İlham Əliyevin Ermənistan prezidentinə tutarlı cavabı Silahlı Qüvvələrin şəxsi heyətində ruh yüksəkliyi yaradıb – FOTO
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinə sərt və tutarlı cavabı ilə əlaqədar “dəyirmi masa” keçirilib.
1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək birlik, birləşmə, hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən siyasi məlumatlandırma saatlarında, ictimai-siyasi hazırlıq dərslərində şəxsi heyətin Ali Baş Komandanımızın bu cavabını Ermənistan hərbi-siyasi xuntasına vurulan növbəti zərbə kimi dəyərləndirdiyini vurğulayıb.
“Dəyirmi masa” iştirakçıları bildiriblər ki, Bişkekdə keçirilən iclasda Ermənistan prezidenti Serj Sarkisyanın bu ilin aprelində guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu iddia edən qərəzli və təxribat xarakterli çıxışına Azərbaycan Prezidentinin tutarlı və sərt cavabı bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
Qeyd olunub ki, erməni tərəfinin bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirməsinə baxmayaraq, Qarabağ məsələsində beynəlxalq qanunlar Azərbaycanın xeyrinə işləyir, regionda hərbi qüvvələr balansı ölkəmizin tərəfindədir və Silahlı Qüvvələrin şəxsi heyəti Ali Baş Komandanımızın əmrlərinə bundan sonra da hər an hazırdır.
Müzakirələrdə Müdafiə Nazirliyinin əməkdaşları, qoşun növləri və qisimlərinin, Bakı Qarnizonu hərbi hissələri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
1news.az