Həmsədr: "Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik"
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirir.
1news.az Apa-ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həmsədr İqor Popov bildirib.
Diplomat cəbhədəki son gərginliyi Azərbaycan Prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib.
"Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik. Əlimizdən gələni etməliyik ki, oxşar hadisələr yenidən təkrarlanmasın. Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik", - deyə diplomat bildirib.
Son bəyanatlarının hər iki tərəfə ünvanlandığını deyən rusiyalı həmsədrin sözlərinə görə, əsas ismarıc təmas xəttində gərginliyin azaltmasına yönəlib.
O bildirib ki, Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir:
"Siyasi dialoqun bərpası ilə bağlı biz həm Bakı, həm də İrəvanda müzakirələr aparmışıq. Bu müzakirələr nəticəsində belə qənaətə gəlmək olar ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır".
1news.az