Adalar uğrunda savaş: Uzaq Şərqdə alovlanan münaqişələr – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Adalar uğrunda savaş: Uzaq Şərqdə alovlanan münaqişələr – Newtimes.az

16:04 - 12 / 10 / 2016
Adalar uğrunda savaş: Uzaq Şərqdə alovlanan münaqişələr – Newtimes.az

İnsanlar artıq dünyanın müxtəlif regionlarında baş qaldıran intriqalara, terrora, silahlı toqquşmalara və on minlərlə günahsız insanların həlak olmasına alışıb. Bəlkə də bu səbəbdəndir ki, illərdir təhlükəli həddə çatmış Asiya-Sakit okean hövzəsindəki münaqişələrə elə də əhəmiyyət vermirlər. Həyəcan təbili çalan yalnız siyasi liderlər, diplomatlar və jurnalistlərdir.

Həmin proseslərə dərindən nəzər salanda görünür ki, regionda bütövlükdə dünya üçün ciddi problemlər yarada biləcək hadisələr cərəyan edir. Bura bir neçə ölkə daxildir. Yaponiya, Çin, Vyetnam, Filippin, Malayziya, Bruney, Tayvan və başqa region ölkələri artıq bu alovun içindədirlər. Onların mübarizəsi iqtisadi və energetik cəhətdən strateji sayılan ərazilərdə dominantlıq uğrunda gedir. Bunun üçün kifayət qədər təhlükəli addımlar atılır. ABŞ və Rusiya kimi böyük dövlətlərin də həmin proseslərə müəyyən dərəcədə təsir etməsi problemin qlobal təhlükəsizliklə birbaşa bağlılığını göstərir.

"5 trilyonluq rəqabət": Cənubi Çin dənizində hərarət yüksəlir

Asiya-Sakit okean regionunda geosiyasi dinamikanın intensivləşdiyi etiraf edilir. Burada ABŞ, Çin, Yaponiya, Filippin, Şimali və Cənubi Koreya, Vyetnam və digər ölkələr arasında hiss ediləcək dərəcədə təsirli siyasi, hərbi, iqtisadi, diplomatik hadisələr baş verməkdədir. Ekspertlərin ümumi xarakteristikasına görə, həmin regionda gərginlik getdikcə artır. Əsas rəqiblər kimi isə ABŞ-la Çin göstərilir.

Doğrudan da, Asiya-Sakit okean hövzəsində ümumi geosiyasi mənzərədə müşahidə edilən dəyişikliklərə Vaşinqton-Pekin münasibətləri kontekstində yanaşmaq reallığa daha uyğun olardı. Hər iki böyük dövlət burada hegemonluq etməkdə israrlıdır. ABŞ hərbi-dəniz donanmasının əsas gücünü məhz bu regiona göndərib. Ekspertlərə görə, bunun başlıca səbəbi dünya dəniz ticarətinin böyük qisminin həmin bölgə vasitəsilə həyata keçməsindədir. Hesablamalara görə, ildə 5 trilyon ABŞ dolları həcmində ticarət Cənubi Çin dənizi vasitəsilə reallaşır ki, bu da dünya ticarətinin ¼-ni təşkil edir.

Aydındır ki, bu ticarət yoluna nəzarət edən ölkə və ya dövlətlər qrupu qlobal geosiyasi proseslərə də ciddi təsir etmək imkanı qazanmış olur. Mütəxəssislərin fikrinə görə, məhz bu səbəbdən İkinci dünya müharibəsindən sonra həmin bölgə uğrunda mübarizə səngimək bilmir. Son illər Filippinlə Çin arasında Sişa (Çin dilində) (beynəlxalq terminologiyada – Paraselsk) və Nanşa (beynəlxalq terminologiyada Spratli adlandırırlar) arxipelaqları uğrunda gərgin mübahisə gedir. Onun əsası keçən əsrin ortalarında qoyulub. Lakin XXI əsrin əvvəllərindən xüsusi olaraq kəskinləşib.

Bu ilin iyul ayında Haaqa Arbitraj Məhkəməsi Nanşa arxipelaqında Filippinə bəraət qazandıran qərar çıxarıb. Konkret olaraq Skarboro adasına Çinin iddiası təmin edilməyib. Təbii ki, Çin tərəfi bunu haqsızlıq hesab edir (bax: В споре по вопросам в Южно-Китайском море Китай требует справедливости / "avesta.tj", 22 iyul 2016). Buna baxmayaraq, Filippin rəhbərliyi Vaşinqtondan bu məsələdə Çinə qarşı loyal mövqe tutmamağı tələb etməkdədir. Həmin ölkənin prezidenti B.Obama haqqında "Böyük iyirmilər"in Çindəki sammitində sərt ifadələr işlətmiş, sonra isə Laosda onunla ayaqüstü söhbət etmişdi. Manilanın bu cür davranması onu göstərir ki, Cənubi Çin dənizindəki adalar ilə bağlı Filippinlə Çin arasında gərginlik azalmır. Qarşılıqlı ittihamlar davam edir.

Ekspertlər onu da vurğulayırlar ki, regionun güclü dövlətləri Malakka buxtası ilə bağlı da ciddi rəqabət aparmaqdadırlar. Onlarla yanaşı, ABŞ da burada nəzarəti ələ keçirməyə çalışır. Tarix elmləri doktoru D.Mosyakovun fikrinə görə, "...münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmək istəkləri yoxdur və bu şəraitdə münasibətlər daha da sərtləşir" (bax: Дмитрий Мосяков. На грани фола: политика Китая в Южно-Китайском море / "Индекс безопасности", 2013, №4 (107)).

Bunların fonunda Amerika ilə Çin regionda hərbi qüvvələrini artırırlar. İyulun 5-11-i arası Pekin Cənubi Çin dənizində böyük hərbi təlim keçirib. İyulun 12-də Haaqa Məhkəməsinin yuxarıda xatırlatdığımız qərarından sonra isə Pekin regionda daha da fəallaşıb və hərbi təlimləri davam etdirir (bax: Китай проводит военные учения в Южно-Китайском море / "Голос Америки", 18 iyul 2016). Çin hərbçiləri bunu "dəniz sahilini qorumaq taktikasından açıq dənizdə müdafiə strategiyasına keçid" adlandırırlar.

"Neftli" adalar: "sahiblər" arasında müharibə

Onu demək lazımdır ki, bütün problemlər Paraselsk adalarında neft yataqlarının kəşfindən sonra kəskinləşib. 1974-cü ildə Çin buranı Vyetnamdan alaraq zəbt edib, 1992-ci ildə isə bütün Cənubi Çin akvatoriyasında hakim olduğunu bəyan edib. Bir müddət ara səngisə də, son illər enerji qaynaqları uğrunda savaşın gərginliyi həmin məsələni yenidən alovlandırıb. Xatırlatmağa dəyər ki, Spratli adaları 1951-ci ilə qədər Yaponiyanın ixtiyarında olub. San-Fransisko sülh sazişinə görə, Tokio həmin adalardan imtina edib.

Hazırda Cənubi Çin dənizində Pekin 70, Vyetnam 21, Malayziya 3, Filippin 8, Tayvan isə bir adaya nəzarət edir. Regionda ən çox hərbi qüvvə saxlayan Çin və Vyetnamdır. Çinin əsas məqsədi regionun iqtisadi arteriyalarına nəzarəti əlində saxlamaqdır. Bu, onun üçün həyat əhəmiyyətlidir, çünki ixracatın böyük hissəsi həmin marşrutla həyata keçirilir.

Açıq görünür ki, Asiya-Sakit okean regionunda geosiyasi-hərbi gərginlik yeni səviyyəyə yüksəlməkdədir. Burada əsas mübahisə obyektləri illərdir həllini tapmayan mübahisəli adaların kimə məxsus olmasıdır. Bu aspektdə daha çox fəallıq nümayiş etdirən Pekin və Maniladır. Lakin ticarət faktoruna görə bu prosesə regionun bütün dövlətləri qarışırlar. Hazırda Malakka buxtası, Spratli arxipelaqı və Kuril adalarına qədər geniş bir məkanda rəqabət davam edir. Burada Yaponiya həm Çin, həm də Rusiya ilə mübahisələrə girişib.

Pekinlə Tokionun həmin region uğrunda mübarizəsinin kökləri qədimlərə gedib çıxır. Tərəflər tarixən gərgin mübarizədə buradan bir-birini sıxışdırmağa çalışıblar. İndi də Senkaku adaları ilə bağlı Tokio-Pekin xəttində səngiməsi gözlənilməyən gərginlik müşahidə olunur (bax: Лариса Владимирова. Острова Сенкаку – острова раздора между КНР и Японией / "nbenegroup.com"). Maraqlıdır ki, regionun iki ən güclü dövləti mövqelərindən çəkinmək fikrində deyillər və hətta hərbi güc tətbiqinə qədər də riskə gedirlər. Vyetnam və Filippinin də eyni iradə nümayiş etdirməsini nəzərə alsaq, həmin bölgədə geosiyasi-hərbi həssaslığı təsəvvür etmək mümkün olar.

Məhz bu kimi proseslərin fonunda Rusiya ilə Yaponiya arasında Kuril adaları ilə əlaqəli proseslərin intensivləşməsi qətiyyən təsadüfi görünmür. Əksinə, belə təəssürat yaranır  ki, Moskva və Tokio formaslaşmaqda olan gərginlik zəncirindən kənarda qalmağa çalışırlar. Sentyabrın əvvəllərində hər iki ölkənin KİV-ində Kuril məsələsində tərəflərin qarşılıqlı güzəştə gedə biləcəkləri haqqında məlumatların yayılması bu kontekstdə simptomatikdir (bax: məs., Александр Братерский, Мария Баранова. Люди – наши, Курилы – ваши / "gazeta.ru", 1 sentyabr 2016).

Hətta yayılan bəzi informasiyalara görə, Yaponiya bu məsələdə yeni strategiya hazırlayır. "The Japan Times" qəzetinin yazdığına görə, arada fikir ayrılığının olmasına baxmayaraq, onun qayəsində, iki ölkənin iqtisadi əməkdaşlığını yeni səviyyəyə yüksəltmək dayanır. V.Putin də ölkəsinin əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. Lakin o, torpaq məsələsində Kremlin alver etmədiyini də xüsusi qeyd edib.

Sonrakı gedişat göstərdi ki, qarşılıqlı güzəştlə bağlı informasiyalar daha çox jurnalist təxəyyülünün məhsuludur. Moskva ilə Tokio mövqelərindən çəkilmək fikrində deyillər (bax: В Японии опровергли сообщения о предложении Москве по Курилам / gazeta.ru, 1 sentyabr 2016). Bu da onu göstərir ki, Asiya-Sakit okean zonasındakı mübahisəli problemlər sırasında Rusiya-Yaponiya münasibətləri də qalmaqda davam edir.

Yuxarıdakı təhlil geosiyasi aspektdə maraqlı bir müqayisə üzərində düşünməyə sövq edir. Yaxın Şərqdən tutmuş uzaq Cənubi Çin adalarına qədər geniş bir ərazidə münaqişələrin xarakteri demək olar ki, eynidir. Daha maraqlısı isə odur ki, onları meydana gətirmə mexanizmi heyrətedici dərəcədə sadə və oxşardır. Hər yerdə dövlətlər ərazi və enerji mənbəyi uğrunda qeyri-sağlam rəqabətə girirlər. Bu, zəifləyib, taqətdən düşmüş ərəb ölkələrinə də, Rusiya, Çin, Yaponiya kimi güclü ölkələrə də aiddir. Səbəb nədir? Və maraqlıdır ki, həmişə ABŞ və Avropa bu cür intriqalardan kənarda qalırlar?!

Newtimes.az

Paylaş:
685

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər