Avropa Parlamentinin növbəti qərəzi: Jaromir Ştetina və Frank Engel Qarabağda nə axtarırlar?
Məlum olduğu kimi, fevralın 20-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma “referendum” keçirildi.
Heç bir siyasi əhəmiyyət kəsb etməyən və heç bir dövlət, qurum tərəfindən tanınmayan bu “referendum”da olduqca az sayda beynəlxalq müşahidəçi iştirak etdi ki, bu da qondarma rejimin növbəti oyununun iflasa uğramasından xəbər verir.
Diqqət çəkən əsas məqamlardan biri isə prosesi izləyənlər arasında MDB məkanından demək olar, heç bir nümayəndənin olmaması oldu. Bu, o deməkdir ki, Azərbaycanın Lapşin məsələsində prinsipiallıq edib, inadkarlıq göstərməsi öz nəticəsini verib: Artıq çoxları Lapşinin taleyini yaşaya biləcəklərindən ehtiyat edərək Qarabağa getməkdən ehtiyat edir.
Qarabağa gedənlər isə birbaşa erməni şəbəkəsilə işləyən adamlardılar ki, onlardan ikisinin haqqında xüsusi danışmağa ehtiyac var. Bunlar Avropa Parlamentinin deputatları - Çexiyadan olan Jaromir Ştetina və Lüksemburqdan olan Frank Engeldir. Belə ki, onlar Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri izləmək üçün Azərbaycan hökumətinin icazəsi olmadan Xankəndinə səfər ediblər.
Nəzərinizə çatdıraq ki, J.Ştetinanı biz 2014-cü ildə Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda ermənilərlə birlikdə Azərbaycana qarşı təşkil edilən təxribatdan tanıyırıq. O ”People İn Need”in rəhbərlərindən biridir.
Forumda Azərbaycan əleyhinə anti-təbliğat stendini erməni Boris Novosardiyanın sifarişi ilə “People in Need” təşkilatı həyata keçirmişdi. Bu təşkilat 1988-ci ildən Ermənistana yardım edib, Dağlıq Qarabağdakı separatçılara dəstək verib. Təşkilatın öz internet səhifəsində yazılıb ki, “Jaromir Stetinanın rəhbərliyi altinda Dağlıq Qarabağdakı böhranla bağlı yardım kompaniyası keçirdik və Dağlıq Qarabağdakı xəstəxanalara yardım payladıq”...
Bu həmin Ştetinadır ki, fevralın 6-da Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən dinləmələrin əsas təşkilatçılarından biri olub.
Barəsində cinayət işi açılmış J.Ştetina Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin bir hissəsinin Ermənistan tərəfindən maliyyələşdirildiyini deyir.
Bu fakt Avropa Parlamenti üzvünün etik davranış qaydasının pozulması və bilavasitə maraqların toqquşması halıdır. J.Ştetinanın yəqin ki xərclərinin hamısı Ermənistan tərəfindən ödənilib və hətta müvafiq qonarar da verilib. Barəsində cinayət işi açılandan sonra o indi bunu etiraf edir və özü-özünü ifşa edir. İndi aydın olur ki, J.Ştetinanın Azərbaycana qarşı “demokratiya” adı altında propaqandası və qondarma rejimi təşviq etməsinin arxasında sırf maddi maraq və korrupsiya elementləri durur. Bu Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”nın ifrat nümunəsidir.
Vicdandan dəm vuran və münaqişə zonalarına səfərin onun işi olduğunu deyən bu şəxs indiyə qədər etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlının problemləri və ya münaqişə tərəfi kimi Azərbaycanın mövqeyi ilə heç zaman maraqlanmayıb. Bu şəxsə Ermənistandan pul alaraq Azərbaycanın qanunlarını pozmaq, təxribatçı açıqlamalarla regionda gərginliyi daha da artırmaq, lobbizm və dezinformasiya fəaliyyəti ilə məşğul olmağa heç kim mandat verməyib.
Maddi marağın və tamahın müqabilində Avropa Parlamentini manipulyasiya və lobbizm obyektinə çevirmək seçicilərə hörmətsizlik və utancvericidir. Hesab edirik ki, Avropa Parlamentinin etik komitəsi, Çexiyanın müvafiq hüquq-mühafizə orqanları, Çexiyanın KİV-i və seçicilər bu şəxsin anti-Avropa siyasətinin köklərini dərindən araşdırmalıdırlar.
Digər avrodeputat F.Engelə gəlincə, o da erməni şəbəkəsinin açıq və fəal üzvlərindən biridir: Özünü çəkinmədən Belçika parlamentində “Dağlıq Qarabağ Respublikası Dostluq Qrupu”nun rəhbəri kimi təqdim edir. Təkcə bu fakt hər şeyi anlamaq üçün kifayətdir. Erməni diasporundan aldığı pulların təsirilə Engel hər yerdə deyir ki, Qarabağın “vətəndaş cəmiyyəti” ilə Avropa Birliyi arasında əlaqələrin qurulmasına çalışır. Azərbaycana qarşı təşkil olunan əksər tədbirlərdə də həmişə yuxarı başda oturur.
Ermənistanın Lüksemburqda fəxri konsulu F.Engelin Avropa Parlamentində üzvlüyü və açıq-aşkar Ermənistanın xeyrinə AP-də lobbizm fəaliyyəti aparması maraqların toqquşmasının növbəti açıq nümunəsidir. İndi bu şəxs AP-də və Lüksemburq ictimaiyyətində hay-küy salaraq özünün “təmizliyini” sübuta yetirməyə çalışır. Hər kəs çox yaxşı bilir ki, fəxri konsulların əsas vəzifəsi biznes və ticarət əlaqələrinin təşviq edilməsidir. Ermənistan və erməni lobbisi ilə biznes bağlılığı olan bir şəxsin AP-də Ermənistan xeyrinə lobbizm fəaliyyəti AP-nin müvafiq etik komitəsi qarşısında araşdırılmalı olan suallar qoyur. İndi qoy o açıqlama versin və maliyyə hesabatları ortaya qoysun ki onun Ermənistana və işğal olunmuş Azərbaycan ərazilərinə səfərlərini, Brüsseldə keçirdiyi tədbirləri indiyə qədər kim maliyyələşdirib?
Azərbaycan və Lüksemburq arasında xüsusilə nəqliyyat daşımaları sahəsində uğurlu əməkdaşlıq qurulub. “Cargolux” region ölkələrinə uçuşları və yük daşımalarının həyata keçirilməsində Azərbaycanın xüsusi rolu vardır. Erməni lobbisinin sifarişi ilə Frank Engel Azərbaycan və Lüksemburq arasında əməkdaşlığa xələl gətirmək kimi çirkin məqsəd də güdür. Yəni öz marağı və tamahı naminə bu şəxs nəinki Avropa İttifaqının, hətta öz ölkəsinin də maraqları əleyhinə getməyə hazırdır.
Lüksemburqun vergi orqanları, KİV-i və ilk növbədə seçicilər bu şəxsin fəaliyyətini araşdırmalıdırlar.
Xatırladaq ki, Avropa Parlamentindəki bu təxribatçı qrupun səyləri nəticəsində Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində müəyyən sərinlik yaranmışdı. Hətta qərəzli kampaniyalar səbəbindən Azərbaycan tərəfi Avronest Parlament Assambleyasından bəyanat verərək çıxmaq, fəaliyyətini dondurmaq kimi radikal, amma doğru hesab olunan addım atmışdı. Avropa Parlamentinin rəsmilərinin Azərbaycana səfərlərindən, Prezident İlham Əliyevin onlara öz iradlarını bildirməsindən və onların “Azərbaycanla əməkdaşlığın vacibliyindən” danışmalarından, israrlarından sonra – ötən ilin sonunda Azərbaycan parlamenti Avronest PA-da iştirakını bərpa etməklə bağlı qərar qəbul etmişdi.
Lakin görünən budur ki, həmin vaxt səslənən “Avronest PA-da yenidən iştirakçılıqla bağlı qərar qəbul etmək bu qurumun Azərbaycana qarşı növbəti dəfə hücumlarına səbəb olacaq” tipli bəyanatlar özünü doğruldur...
Adları qeyd olunan bu şəxslərdən ibarət qrupun Ermənistan və erməni diasporu ilə əlaqələri həm Azərbaycana, həm də Türkiyəyə münasibətdə açıq şəkildə özünü göstərir. Bu şəxslər həmçinin xaoslar yaradılan, inqilablar baş verən, sabitliklər pozulan ölkələrlə “işləyən” təşkilat və şəxslərlə əməkdaşlıqlar edirlər. Əgər Avropa Parlamenti nüfuzuna xələl gəlməsini istəmirsə və ölkəmizlə yaxşı əlaqələr saxlamaqda maraqlıdırsa, J.Ştetina və F.Engel kimi parlamentarilərin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, gələcəkdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrə xələl gətirilməsinə səbəb ola biləcək addımların, fəaliyyətlərin qarşısı alınmalıdır.
Millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı sözügedən məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizdə keçirilən qondarma referendumun heç bir hüquqi əsası və qüvvəsi yoxdur.
Bir neçə xarici ölkə vətəndaşının işğal edilmiş ərazilərimizə səfər etmələrinə gəlincə, millət vəkili buna bənzər səfərlərin indiyədək olduğunu və torpaqlarımız Ermənistanın işğalı altında qaldıqca bundan sonra da rast gəlinəcəyini deyib:
“Lakin həmin səfərlərin sayını azaltmaq mümkündür. Bundan ötrü aşağıdakı məsələləri uyğun hesab edirəm: Çexiya və Lüksemburqda fəaliyyət göstərən səfirliklərimizin nümayəndələri həmin ölkələrin parlamentlərinə və xarici işlər nazirliklərinə getməli və dövlətimizin mövqeyini birmənalı olaraq bildirməli, beynəlxalq hüququn gələcəkdə bir daha pozulmamasını, belə hallara yola verilməməsini qəti şəkildə tələb etməlidirlər.
Digər tərəfdən, təkcə bu ölkələrdə deyil, ümumiyyətlə, xarici ölkələrdəki səfirliklərimizdəki mətbuat attaşeləri və ya müşavirləri akkreditə olunduqları ölkənin mətbuatında Azərbaycan haqqında dərc edilən məqalələrin surətini çıxarıb Mərkəzə yollamaqla işlərini bitmiş hesab etməməlidirlər. Bu diplomatlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, mövqeyimiz, ümumiyyətlə, ölkəmiz haqqında müvafiq ölkənin nüfuzlu, ictimai rəyə təsir edən KİV-lərində məqalələr dərc etdirməlidirlər. Xarici İşlər Nazirliyi belə söyləmək mümkündürsə, mətbuat müşavirləri üzərinə məqalə dərc etdirmək məsələsində “plan” qoymalıdır”.
Bundan başqa M.Qasımlı Çexiya və Lüksemburqun ölkəmizdəki səfirlərinin XİN-ə çağırılmalaraq dövlətimizin mövqeyinin bir daha onlara bəyan edilməli olduğunu da söyləyib:
“Deputatların müstəqil olmasına dair” qəlibdən çıxmış cavabları əvvəlcədən bəlli olsa da, Çexiya və Lüksemburqun ölkəmizdəki səfirləri XİN-ə çağırılmalı və dövlətimizin mövqeyi bir daha bəyan edilməlidir. Milli Məclisin müvafiq ölkələrlə dostluq qrupları da məktub yollaya bilərlər. “Qara siyahıya” salınmamışdan əvvəl, həmin deputatları Bakıya dəvət etmək, görüşlər keçirmək və söhbət aparmaq olar. Diaspora təşkilatlarımız da onlara məktub yollaya və görüşə bilər”.
Millət vəkili, politoloq Elman Nəsirli bildirib ki, Ermənistan dövləti, Ermənistan prezidenti Serj Sarkisyan son günlər ardıcıl şəkildə həm siyasi, həm də hərbi təxribata əl atır:
“Məlum odluğu kimi, fevral ayının 20-də Ermənistan Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qurduğu separatçı rejimdə qondarma bir “referendum” keçirdi. Bu “referendum”a beynəlxalq aləmin reaksiyası da bəllidir. Heç bir tərəf bu “referendum”un nəticələrinin hüquqi qüvvəyə malik olduğunu söyləmədi, əksinə, qeyd etdilər ki, bunun heç bir hüquqi qüvvəsi yoxdur və heç bir halda danışıqlar prosesinə və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesinə təsir göstərə bilməz.
İkincisi, məlum olduğu kimi, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan tərəfi növbəti hərbi avantüraya əl atdı və yenə də beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd addımlar atmaqda davam edir”.
“Bizi narahat edən məsələlərdən biri də beynəlxalq ictimaiyyətin bu məsələdəki sönük reaksiyası, bir çox hallarda separatçı, cinayətkar rejimə siyasi dəstək vermək cəhdidir”- deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan fevralın 20-də Ermənistan dövlətinin işğal nəticəsində yaratdığı qondarma bir rejimdə keçirtdiyi bu qondarma “referendum”a Avropa Parlamentindən iki deputatın qatılması təəccüb və təəssüf doğuran bir haldır:
“Avropalı parlamentarilər bilmirlər ki, heç bir dövlət, heç bir beynəlxalq təşkilat, eyni zamanda üzvləri olduqları Avropa Parlamenti, hətta Ermənistan dövləti bu qondarma rejimin müstəqilliyini tanımayıb. Onlar bilimirlər ki, hələ 2010-cu ildə Avropa Parlamenti Ermənistanı işğalçı elan edən qətnamə qəbul edib? Belə olan vəziyyətdə onlar hansı əsasla separatçı quruma səfər edirlər, qondarma rejimdə keçirilən qondarma “referendum”da iştirak edirlər, ona hüquqi don geyindirmək istəyirlər? Bunlar çox ciddi suallardır və heç bir halda belə bir davranış tərzi beynəlxalq hüququn prinsiplərinə uyğun gəlmir.
Eyni zamanda belə bir addımın atılması Avropa İttifaqı-Azərbaycan münasibətlərinə ancaq kölgə sala bilər. Onların bu addımı münaqişənin həlli mənafeyinə deyil, münaqişənin daha da dondurulmasına, status-kvonun qorunub saxlanmasına xidmət göstərir və regionda sülhə deyil, müharibə versiyasının aktuallaşması üçün münbit şərait təmin edir”.
Avropa İttifaqı ilə Azərbaycan arasında bir çox sahələrdə, xüsusilə enerji sahəsində çox unikal əlaqələr yaradıldığını deyən E.Nəsirli qeyd edib ki, belə olan bir vəziyyətdə Avropa Parlamentinin bu iki deputatının davranışı tək Azərbaycan əleyhinə deyil, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinin əleyhinə yönəlmiş bir addımdır və onlar buna görə məsuliyyət daşıyırlar:
“Təbii ki, Azərbaycan tərəfinin də bu vəziyyətdə analoji addımları var. Biz bu məsələləri ən yüksək səviyyələrdə qaldırırıq. Azərbaycan Xarici İşlər Nazirliyində arzuolunmaz şəxslərin siyahısı var. Belə insanlar həmin siyahıya daxil edilir və onların Azərbaycana daxil olmasına imkan verilmir. Eyni zamanda Azərbaycan tərəfi həmin insanlarla münasibətdə beynəlxalq hüquqdan çıxış edərək müəyyən addımlar atır. Belə addımların atılması Bakı-Brüssel münasibətlərinin bu günkü reallığına tamamilə zidd bir məsələdir və qarşı tərəf buna görə məsuliyyət daşıyır. Digər beynəlxalq təşkilatlar bu məsələdə Avropa parlamentarilərinin davranışını qınaq obyektinə çevirməli və kəskin şəkildə pisləməlidirlər”.
Babək Cahandarov