yeməkdən imtina,

  • ağız, dil və dodaqlarda qabarcıqlar və yaralar,

  • dırnaqlarda və süd vəzilərində zədələnmələr,

  • axsaqlıq və süd istehsalının azalması.

Həkim bildirib ki, bəzi fermalarda dabaq xəstəliyi halları doğrudan da qeydə alınıb.
“Bu səbəbdən lokal karantin tədbirləri görülüb və heyvan mənşəli məhsulların daşınmasına nəzarət gücləndirilib. İnsanlar arasında isə yoluxma halı qeydə alınmayıb. Sanitariya xidmətləri əmin edir ki, əhali üçün risk minimumdur,” – deyə o bildirib.

Əliyevanın sözlərinə görə, mövcud vəziyyətin əsas təsiri iqtisadi xarakter daşıyır – süd istehsalında müvəqqəti azalma və bəzi heyvan mənşəli məhsulların qiymətində artım müşahidə olunur.

“Vəziyyət nəzarət altındadır – təşvişə əsas yoxdur”

Həkim-infeksionist istehlakçılara aşağıdakı tövsiyələri verib: əti və süd məhsullarını yalnız etibarlı satıcılardan almaq, çiy süd və pasterizasiya olunmamış məhsullardan uzaq durmaq, ət yeməklərini yetərincə bişirmək, fermer məhsullarının istiliklə emaldan keçib-keçmədiyini dəqiqləşdirmək lazımdır. Dabaq heyvanlar üçün təhlükəli xəstəlikdir, insanlar üçün ideyil. Sadə gigiyena qaydalarına əməl etmək, məhsulları etibarlı mənbələrdən almaq və düzgün bişirmək xəstəliyə yoluxma riskini tam aradan qaldırır. Azərbaycanda vəziyyət tam nəzarət altındadır, ət və süd məhsullarının insanlar üçün təhlükə yaratdığına dair heç bir əsas yoxdur,” – deyə Polina Əliyeva vurğulayıb.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) açıqlama

Məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəyan edib ki, ölkədə heyvan kəsimi və ət satışına nəzarət daimi əsasda həyata keçirilir.

“İstehsal olunan məhsulların keyfiyyətinə və baytarlıq-sanitariya normalarına əməl edilməsinə gündəlik nəzarət olunur. Agentliyin bütün struktur bölmələri bu istiqamətdə fasiləsiz işləyir,” – qurumdan bildirilib.

AQTA-nın nümayəndəsi əlavə edib ki, dabaqla bağlı son hadisələr fonunda nəzarət tədbirləri gücləndirilə bilər, lakin bu, yalnız hazırkı vəziyyətlə məhdudlaşmır.

“Qida təhlükəsizliyinin təmin edilməsi üzrə gündəlik işlər davam edir. Yeni olan odur ki, hazırda kəsim məntəqələrində və rayon bazarlarında aktiv monitorinqlər aparılır,” – deyə Agentlikdən qeyd olunub.

Müəllif: Faiqə Məmmədova

Tərcümə: Qafar Ağayev

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər