“The Korea Times”: Metsamor AES bütövlükdə region üçün təhlükədir
Nüfuzlu “The Korea Times” qəzetində “Ermənistanda nüvə təsisatı” adlı məqalə dərc olunub.
Müəllif Çoe Çonq-de Ermənistanın sabiq Baş naziri Qrant Baqratyanın Ermənistanda nüvə silahının olmasına dair bəyanatının təəssüfverici olduğunu bildirərək qeyd edir ki, qonşu Azərbaycan ilə münaqişə vəziyyətini nəzərə alsaq, bu bəyanat narahatlıq doğurur. Cənubi koreyalı jurnalist bəyanatın doğru olacağı təqdirdə müharibənin təkrar başlaya biləcəyini, bu bəyanatın ciddi qəbul edilməli olduğunu vurğulayıb.
“The Korea Times” Ermənistan vətəndaşlarının nüvə və radioaktiv nüvə tullantıları materiallarının qaçaqmalçılığı ilə məşğul olmasına dair məlumatları yada salaraq, cari ilin aprelində əvvəllər Metsamor Atom Elektrik Stansiyasında (AES) işləmiş üç Ermənistan vətəndaşının nüvə materiallarını qanunsuz yolla Gürcüstana keçirmək və dəyəri 200 milyon ABŞ dolları olan silah uranı-238-i təqribən 200 milyon dollara qanunsuz satmaq istərkən həbs edildiyini, tutulanlardan birinin Ermənistan xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı olduğunun üzə çıxdığını qeyd edir.
Məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı fonunda Metsamor AES-in bütünlükdə region üçün təhlükə olduğu, eyni zamanda, Koreya Respublikasının regiondakı investisiya layihələri üçün də ciddi narahatlıq yaratdığı bildirilir.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı beynəlxalq ictimaiyyətin diqqətini Metsamor AES-in yaratdığı təhlükəyə yönəltdiyini və xalqları bu nüvə təsisatının yaradacağı şüalanmanın qarşısını almaq üçün tədbirlər görməyə çağırdığını qeyd edir.
Ç.Çonq-de Beynəlxalq Atom Enerjisi Agentliyini və dünya ictimaiyyətini Ermənistan tərəfindən radioaktiv maddələrin qaçaqmalçılığına qiymət verməyə və ciddi şəkildə nəzarətə götürməyə çağırıb.
AZƏRTAC