“Bu, son 30 ildə fərqli formatda keçirilən ilk görüş idi” – İrəvan görüşündən gələn baş redaktor ilə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Bu, son 30 ildə fərqli formatda keçirilən ilk görüş idi” – İrəvan görüşündən gələn baş redaktor ilə MÜSAHİBƏ

Qafar Ağayev15:07 - Bu gün
“Bu, son 30 ildə fərqli formatda keçirilən ilk görüş idi” – İrəvan görüşündən gələn baş redaktor ilə MÜSAHİBƏ

21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli dəyirmi masa keçirilib.

Tədbir hər iki tərəf arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, əməkdaşlıq imkanlarının müzakirəsi və sülh gündəliyinin irəlilədilməsi məqsədilə təşkil olunub.

Dəyirmi masada iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri – 1news.az-ın baş redaktoru Kəmalə Məmmədova 1news.az-a müsahibəsində görüşün mahiyyəti, atmosferi və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

– Kəmalə xanım, İrəvanda keçirilən önəmli səfərin iştirakçılarından biri də sizsiniz. Səfər necə keçdi? Görüşün əhəmiyyəti nədir?

– Səfər konstruktiv və pozitiv mühitdə keçdi. Ən önəmli məqam odur ki, Azərbaycan və Ermənistan nümayəndələri bu görüşdə üçüncü tərəflərin iştirakı olmadan birbaşa görüş keçirdilər. Bu, əvvəlki illərdən fərqlidir – uzun müddət Qərb institutları bu sahədə təşəbbüsü öz əlində saxlayır, prosesə yön verirdi. İndi isə tərəflər öz iradəsi və təşəbbüsü ilə qarşılıqlı etimad mühitini qurmağa başlayıblar ki, bu da gələcəkdə sülh prosesinə mühüm töhfə verə bilər.

– Görüşdə hansı məsələlər müzakirə olundu?

– Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdük. Fikir mübadiləsi apardıq və Qriqoryan suallara səmimi cavab verdi. Tədbirdə mühüm məsələlər müzakirə olundu. Əsas mövzu sülh gündəliyi idi. 8 avqustda Vaşinqtonda qəbul olunmuş birgə Bəyannaməyə uyğun olaraq müzakirələr sülh gündəliyinin təşviqinə yönəlmişdi. Bununla yanaşı, humanitar və logistika məsələləri də diqqətdə saxlanıldı. Hər iki tərəf sülhün irəliləməsinə və ictimaiyyətlər arasında etimadın möhkəmlənməsinə yönəlmiş təşəbbüslər təqdim etdi.

– Adətən belə səfərlər zamanı hansısa təxribatlar olurdu. Bəs bu səfər zamanı hər hansı neqativ hadisə baş verdimi?

– Xeyr, səfər boyu heç bir təxribat və ya xoşagəlməz hadisə olmadı. Həm hava limanında, həm də qaldığımız hoteldə heç bir problemlə qarşılaşmadıq. Bizim qalacağımız hotel barədə Ermənistana bağlı sosial şəbəkə səhifələrində məlumat sızdırılmışdı və bir sıra xoşagəlməz şərhlər yazılmışdı. Ancaq, təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdu. İrəvanın mərkəzində gəzintilər etdik, Respublika meydanına getdik. Səfərin mədəni proqramı da var idi – əlyazmaların saxlandığı Matenadaranı ziyarət etdik və hər hansı mənfi reaksiyaya rast gəlmədik.

– Sosial mediada səfərlə bağlı dezinformasiyalar yayıldı. Qeyd olundu ki, guya uçuş birbaşa olmayıb, Gürcüstan üzərindən həyata keçirilib. Bu barədə nə deyə bilərsiniz?

– Bəzi məlumatlarda iddia olunurdu ki, biz Gürcüstan üzərindən Ermənistana getmişik. Bu, həqiqətə uyğun deyil. Səfər birbaşa Bakı–İrəvan və İrəvan–Bakı çarter reysi ilə həyata keçirilib. Səfər ictimaiyyətə açıqlanmadığı üçün üçün təyyarəmiz Zvartnots Beynəlxalq Hava Limanına enəndə, bu orada çalışanların təəccübünə səbəb oldu.

– Sizcə, bu görüş sülh prosesinə töhfə verəcəkmi?

– Biz ümid edirik ki, bu görüşlər sülhə real töhfə verəcək. Yenə də qeyd edirəm ki, bu, son 30 ildə keçirilən görüşlərdən fərqli idi – tamamilə iki tərəfin təşəbbüsü ilə, üçüncü tərəfin iştirakı olmadan baş tutdu. Hiss olunur ki, ikitərəfli görüşlər zamanı hər iki tərəf bir-birini daha yaxşı başa düşür.

– Bu istiqamətdə media və vətəndaş cəmiyyətinin rolunu necə qiymətləndirirsiniz?

– Media yalnız ictimaiyyəti məlumatlandırmır, həm də Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşmasında həlledici rol oynayır. Doğru və obyektiv məlumatlar qarşılıqlı hörmətin bərqərar olmasına kömək edir. Eyni zamanda, vətəndaş cəmiyyətləri arasında aparılan dialoqlar prosesi sürətləndirir və tərəflər arasında anlaşmanı möhkəmləndirir.

– Görüş bir dəfəlikdir, yoxsa davamlı olacaq?

– Bu görüş davamlı prosesin bir hissəsidir. Yaxın zamanda qarşılıqlı səfərlərin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər