Davos “dəhşət” yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında – Newtimes.az
İsveçrənin Davos şəhərində keçirilən ənənəvi forum başa çatıb. Burada 140 ölkədən 2500 nümayəndə, 50 dövlət başçısı iştirak edib. Forumun əsas şüarı "Qayğıkeş və məsuliyyətli liderlik" olub. İştirakçılar Çin rəhbərinin "Epoxal məsuliyyəti birlikdə daşıyaq, qlobal inkişafı birgə irəlilədək" adlı məruzəsini maraqla dinləyiblər.
Onun ifadə etdiyi fikirlərin dünyanın yeniləşməsinə və ayrıca qloballaşmaya ciddi təsir edəcəyini deyirlər. Lakin bir sıra mütəxəssis Davos forumunda "dəhşətin yaşandığı" qənaətindədirlər. Bütövlükdə tədbir haqqında mövqelər fərqlidir. Ancaq hər kəs innovasiyalı, açıq, ədalətli və tolerant cəmiyyətin yaradılmasına böyük ehtiyacın olduğunu düşünür. Bu zərurət fonunda Davos forumunun qiymətləndirilməsi aktual görünür.
"Dünya dağılır": mütəxəssislərin Davos həyəcanı
Davosda keçirilən ənənəvi beynəlxalq iqtisadi forum yanvarın 20-də işini başa çatdırıb. Adətən bütün dünya iqtisadçıları və siyasətçilərinin marağına səbəb olan bu silsilə tədbirlər qlobal əhəmiyyətli və əksər hallarda strateji xarakterli sosial-iqtisadi, geosiyasi, mədəni, ekoloji və s. problemlərin aktiv müzakirə məkanı olur. Bu ilki forum isə onu başqalarından fərqləndirən yeni bir parametrlə yadda qaldı. Davosda mütəxəssislər dünyanın hazırkı vəziyyəti və onu gələcəkdə gözləyən təhlükələrdən geniş danışıblar. Hətta xüsusi məruzədə gözlənilən təhlükələrin analizi verilib. Bu müstəvidə ekspertlərin böyük marağına səbəb olan iki özəlliyi vurğulamaq lazım gəlir.
Onlardan birincisi dünyada vəziyyəti dəyişə biləcək ziddiyyətlərin təsnifi ilə bağlıdır. İkincisi Çin rəhbəri Si Szinpinin qloballaşma ilə bağlı irəli sürdüyü hay-küylü tezislərlə əlaqəlidir. Hər iki məsələ reallıqda bir-biri ilə sıx bağlıdır. Onları qarşılıqlı əlaqədə təhlil etmək daha doğru olardı.
"Rosnano"nun idarə heyətinin sədri Anatoli Çubays "BFM"-ə verdiyi müsahibədə narahatlıqla deyib ki, "Davos iştirakçıları arasında bir dəhşət dolaşır" (bax: Чубайс рассказал о царящем в Давосе ужасе / "Lenta.ru", 20 yanvar 2017). Bu kontekstdə indiki tədbiri o, 2009-cu ildə keçirilənlə müqayisə edib. A.Çubays deyib: "Bəli, indi, 2017-ci ildə dəhşətin dərəcəsi 2009-cu ildəki dəhşətin dərəcəsinə bərabərdir. Bütün bunlar aşağıdakı formullarla ifadə edilir: İkinci dünya müharibəsindən sonra qurulan dünya dağılır, artıq o, yoxdur" (bax: əvvəlki mənbəyə).
Məlumdur ki, yeni dünya nizamının formalaşmaqda olduğu barədə bir çox analitik, siyasətçi və ekspertlər xeyli vaxtdır ki, bəhs edirlər. Lakin A.Çubaysın dedikləri ona görə maraqlı və düşündürücüdür ki, o, köhnə dünya nizamının dağılmasının konkret ifadəsini Davosdakı forumda Çin lideri Si Szinpinin çıxışında görür. Özü də bu fikirdə yalnız rusiyalı nümayəndə deyil. Böyük əksəriyyət Si Szinpinin söylədiklərini ümumən dünya iqtisadiyyatına yeni yanaşma kimi qiymətləndirirlər.
Konkret olaraq, Çinin qloballaşmanın əsas leytmotivinə çevrilməkdə olduğunu iddia edirlər. Bu, özlüyündə çox prinsipial və əsaslı tezisdir. Səbəbi ondan ibarətdir ki, müasir anlamda işlənən "qloballaşma" termini birbaşa Qərblə əlaqəlidir. Hətta qloballaşmanı "vesternizasiya" kimi qələmə verənlər də az deyil. Belə hesab edilirdi ki, qloballaşma vasitəsilə Qərb öz dəyərlərini məcburi surətdə dünyaya yeritməyə çalışır.
İndi isə Çin rəhbəri təklif edir ki, qloballaşmadan imtina edilməsin, əksinə, ondan elə yararlanılsın ki, nəticədə, dünya ölkələri yeni səviyyədə inteqrasiyaya nail olsunlar. Bunun üçün Si Szinpin əsas şərt kimi böyük dövlətlərin başqasından süni istifadə etməkdən, tamahkarlıqdan, öz xeyrinə qazanc əldə etməkdən və liderlik ambisiyalarından imtina etməsini qoyur! (bax: Выступление Си Цзиньпина: Китай входит в новую эру? / "Vestifinance.ru", 18 yanvar 2017).
Qloballaşmanın lideri: Çin təşəbbüsü ələ alır?
Çinin dövlət başçısı tədbirdəki çıxışında ayrıca vurğulayıb: "Həqiqətən iqtisadi qloballaşma yeni problemlər yaradıb, ancaq bu, ondan tamamilə imtina etmək üçün səbəb deyil. Əksinə, biz iqtisadi qloballaşmaya adaptasiya olmalı və onu idarə etməliyik, onun mənfi nəticələrini yumşaltmalı və bütün ölkələr üçün üstünlüyünü təmin etməliyik" (bax: əvvəlki mənbəyə).
Pekin bunu yalnız sözdə demir. Son illər onun fəaliyyəti çox genişlənib. Artıq Avropa İttifaqı ilə Çin arasındakı ticarət dövriyyəsi 600 milyard ABŞ dolları həcmindədir. Amerika ilə də iqtisadi-ticari əlaqələr genişdir. Bundan başqa, "Yeni İpək Yolu" layihəsi Çini Asiya, Avropa, Amerika və Afrika ilə yeni səviyyədə birləşdirməlidir. Həmin layihədə iştirak etmək üçün bir sıra dövlətlər arasında rəqabət getdikcə daha da güclənir.
Həmin kontekstdə digər maraqlı məqam odur ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Çin rəhbərinin çıxışı ilə təqribən eyni vaxtda qloballaşmaya maneə olan fikir bildirib. O deyib ki, Amerika Çindən gələcək mallara 45% vergi tətbiq edəcək. Eyni münasibəti D.Tramp Meksika və Almaniyadan idxal edilən avtomobillərə də göstərəcəyini söyləyib. A.Çubays Vaşinqtonun bu xəbərdarlığını obrazlı belə ifadə edib: "Dünyanın astarı üzünə çevrilib" (bax: Чубайс рассказал о царящем в Давосе ужасе / "Lenta.ru", 20 yanvar 2017).
Bütövlükdə isə ekspertlər bunu Vaşinqtonun qloballaşmanın liderliyindən çəkilərək yeri Pekinə təslim etməsi kimi qiymətləndirirlər. Səbəbi nədir? Həmin bağlılıqda əsas olaraq Çinin bir sıra sahələrdə artıq dünya liderliyini ələ almasını göstərirlər. ABŞ isə onu irəli çəkib, əlavə problemlər yaratmaq fikrindədir. Bu problemlər iqtisadi ilə yanaşı, hərbi-geosiyasi və maliyyə xarakterli də ola bilər. Məhz bu kontekstdə Vaşinqtonun Uzaq Şərqdəki güclü müttəfiqləri Yaponiya və Cənubi Koreyanı, hətta Hindistanı belə prosesə cəlb edə biləcəyini proqnozlaşdırırlar.
Lakin bir sıra analitiklər ABŞ-ın geri çəkilməsinin əsas səbəbini başqa faktorlarla izah edirlər. Onlar vurğulayırlar ki, Qərbi, ümumiyyətlə, "sistem böhranı" bürüyüb (bax: Некоторые итоги 2016 года / Портал МГИМО, 12 yanvar 2017). Onun əsas əlamətləri kimi ABŞ və Avropada orta sinfin vəziyyətinin pisləşməsini, demoqrafik situasiyanın gərginləşməsini, Qərbin siyasi dairələrinə inamın azalmasını, geosiyasi sferada uğursuzluğunu və nəticədə, "Qərbin təsirinin məhdudlaşması və dünya arenasında getdikcə Rus, Çin, Hind, İslam sivilizasiyalarının daha aktiv fəaliyyət" göstərməsini vurğulayırlar (bax: əvvəlki mənbəyə).
Bu müddəaların işığında dünyanın sosial-iqtisadi, geosiyasi, ticari, maliyyə və təhlükəsizliyin təmininin keyfiyyətcə fərqli səviyyəsinə keçməkdə olduğu aydın görünür. Ancaq bu məqamın Davos forumu iştirakçılarını niyə şoka saldığı elə də aydın deyil. Əslində, burada psixoloji bir faktordan danışmaq olar.
Məsələ ondan ibarətdir ki, Qərbin müəyyən dairələri müxtəlif sahələr üzrə qlobal liderliyin və təşəbbüskarlığın əldən getdiyini həzm edə bilmirlər. Onlar hələ bir neçə il əvvəl analitik və strateqlərin bir xəbərdarlığının reallığa çevrildiyini ağrılı qəbul edirlər – "qlobal geosiyasətin mərkəzi Şərq olur"! Məhz buna görə də onlar üçün "dünya dəhşətə çevrilir".
Reallıqda isə obyektiv mövqedən baxanda bəşəriyyətin daha ədalətli bir tənzimləmə sisteminə qədəm qoyması şansı artır. Özü də burada aparıcı parametrin kim olacağı tam aydın deyil. Bu, Çin, Rusiya, Braziliya, yaxud indi elə də görünməyən başqa bir qüvvə də ola bilər. Mümkündür ki, ayrılıqda heç bir dövlət həmin funksiyanı yerinə yetirə bilməsin və təşkilatlanmaya ehtiyac yaransın, o cümlədən indi mövcud olanlardan, məsələn, BRİKS və ya ŞƏT təşəbbüsü ələ alsın. Hər bir halda, dünyanın yeni nizamlı düzənə keçməsi imkanı yüksəlib. Bu baxımdan Davos forumu "dəhşətdən" çox, ümid yarada bilər. Lakin əsas məsələ insanların bunu dərk etməsidir. Əgər liderlik iddialarında olanlar pozucu təsirlərini inkişaf etdirsələr, onda dünya doğrudan da dəhşətə bürünə bilər. Bunun baş verməməsi üzərində düşünülsə, daha yaxşı olardı.
Elsevər Abdullayev