Nazir: Azərbaycan TRIPP-in tezliklə reallaşmasında maraqlıdır

“Azərbaycan TRIPP layihəsinin qısa müddətdə həyata keçirilməsində maraqlıdır”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, TRIPP Şərq-Qərb nəqliyyat bağlantılarını genişləndirərək region ölkələri üçün əlavə imkanlar yaradacaq.
“Bu layihənin əhəmiyyəti bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunacaq. Digər tərəfdən, bu dəhliz regionun bütün ölkələri, xüsusilə də Cənubi Qafqaz dövlətləri üçün əlavə imkanlar açacaq. Hesab edirik ki, TRIPP yükdaşımaların artmasına və yeni nəqliyyat marşrutlarının formalaşmasına töhfə verəcək”, – deyə Ceyhun Bayramov vurğulayıb.
XİN rəhbəri qeyd edib ki, Vaşinqton sammitində əldə olunan razılaşmadan sonra ABŞ və Ermənistan arasında layihənin icrası ilə bağlı danışıqlar və hazırlıq işləri aparılıb. Bu müddətdə Azərbaycan tərəfi də mütəmadi məlumatlandırılıb. Onun sözlərinə görə, ərazidə artıq müəyyən işlərə başlanılıb.
Ceyhun Bayramov Naxçıvanda mövcud dəmir yolu xəttinin bərpası istiqamətində işlərin aparıldığını, Türkiyədə isə 224 kilometrlik Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanıldığını bildirib.
“Bütün bu xətləri birlikdə nəzərə alsaq, Şərq-Qərb dəhlizinə əlavə olaraq Cənubi Qafqazda vahid və geniş nəqliyyat bağlantısı formalaşacaq. Bu, ehtiyacdan asılı olaraq yüklərin marşrutlarını müxtəlif istiqamətlərdə çevik şəkildə dəyişməyə imkan verəcək”, – deyə nazir əlavə edib.











