Ermənistanın növbəti təxribatı: Xankəndində uçuşlar həyata keçiriblər
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribata əl atılıb.
1news.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni separatçıları Xankəndində şəhərində yaradılan aeroportdan uçuşlarla bağlı festival keçiriblər.
“Artsax Air fest” adlandırdıqları festivalda məqsəd xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir. Erməni mətbuatının yazdığına görə, festivala Qarabağa qanunsuz səfər etmiş əcnəbilər də qatılıb.
Festivalda yüngül motorlu təyyarələrin uçuşu nümayiş olunub.
Qeyd edək ki, daha əvvəl Azərbaycan XİN bəyan edib ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub.
Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.
Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.
Pərvanə Sultanova