Rusiya Strateji Tədqiqatlar İnstitutunda azərbaycanlı deputatla görüş olub
RF Prezidenti yanında Rusiya Strateji Tədqiqatlar İnstitutunda (RSTİ) Azərbaycan Milli Məclisinin komitə sədri Səməd Seyidovla görüş olub.
RSTİ-nin saytında verilən məlumata görə, sentyabrın 8-də Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru Leonid Reşetnikov Azərbaycan Milli Məclisinin beynəlxalq məsələlər komitəsinin sədri Səməd Seyidovla görüşüb. Görüşdə institutun Qafqaz Araşdırmaları sektorunun rəhbəri A.Atayev, habelə RSTİ yanında Ekspert Şurasının üzvləri D.Mirzəyev və A.Xarçenko iştirak edib.
Tərəflər Rusiya-Azərbaycan münasibətlərinin müasir aspektlərini müzakirə ediblər. Rusiya və Azərbaycanın eyni mənəvi-sivilizasiya məkanında yerləşməsi faktına xüsusi diqqət yönəldilib ki,. Səməd Seyidov deyib: “Bu münasibətlər Vladimir Putin ilə İlham Əliyevin yaxın, demək olar ki, tərəfdaşlıq münasibətləri fonunda daha bariz şəkildə təzahür edir. İndi bizim dövlətlərin münasibətlərində elə bir dövr başlanıb ki, artıq ayrı-ayrı problemlər bizim ümumi sivilizasiya seçimimizə təsir göstərə bilməz”.
Leonid Reşetnikov da öz növbəsində, iki dövlətin ekspert-analitik strukturları arasında əlaqələri möhkəmlətməyin vacibliyinə diqqəti cəlb edib. O deyib: “Yaxın vaxtlara qədər RSTİ ilə Azərbaycanın ekspert-analitik strukturları arasında davamlı kontaktlar yaranmışdı. İndi bu əlaqələrin əvvəlki həcmini bərpa etmək lazımdır”.
Görüş iştirakçılarının ümumi fikrinə görə, Yaxın Şərqin terrorçu dini-siyasi təşkilatlarından qaynaqlanan ümumi təhdidlər və təhlükələr kontekstində birgə analitik işə ehtiyac duyulur.
Vurğulanıb ki, iki dövlət arasında beynəlxalq gündəliyin ayrı-ayrı məsələləri barədə də qarşılıqlı anlaşma var. Məsələn, Azərbaycan tərəfi bəzi beynəlxalq təşkilatların Avropadakı dövlətlərarası məkanlarda “Şimali Qafqaz və insan hüquqları” mövzusunda məruzə təqdim etmək cəhdlərini Rusiyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirib. S.Seyidov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı kimi, Avropa dövlətlərində Rusiyanın neqativ siyasi imicinin aradan qaldırılması üzrə konkret səylər göstərir. O bildirir ki, bu vəziyyət Rusiyanın real siyasi sanbalına və beynəlxalq təhlükəsizlik sisteminə onun töhfəsinə uyğun gəlmir.
Görüşdə Rusiya və Azərbaycan xalqlarının sosimədəni vəhdətinin qorunub saxlanması problemlərinə də toxunulub.
AZƏRTAC