Con Kerrinin Dağlıq Qarabağla bağlı “Vəsiyyətnaməsi” – Newtimes.az
Bir neçə gün əvvəl dünyanın ən güclü dövləti, Yer kürəsində baş verən bütün məsələlərdə bu və ya digər şəkildə tərəf olan, baş verən bütün proseslərə qarışan ABŞ-ın dövlət katibi Con Kerri Aspen İnstitutu və "Atlantic'' nəşrinin təşkil etdiyi ''2016-cı il Vaşinqton İdeyalar Forumu''nda çıxış edərək beynəlxalq münasibətlər sistemində baş verən proseslər haqda fikirlər səsləndirib. İran, Suriya, Əfqanıstan, Ukrayna, Cənubi Çin dənizi və digər ''qaynar nöqtələr''ə dair ABŞ-ın münasibətini auditoriyaya çatdıran Kerri "dondurulmuş münaqişə''lərə də toxunub və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı mövqe bildirib.
Beynəlxalq aləmdəki ziddiyyətlərin və problemlərin həlli yollarına özünün yanaşmasından və üslubundan bəhs edən Con Kerri Dağlıq Qarabağ münaqişəsi haqda bunları deyib: ''Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş münaqişələr var ki, onların həll yolu görünmür, çünki liderlər buna hazır deyillər''.
Kerrinin məsələyə bu cür yanaşması çox təəccüblüdür və eyni zamanda bir sıra suallar doğurur. Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, əslində, olduqca sadədir. Azərbaycan torpaqları artıq 25 ildir ki, Ermənistan tərəfindən işğal olunub. Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Böyük dövlətlər münaqişənin beynəlxalq hüquqa uyğun həllini dəstəklədiklərini bəyan edirlər. Beynəlxalq hüquq isə birmənalı şəkildə Azərbaycanın tərəfindədir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair BMT TŞ-nın 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. O qətnamələrin əksəriyyətinə ABŞ özü də səs verib. Lakin bu qətnamələr hələ də icra olunmamış qalmaqdadır.
Münaqişənin həlli üzrə vasitəçilik məsuliyyətini öz üzərinə götürmüş Minsk Qrupunun həmsədrləri hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Rəsmi Bakı hətta ən ağır məqamlarda belə öz konstruktivliyini nümayiş etdirib və sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.
Bir anlığına fərz edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir (əslində isə tarixi Azərbaycan torpaqlarıdır). Bəs işğal olunan 7 rayon? Həmin ərazilərə Ermənistanın heç bir iddiası ki yoxdur! 25 ildir ki, Azərbaycan erməni qoşunlarının işğal olunmuş ətraf rayonlardan çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına nail olmağa çalışır. Heç olmasa bu rayonların azad olunması üçün Azərbaycan 25 ildə nəyə hazır olmalı idi? Bu 7 rayonun qeyd-şərtsiz Azərbaycana geri qaytarılması üçün vasitəçilər nə ediblər? Bəzən hətta Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı sadə bir bəyanatı səsləndirməkdə belə çətinlik çəkirlər. Həmsədrlərin düşünüb tapdığı ən asan yol isə "özünüz razılığa gəlin, biz sizi dəstəkləyək'' olub.
Burada bir məqam da diqqəti cəlb edir. Kerrinin ''liderlər hazır deyil'' ifadəsi Ermənistanın tez-tez istifadə etdiyi "Azərbaycan kompromislərə hazır deyil, güzəştə getmək istəmir'' leksikonuna çox bənzəyir. Ermənistanın nəzər-nöqtəsinə görə hazırlıq dərəcəsi Azərbaycanın Dağlıq Qarabağı bütünlüklə ona verməsi ilə ölçülür. Bəlkə Kerri də məhz elə bunu nəzərdə tutur? Kerrinin vurğuladığı ''münaqişənin həll yollarının görünməməsi” fikri və DQ münaqişəsini "dondurulmuş münaqişə” adlandırması da elə ermənilərin maraqlarına uyğundur. Əslində, bu cür yanaşmalardan cürətlənən Ermənistan münaqişənin həllini mümkün olduğu qədər uzatmağa çalışır.
Maraqlıdır, görəsən Kerrinin belə bir fikir bildirməsində məqsəd nədir? Bu əvvəlcədən düşünülmüş bir mesaj, yoxsa təsadüfən edilmiş ''səhvdir''? Kerri belə bir siyasi səhv buraxacaq qədər təcrübəsizdirmi?
Məlumdur ki, Obama administrasiyası artıq yavaş-yavaş hakimiyyəti təhvil verməyə hazırlaşır və müxtəlif tədbirlər, çıxışlar və bəyanatlar vasitəsilə bir növ öz fəaliyyəti haqda ictimaiyyətə hesabat təqdim edir və müxtəlif məsələlər üzrə rəy formalaşdırmağa çalışır. Görəsən indi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən bu fikir ABŞ-ın münaqişəni həll etmək iqtidarında olmamasının etirafıdırmı? Dövlət katibi münaqişənin həllinə ciddi cəhdlə çalışdıqlarını, lakin hər hansı bir nəticənin əldə olunmadığını demək istəyir? (Əfsus ki, 20 ildən artıq bir müddətdə mövcud beynəlxalq hüquqa əsaslanan heç bir konkret təklif və ya mövqe ortaya qoyulmayıb) Bu, bütün məsuliyyəti tərəflərdən birinin üzərinə atmaqla öz işini bitmiş hesab etmək deyilmi?
Öz çıxışında Con Kerri xarici siyasətdəki hər bir məsələyə ABŞ-ın maraqları və dəyərləri prizmasından yanaşmanın vacibliyini önə sürür. Sual olunur: bütün çətinliklərə baxmayaraq, böyük inkişaf yolu keçmiş, enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, NATO və digər sahələrdə Qərbin etibarlı tərəfdaşına çevrilmiş, digər ölkələrə Roma Papası tərəfindən tolerantlıq nümunəsi kimi göstərilən Azərbaycanın ərazi bütövlüyünün bərpası ABŞ-ın hansı maraqlarına xidmət etmir? Öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün elementar hüquqlarının bərpası özünü ''demokratiya carçısı'' elan edən ABŞ-ın hansı dəyərlərinə uyğun gəlmir?
Yəqin ki, xarici siyasətdə maraqlar və dəyərlər çərçivəsini irəli sürən Kerri ''şəxsi mənafe''lərin ABŞ xarici siyasətinə təsiri faktorundan bilərəkdən danışmır. Halbuki, ABŞ-da lobbiçiliyin rolu və miqyası hər kəsə məlumdur. Onu da yaddan çıxarmayaq ki, Kerri uzun müddətdir erməni lobbisi ilə yaxın əlaqələrə malik olan bir siyasətçidir. Bu fakt onun bütün fəaliyyəti boyu özünü açıq şəkildə büruzə verib. Təkcə onu xatırlamaq kifayətdir ki, Kerri hələ 1990-cı ildə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbilə SSRİ-nin rəhbəri Qorbaçova məktub yazmış amerikalı senatorlardan biridir.
Görünür, Kerrinin həmin mövqeyi dəyişməz olaraq qalır. İndi belə bir fikir səsləndirməklə dövlət katibi vəzifəsində öz ''şəxsi mənafeləri''nə bağlı son missiyasını yerinə yetirir. Onun bu bəyanatı Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə yanlış mövqe formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Onsuz da Kerrinin dövlət katibi olduğu illərdə Dövlət Departamentinin, ondan təlimat alan müxtəlif QHT-lərin və Departamentin keçmiş əməkdaşlarının Azərbaycan haqda dünyada yanlış rəy formalaşdırmaq səyləri heç vaxt səngiməmişdir. Bu dəfə isə Azərbaycanın öz torpaqlarını güzəştə getməsini münaqişənin həlli üçün zərurət kimi qələmə verən Kerri növbəti ədalətsizliyə yol verir.
Bütün bunlar isə sadəcə təəssüf doğurur. Bu cür mövqe ilə dünyada sabitliyə, inkişafa nail olmaq mümkün deyil. Məhz belə qeyri-obyektiv, ədalətsiz yanaşmaların nəticəsidir ki, hazırda dünyada qaynar nöqtələrin sayı durmadan artır, bir sıra regionlarda əsl xaos hökm sürür. Qərb öz səhvləri nəticəsində dağıldılmış İraq, Suriya, Əfqanıstan kimi ölkələrdən qaçanlara qarşı qeyri-insani rəftarı ilə seçildiyi halda Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərini təkbaşına həll edir.
Öz xarici siyasətini sülh, inkişaf, əməkdaşlıq kimi prinsiplərə, multikultural dəyərlərə əsaslandıran Azərbaycan Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərə ev sahibliyi edir. Dünya katoliklərinin lideri olan Roma Papası 2 dəfə Azərbaycana səfər edir. Bütün bunlar kiçik bir müsəlman dövlətinin öz liderlərinin düşünülmüş siyasəti nəticəsində əldə etdiyi uğurların az bir hissəsidir. Belə ölkəyə qarşı bu münasibət nə dərəcədə ədalətlidir?
Bir məsələni də xüsusi qeyd etməyi vacib hesab edirik. Təəssüf ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Kerrinin bu bəyanatına cavabı həm mahiyyət, həm və səviyyə nöqteyi-nəzərindən adekvat olmadı. ABŞ-ın dövlət katibinin Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bir məsələdəki mövqeyinə XİN-in mətbuat katibinin dili ilə cavab vermək nə dərəcədə uyğundur? Axı həqiqəti demək bu qədər çətindir?
Newtimes.az