Küçələrə çağırışlarla bağlı bir neçə söz – Newtimes.az
Son zamanlar bütün dünyada siyasi vəziyyətin daha da mürəkkəbləşdiyi məlumdur. Müxtəlif regionlarda narahatlıq doğuran proseslər gedir. Böyük dövlətlər arasında münasibətlərdə gərginlik davam edir. Qonşu Türkiyədə keçən ay baş verən dövlət çevrilişinə cəhd meydana xeyli suallar çıxardı.
Ankara bu məsələdə açıqca ABŞ-ı ittiham etdi. Amerikanın rəsmi şəxsləri sonradan Türkiyəyə səfərlər etsələr də və dostluq mesajları versələr də, türk dövlətçiliyi üçün təhlükənin haradan qaynaqlandığı haqqında təsəvvürlər dəyişmədi. Fətullahçı terror təşkilatını (FETÖ) qoynunda bəsləyənlər hələ də fəaliyyətdədirlər.
Azərbaycanda isə avqust ayında bir sıra xarici ölkələrin səfirləri radikal müxalifət nümayəndələri ilə görüşlər keçirdilər. Onlarla müzakirələrdən sonra insanları küçələrə çağıran başıpozuq müxalif qrupların ölkədə sabitliyi pozmağa çalışdığına şübhə yoxdur. Bütün bunlara isə Xarici İşlər Nazirliyi öz müdaxiləsi ilə görüşlərin nə üçün, hansı məqsədlə keçirilməsinə aydınlıq gətirmədi və qarşıya çıxan suallara cavab vermədi. Lakin xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın daxili işlərinə bu cür qarışmaq olmaz. Azərbaycan belə münasibəti qəbul etmir.
Maraqlıdır, bəzi siyasətçilər özlərini uzun illər həm kar, həm də kor kimi aparırlar. Azərbaycanın radikal müxalif düşərgəsində yuva salmış bir qrup adam məhz belə təəssürat yaradır. Onlar nə Yaxın Şərqdə, nə də Türkiyədə baş verən siyasi prosesləri təhlil edib, proqnozlaşdırmaq iqtidarında deyildirlər. Bu azmış kimi, hakimiyyətə gəlməyin ən iyrənc və antidövlətçi üsullarına baş vurmaqdan da çəkinmirlər.
O da maraqlıdır ki, müxalif tör-töküntüləri bu avantüraya sövq edən bir sıra xarici dairələr də müsəlman Şərqində cərəyan edən hadisələrdən, aldıqları dərslərdən nəticə çıxara bilmirlər. Bu dairələr də anlamırlar ki, Türkiyədə millət öz dövlətçiliyinin müdafiəsinə şahanə surətdə nəyə görə qalxdı. İndi siyasi liderlərin əksəriyyəti heyrətlə vurğulayırlar ki, türk milləti qəhrəman imiş! Görünür, Azərbaycanın nümunəsində bir daha bu həqiqətin şahidi olmaq həvəsində olan dairələr mövcuddur.
Konkret faktlara keçək. Avqust ayı Bakıda çox isti keçdi. Ancaq bəzi Qərb dövlətlərinin diplomatları "kölgəyə" çəkilmək istəmədilər. Dəqiq desək, ABŞ, Böyük Britaniya və Fransanın diplomatik nümayəndəlikləri bir ovuc Azərbaycan radikalları üçün "siyasi və təhlükəsizlik korpusu" rolunu oynamaq eşqinə düşdü. KİV-in yaydığı məlumata görə, avqustun 15-30-u arası ABŞ, Britaniya və Fransa səfirliklərində radikallarla 10-na yaxın (!) və hər dəfə də ən azı bir saatlıq görüş keçiriblər. Özü də bu müzakirələrdə birbaşa səfir cənablarının özləri iştirakçı olublar. Çox mühüm məsələlər imiş.
Faktiki olaraq Azərbaycan siyasətinə təsir gücü sıfır olan, elektorat kasadlığı xəstəliyindən xroniki əziyyət çəkən, heç bir konstruktiv ideoloji konsept ortaya qoya bilməyən bir qrup adamla dünyanın ən böyük 3 dövlətinin diplomatlarının saatlarla söhbəti təsadüfdürmü?! Yəqin ki, yox. Çünki Qərbdə vaxtın qədrini hər kəs, ilk növbədə diplomatlar çox yaxşı bilirlər. Onda bəs bu canfəşanlığın, Bakının qızmar istilərində radikal müxalifətə sevdanın səbəbi nədir? Cavab olaraq deyə bilərlər ki, müraciət etdilər görüşdük. Amma bunlar elə həmişə sizə müraciət edirlər axı. Sizdən başqa arxalarında heç kim yoxdur axı.
Avqustun 31-də müxaliflərin küçələrdə barrikadalar qurmağa, etirazlar təşkil etməyə, mitinqlərdə bağırmağa dəvət etmələri, necə deyərlər, "Conla Mişelin qulaqlarının haradan çıxdığını" göstərdi. Deməli, söhbət təlimat verməkdən, mövcud hakimiyyət strukturlarını laxlatmaq üsullarından gedir. Onu vurğulamaq lazımdır ki, bu metod ABŞ-da iki dəniz piyadası zabiti tərəfindən ideoloji-informasiya əsası qoyulmuş hibrid müharibəyə aiddir.
Mübarizənin bu növündən Qərbdə müəyyən dairələr bütün üsul və imkanlardan istifadə etməklə yerli hakimiyyətin legitimliyini şübhə altına almaq məqsədi güdürlər. Bunun üçün informasiya texnologiyasından ustalıqla istifadə edir, vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya bütün problemlərin mənbəyi məhz iqtidardır və yerli hakimiyyət situasiyanı idarə edə bilmir.
Əslində, problemləri bu müharibənin sifarişçiləri süni olaraq yaradırlar. Bunun üçün onların əlində geniş maliyyə, siyasi, iqtisadi, informasiya və hərbi-təxribatçı resurslar vardır. Məsələn, bir gecədə ölkənin milli valyutasını iflasa uğrada bilirlər. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, kənar qüvvələrin əsas məqsədlərindən biri məhz ölkədə maliyyə böhranı yaradıb, bütövlükdə sosial xaosa yol açmaqdır. Alınmadı, çünki türk cəmiyyəti və iqtisadi-maliyyə sistemi düşmənlərə layiqli cavab verdi. Neftin qiyməti ilə bağlı vəziyyət də dediklərimizə digər bir misaldır.
Türkiyə Xarici İşlər Nazirliyi çox intensiv səylər göstərib bir sıra ölkələrin diplomatlarına ciddi xəbərdarlıq etdi. Nazir Mövlud Çavuşoğlu daim siyasi proseslərin gündəmində idi. O, böyük dövlətlərin xarici işlər nazirləri ilə intensiv görüşlər keçirdi, telefon danışıqları apardı, ABŞ, Fransa, Almaniya və Rusiyalı həmkarları ilə aktiv diplomatik təmasda oldu.
Türkiyə siyasi dairələri, ilk növbədə Xarici İşlər Nazirliyi bu cür aktivlik hesabına həm kənar dağıdıcı qüvvələrə yerini göstərdi, həm də ölkənin maraqlarını qoruya bildi.
Bəs Azərbaycanda nə müşahidə edirik? Radikal müxalifət Türkiyədə baş verənlərdən dərs götürməyib Bakıda çaxnaşma törətməyə cəhd edir. Üç böyük dövlətin diplomatik korpuslarının şefləri onlarla danışıqlar aparır. Qısa müddətdə 10-na yaxın görüş keçirirlər. Bizim Xarici İşlər Nazirliyi isə susur.
Suallar yaranır. Nəyə görə ölkənin daxili işlərinə kobudcasına qarışan xarici ölkə diplomatları ilə müvafiq danışıqlar aparılmır. Axı, söhbət dövlətin milli təhlükəsizliyindən gedir. Təsəvvür edin ki, müxtəlif yollarla cəmiyyətdə qarışıqlıq yaradılır və radikal müxalifət daha da azğınlaşaraq, hakimiyyəti zəbt etmək fikrinə düşür.
XİN bu məsələdə mövqe bildirmirsə, dolayısı ilə hibrid müharibədə düşmənin həmlələrinə qarşı səmərəli mövqe tutmağa ziyan vurula bilər. İstəsək də, istəməsək də, belə alınır. Bir neçə gün ərzində 3 xarici ölkənin diplomatları məzmunu haqqında məlumat verilməyən görüşlər keçirdilər, ancaq onlara gözün üstə qaşın var deyən olmadı. Proses belə getsə, onun sonu necə ola bilər? Bizcə, bu sualın cavabını hər kəs bilir.
Təcrübə göstərir ki, nə xarici dairələr, nə də radikal müxalifət dayanan deyil. Onlar əllərindən gələni etməyə çalışacaqlar. Türkiyədə bacara bilmədiklərini Azərbaycanda reallaşdırmaq üçün ciddi-cəhdlə işləyəcəklər. Məsələ ondan ibarətdir ki, söhbət, ümumiyyətlə, islamofobiyadan, müsəlman dövlətçiliyini məhv etməkdən gedir. Uzun illərdir ki, bir sıra dairələrin Azərbaycanın hər uğurlu addımına qısqanclıqla yanaşdıqlarının şahidi oluruq. Onlar zaman-zaman antiazərbaycan kampaniyası təşkil edirlər. Burada əsas məqsəd aydındır: Azərbaycan kimi sürətlə inkişaf edən müsəlman ölkələrini xaos girdabına atmaq, onların sabitliyini pozmaq və ictimai şüurdan inkişaf paradiqmasını silərək, intriqa psixologiyasını yeritmək taktikası artıq çox ölkədə həyata keçirilib. FETÖ-nün də əsas vəzifələrindən biri bundan ibarət idi. Cəmiyyətdə qarşılıqlı etimadı zəiflədib, mövcud rejimi güc vasitəsi ilə devirməklə Qərbə uyğun oyuncaq iqtidar formalaşdırmaq! Küçələrdə barrikadalar qurub, insanları iğtişaşlara çağırmağın arxasında bu cür məkrli niyyətlər dayanır.
Həmin səbəblərdən daxili radikal kəsimlərlə yanaşı, xarici diplomatlara da xəbərdarlıq edilməsi, onlarla vaxtaşırı görüşlərin keçirilməsi, fikir mübadilələrinin aparılması vacib məsələdir. Dünya təcrübəsindən buna kifayət qədər misallar gətirmək olar. Ranqından asılı olmayaraq, ölkədə sabitliyi pozmağa çalışan diplomatlar bunu bilməlidirlər.
Həmin kontekstdə xarici ölkə səfirlikləri ilə iş yeni səviyyəyə yüksəldilməlidir. Onlarla əlaqə elə təkmil qurulmalıdır ki, Azərbaycan dövlətinin əleyhinə ola biləcək heç bir addım atılmasın. Azərbaycan XİN Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi bir fikri unutmamalıdır: "Hәr bir ölkәnin Xarici İşlәr Nazirliyi dövlәt strukturunun vacib hissәlәrindәn biridir vә ölkәnin, dövlәtin müstәqilliyini tәzahür etdirәn bir orqandır. Hәr bir ölkәdә olduğu kimi, Azәrbaycanda da Xarici İşlәr Nazirliyinin üzәrinә çox böyük vә mәsul vәzifәlәr düşür. Xarici İşlәr Nazirliyi ölkәnin suverenliyini, müstәqilliyini, sәrbәstliyini öz fәaliyyәti ilә daim ifadә edәn vә dünyada nümayiş etdirәn bir nazirlikdir" (bax: Azәrbaycan Respublikasının Prezidenti Heydәr Әliyevin Respublika Xarici İşlәr Nazirliyinin kollektivi ilә görüşdә nitqi, 6 mart 1998-ci il / "lib.aliyev-heritage.org").
Digər tərəfdən, görünür, Qərbdə tarixin dərslərini yaxşı mənimsəyə bilmirlər. Çünki onların indi Azərbaycanda yaratmaq istədikləri "siyasi dalğalar"ın, əslində, Qərbin özü üçün təhlükə törətdiyini dərk etmirlər.
Mütəxəssislər İraq, Liviya və Suriyada baş verənlərin timsalında həmin məqamın dolğun, əhatəli və obyektiv təhlilini aparıblar. Doğrudan da həmin hadisələr Qərbin nüfuzuna ciddi zərbə vurmaqdan, müsəlmanlar arasında narazılıqların artmasından başqa heç bir nəticə vermədi.
Geosiyasi aspektdə isə digər böyük güclər Qərbə qarşı fəaliyyəti gücləndirmək üçün əlavə arqumentlər əldə etdilər. O cümlədən qondarma "rəngli inqilablar"la bağlı siyasi və sosial-iqtisadi eksperimentlər, müəllifi Qərb dövlətləri və onlara xidmət edən institutlar olan düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarıb.
Bizcə, Qərb üçün yuxarıda vurğuladığımız mənada son dərs Çində keçirilən "Böyük İyirmilər"in (G20) sammitindəki vəziyyət oldu. Qərb dövlətləri əməlli-başlı çaşqınlıq içində idilər. KİV Ərdoğanla Putinin foto çəkdirən zaman B.Obamanın necə maraqla baxdığına siyasi məna verir. Əsasları var, çünki başqalarının daxili işlərinə qarışmaqla nüfuzu sürətlə itirmək olar.
Azərbaycana gəldikdə isə insanları küçələrə çağırışların heç bir nəticəsi olmayacaq. Azərbaycanda iqtidarla xalqın birliyi ölkənin sabitliyini, təhlükəsizliyini və əldə etdiyi nailiyyətləri bundan sonra da qoruyaraq daha da möhkəmləndirmək əzmindədir.