Milli Şura Bakıda mitinq keçirib
Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
1news.az xəbər verir ki,aksiyada Milli Şura Koordinasiya Şurasının bir neçə üzvü çıxış edib.
Milli Şuranın sədri Cəmil Həsənli aksiyaya qatılmayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada 2500 nəfərə qədər iştirakçı olub.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərək deyib ki, Milli Şuranın mitinqi qeyri-qanunidir:
“Onlar Seçki Məcəlləsinin əleyhinə olaraq mitinq keçiriblər. Çünki Milli Şura referendumla bağlı təşviqat qrupu kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyib. Ona görə də bu məsələ ilə bağlı mitinq keçirməməlidir”.
O qeyd edib ki, Milli Şuranın mitinqinə təşkilatçıların yalnız qohum-əqrəbası yığışıb:
“Bu adamlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər. Başqa təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var və o buna görə o təşkilatlardan pul alırlar. Xarici təşkilatlara məlumat ötürməklə məşğuldurlar”.
1news.az