BMT-də qaçqın və miqrantlarla bağlı sammit keçiriləcək
Sentyabrın 19-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qaçqın və miqrantlara dair sammit keçiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbir iştirakçıları “Nyu-York Bəyannaməsi”ni təsdiqləmək niyyətindədir. BMT baş katibi vurğulayıb ki, sənəddə müharibə, zorakılıq, təbii fəlakətlərin nəticələri və aclıqdan qaçmağa məcbur olan şəxslərin müdafiəsinə praqmatik və səmərəli yanaşma ifadə edilib.
Son 70 ildə dünyada beynəlxalq sərhədlərdən ən genişmiqyaslı keçid müşahidə olunur. Uzanan münaqişələr, insan haqlarının pozulması, iqtisadi təlatümlər, iqlim dəyişikliyi və təbii fəlakətlər daha çox insanı evlərini tərk etməyə məcbur edir. Sığınacaq axtaran şəxslər inanılmaz əzablara düçar olurlar.
Son 15 ildə beynəlxalq miqrantların sayı 40 faiz artaraq 244 milyon nəfəri ötüb. Zorakılıq və ya təqiblərdən qaçan təxminən 65 milyon insan (onların yarısı uşaqlardır) indi qaçqın və ya məcburi köçkündür.
BMT baş katibinin xüsusi müşaviri Karen Abuzeyd jurnalistlər üçün brifinqdə bildirib ki, bəyannamə layihəsində BMT üzvü olan dövlətlər statusundan asılı olmayaraq bütün qaçqın və miqrantların hüquqlarının müdafiəsini təmin etmək öhdəliyi götürür. Üzv dövlətlər qaçqın və miqrantların mənşə ölkələrində şəraitin yaxşılaşdırılması üçün səylər göstərmək niyyətindədir. Məqsəd insanların öz ölkələrini tərk etmək məcburiyyətində qalmasının qarşısını almaqdır. Yeni sənəd sərhəddə və qəbuledici dövlətlərdə qaçqın və miqrantların qəbulu vəziyyətini yaxşılaşdırmağa imkan verəcək.
Karen Abuzeyd qeyd edib ki, sammitdə BMT-nin üzvü olan 193 dövlətin təmsilçisi iştirak edəcək. Nümayəndə heyətlərinin çoxu dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaq. Sammit sentyabrın 20-26-da keçiriləcək BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələri ərəfəsində baş tutacaq.
Qeyd edək ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda həyata keçirdiyi etnik təmizləmə nəticəsində 1 milyondan çox həmvətənimiz öz daimi yaşayış yerindən məhrum edilib və məcburi köçkün vəziyyətinə düşüb.
1news.az