ABŞ-Avropa: azad ticarət zonasının ziddiyyətləri – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-Avropa: azad ticarət zonasının ziddiyyətləri – Newtimes.az

16:09 - 15 / 09 / 2016
ABŞ-Avropa: azad ticarət zonasının ziddiyyətləri – Newtimes.az

Çoxlarının böyük ümidlə gözlədiyi Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) müqaviləsinin imzalanması ciddi çətinliklərlə üzləşib. Vaşinqtonun 11 Asiya dövləti ilə Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanı (TPP) imzalamasından sonra TTİP-ə də ümidlər artmışdı. Lakin bu ilin iyun ayından başlayaraq Avropa siyasi liderlərinin verdikləri bəyanatlar reallığın bir qədər fərqli olduğunu göstərdi.

Sənədin mətni KİV-də dərc ediləndən sonra Avropanın bir sıra ictimai təşkilatlarından da etiraz səsləri yüksəldi. İndi belə təəssürat var ki, Barak Obamanın prezidentliyi dövründə sazişin imzalanması ehtimalı minimuma bərabərdir. Hətta onun pozulması da mümkündür. Hərçənd, siyasətdə əvvəlcədən birmənalı proqnoz vermək faydalı məşğuliyyət deyil, ekspertlər konkret faktlar əsasında tərəflər arasında fikir ayrılığının ciddi olduğunu qeyd edirlər. Bu prosesin qlobal siyasətə təsiri məsələsi də çox maraqlıdır. Avro-Atlantika məkanında geosiyasi çatlarmı meydana gəlir?

Maraqların toqquşması: Vaşinqtonla Brüsseli ayıran yollar

ABŞ-Avropa münasibətlərinin öz inkişafının ən yaxşı mərhələsində olduğunu demək çətindir. Məsələ yalnız geosiyasi rəqabətlə bağlı deyil. Bütövlükdə Qərbin iki böyük hissəsi arasında iqtisadi, hüquqi, energetik, ekoloji, ticarət və hərbi-təhlükəsizlik sferalarında xeyli sayda problemlər yığılıb qalıb. Onları həll etmək üçün irəli sürülən təşəbbüslər isə vəziyyəti daha da ağırlaşdırır. Yaranmış situasiyanın ən düşündürücü cəhəti də məhz bundan ibarətdir.

Ekspertlər bu ilin iyulunda Amerika ilə Avropa İttifaqı arasında Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (ingiliscə – TTİP) üzrə danışıqlara çox ümid edirdilər. Hərçənd, bədbin əhval-ruhiyyədə olanlar da vardı. Aparılan müzakirələrin yekunu ikincilərin haqlı olduğunu təsdiqlədi. Faktiki olaraq TTİP üzrə danışıqlar dalana dirənib. Mütəxəssislər bunun müxtəlif səbəblərini göstərirlər.

Əvvəlcə vurğulayaq ki, TTİP Qərb coğrafiyasında azad ticarət zonası yaratmaq məqsədini daşıyır. Onun reallaşması ilə bu geosiyasi məkanda yerləşən ölkələrin iqtisadi suverenliyini daha da yüksəltmək nəzərdə tutulur. Hətta digər dövlətlər sırasında TTİP-dən kənarda qalmağın onlara ciddi ziyan vura biləcəyindən narahatlıq keçirənlər də vardı. Məsələn, rəsmi Ankara bununla bağlı qayğılarını dilə gətirib. Çünki TTİP ideyaca tərəflərin bir-birinə ciddi iqtisadi güzəştlərini nəzərdə tutur.

Ancaq indi bu sazişin özünün imzalanması şübhə altındadır. Bir qədər əvvəl ABŞ-la 11 Asiya ölkəsi Trans-Sakit okean Tərəfdaşlığı (TPP) müqaviləsini imzalayanda TTİP-in də uğurlu olacağına inananlar az deyildi. Ümidlər özünü doğrultmadı və ortada xeyli sayda ziddiyyətlərin olduğu aydınlaşdı. Hər şey 2016-cı ilin mayında "Greenpeace"in Hollandiya şöbəsinin TTİP-in mətnini çap etməsi ilə intensivləşdi. Buna qədər sənədi gizli saxlayırdılar. Ondan avropalılar narahat idilər, çünki sızılan məlumatlarda müqavilədə Aİ-nin maraqlarına uyğun gəlməyən maddələrin olduğu ifadə edilirdi. Sənəd dərc olunanda əleyhdarların sayı daha da artdı. Çünki doğrudan da orada avropalı istehlakçı və istehsalçıların ziyanına ola biləcək məqamlar mövcuddur.

Əsas olaraq 500-dən çox Avropa təşkilatlarını birləşdirən və "Stop TTİP" adlanan ictimai hərəkat fəallıq göstərməkdədir. Onlar ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunmasında standartların aşağı düşəcəyindən, işsizliyin artacağından, əmək haqlarının azalacağından və sosial xidmət sferasının iri biznes tərəfindən özəlləşdiriləcəyindən ehtiyatlanırlar (bax: Stop TTİP. European Initiative against TTİP and CETA / "stop-ttip.org"). Avropalı fermerlər və milli aqrarçılar kənd təsərrüfatı məhsullarının müdafiəsinin zəifləyə biləcəyindən qorxurlar. Çünki sənəddəki şərtlərə əsasən, Avropa bazarlarına ucuz Amerika malları daha asanlıqla ayaq aça biləcək. Üstəlik, dövlət sifarişlərində ABŞ şirkətlərinin imkanları da genişləndiriləcək.

Bunların fonunda Aİ ölkələrində ərzaq məhsullarının sanitariya müdafiəsi də aşağı düşə bilər. Xüsusilə Amerikadan süni yetişdirilmiş məhsulların ixracı avropalı fermerləri və istehlakçıları çətin vəziyyətə sala bilər. Aİ-nin daxili bazarlarında həmin tip məhsulların satışı qadağandır. Vaşinqton onların keyfiyyətinin Avropada yoxlanmasına da razılıq vermir. Amerika qanunlarına görə, ərzağın keyfiyyəti istehsal edən ölkə tərəfindən yoxlanıbsa, bu işi idxal edən dövlətdə təkrar etməyə ehtiyac yoxdur (bax: Почему США и ЕС не могут договориться о Трансатлантическом партнерстве / "carnegie.ru", 26 avqust 2016).

Tərəflər arasında fikir ayrılığı yalnız kənd təsərrüfatı məhsullarının keyfiyyətinin standartlara uyğun olub-olmaması ilə bağlı deyil. Onların nəqli qaydasında da mövqelər fərqlidir. Məsələn, avropalılar məhsulun ixracat subsidiyasının 180 gün ərzində ödənməsi məsələsinin sənədə salınmasını tələb edirlər. Amerikanlar isə buna ciddi etiraz edirlər. Onlar dövlətin şirkətlərin bu sahədəki işlərinə qarışmamasını daha doğru sayırlar (bax: əvvəlki mənbəyə).

Başqa bir toqquşma mövzusu xidmət sahəsinin liberallaşdırılması ilə bağlıdır. Aİ ölkələri 250 adda məhsula dövlət nəzarətini həyata keçirir. Onlara Amerika şirkətlərinin müdaxilə etməsini arzulamır. Həmin sırada təhsil, maliyyə və nəqliyyat kimi mühüm sahələr də vardır. ABŞ isə bunu qəbul etmək istəmir. Yalnız maliyyəni saxlamaqla başqa sferalara xarici şirkətlərin müdaxilə etmə hüququnu almaq istəyir.

İddiadan imtina: ABŞ və Avropanın bir qüsuru

Maraqlıdır ki, Amerika özü avropalıların telekommunikasiya sahəsinə aktiv müdaxiləsinə razı olmur. Hazırda xaricilər bu sferada yalnız 20 faizə müdaxilə edə bilərlər. Aİ isə bu rəqəmi 51 faizə yüksəltməyi tələb edir. Avropalıların məqsədi aydındır – onlar İkinci dünya müharibəsindən sonra Vaşinqtonun informasiya məkanına nəzarəti tam ələ almasına son qoymağa çalışırlar. Amerika isə bunu yaxşı dərk edir və razı olmur. Çünki XXI əsr informasiya əsridir. Bu sahəyə nəzarət edə bilməyən lider ola bilməz.

TTİP qarşısında dayanan ciddi əngəllərdən biri də tərəflərin enerji sahəsində əməkdaşlıqda ortaq standartlara nail ola bilməməsidir. Belə ki, Avropa İttifaqı Rusiyadan olan qaz asılılığından xilas olmaq üçün Amerikadan qaz təchizatına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərtini qoyur. O cümlədən sıxılmış qaz və yeni üsulla istehsal olunan qaz ixracatında sərbəstlik istəyir. Özünün təchizatı ilə bağlı gələcəkdə problemlərin meydana gələ biləcəyindən ehtiyatlanan ABŞ isə bunu etmir (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, bir sıra hüquqi prosedurlarla da əlaqəli fikir ayrılıqları qalmaqdadır. Bu məsələlərə ABŞ öz üstünlüyünü təmin etmək aspektində yanaşır. Avropalılar isə əksinə, daha çox suverenlik arzulayırlar. Həmin sırada ekspertlər "Brexit"in TTİP prosesinə ciddi zərbə vurduğunu qeyd edirlər (bax: əvvəlki mənbəyə). Çünki Böyük Britaniyanın Aİ ilə münasibətlərini aydınlaşdırması üçün bir neçə il lazım gələcək. Həmin proses sona çatmayınca, TTİP-i imzalamaq mümkün olmayacaq. Hesab edilir ki, "Brexit" Londonla Vaşinqtona ticarət sahəsində üstünlüyü ələ almağa imkan yaradır. Məsələnin bu tərəfi hələlik qaranlıqdır.

Bütün bunlara Qərb siyasi dairələrinin reaksiyası çox maraqlıdır. Fransa prezidenti Fransua Olland bəyan edib ki, onun ölkəsi "heç vaxt kənd təsərrüfatı, mədəniyyət və bazara müdaxiləyə aid prinsiplərini şübhə altına ala bilməz" (bax: əvvəlki mənbəyə). Almaniya və İtaliya rəhbərliyi də eyni mövqedədirlər. Böyük Britaniyanın yeni Nazirlər Kabinetinin bir çox üzvləri də TTİP-ə qarşı çıxırlar. ABŞ-da prezidentliyə namizədlər Hillari Klinton və Donald Trampın bu məsələyə münasibəti müsbət deyil. TTİP-i daha çox D.Tramp qəbul etmir. O, hətta Detroytdakı çıxışında TTİP-i "faciə" adlandırıb (bax: Jacob Pramuk. Clinton and Trump can agree on at least one thing / "CNBC", 11 avqust 2016).

Bu ilin iyun ayında Fransanın baş naziri bəyan etmişdi ki, Avropanın maraqları nəzərə alınmasa, TTİP imzalana bilməz. İyulda İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda "danışıqlar uzandı və birmənalı olaraq dalana dirəndi", – deyə bildirib. Nəhayət, Almaniyanın vitse-kansleri, solçu Ziqmar Qabriel avqustun 28-də alman telekanallarından birinə verdiyi müsahibədə ABŞ-la Avropa arasında danışıqların faktiki olaraq iflasa uğradığını bəyanlayıb (bax: Мария Безчастная. Европа показывает зубы / "Свободная пресса", 30 avqust 2016).

Mütəxəssislər əmindirlər ki, bütün bunlar qlobal siyasətə ciddi təsir göstərə bilər. Belə ki, əgər Vaşinqton Brüsselə TTİP-lə bağlı təzyiqlərini davam etdirsə, Avro-Atlantika məkanında ciddi geosiyasi çatlar meydana gələ bilər. Ekspertlərə görə, bunun fonunda Aİ-Rusiya yaxınlaşması mümkündür (bax: əvvəlki mənbəyə). Eyni zamanda, ABŞ-ın yeni rəhbərliyinin daha ehtiyatlı tərpənməsi variantını da istisna etmək olmaz.

Hillari Klinton, yaxud Donald Trampın seçki ərəfəsi alovlu danışmalarına baxmayaraq, prezident seçilsələr, daha tarazlı mövqe tutacaqlar. Bunu təcrübə sübut edir. Həmin səbəbdən TTİP-in geosiyasi mühitə təsiri məsələsini gözləmək lazım gəlir. Hələlik dəqiq proqnoz vermək tələsiklik olardı. Ancaq Amerika ilə Avropa arasında ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi şübhəsizdir. Bunu inkar etmək reallıqdan qaçmaq demək olardı.

Newtimes.az

Paylaş:
746

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər