UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir

UFC-nin Şöhrət Zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq iyunun 21-də Bakı Kristal Zalında keçirilən UFC urnirinin rəsmi şərhçisi olub.
Bakı Şəhər Halqasından 1news.az-a verilən məlumata görə, o, Bakıya səfəri çərçivəsində “YouTube” kanalında vloq da çəkib və şəhər barədə təəssüratlarını bölüşüb. UFC əfsanəsi xüsusilə Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb.
Bispinq səhər qaçışı zamanı vloq çəkərək, izləyicilərinə paytaxtın mərkəzini, o cümlədən İçərişəhəri nümayiş etdirib.
“Ola bilsin ki, bir gün Bakıya səyahət etmək şansınız olacaq – mütləq tövsiyə edirəm. Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var. Burada “Formula 1” Qran-prisi keçirilir, artıq UFC də baş tutub. Azərbaycanda idmana böyük sevgi var”, – deyə Bispinq bildirib.
Qeyd edək ki, turnirdə 12 döyüş baş tutub. Əsas döyüşlər yüngül çəkidə Azərbaycan idmançısı Rafael Fiziyevlə çilili İqnasio Bahamondes və yarımağır çəkidə ABŞ təmsilçiləri Camal Hill ilə Xalil Rauntri arasında olub.
Bu döyüşlərdən R.Fiziyev və X.Rauntri qalib ayrılıblar.
Azərbaycanın digər təmsilçisi Nazim Sadıxov braziliyalı Nikolas Mottanı nokautla məğlub edib. Yüngül çəkidə mübarizə aparan digər idmançımız Tofiq Musayev isə qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olub.
Yarışda, həmçinin Muhammad Usman (Nigeriya), Taqir Ulanbekov (Rusiya), Klaudiya Siqula (Polşa), Darya Jeleznyakova (Rusiya), Pak Çun Yon, Sok Hyön Ko (hər ikisi Cənubi Koreya), Məhəmməd Naimov (Tacikistan) və Körtis Bleyds (ABŞ) qələbə qazanıblar.