Həmsədrlər Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırdı
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.
1news.az-ın məlumatına görə, bəyanatda qeyd edilib ki, səfərin əsas məqsədi 28 apreldə Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində növbəti addımları və münaqişə zonasındakı vəziyyəti müzakirə etmək olub.
Vasitəçilər iyunun 10-da Ermənistan prezidenti Serj Sarkisyan, bu gün isə Bakıda Prezidenti İlham Əliyevlə, hər iki ölkənin müdafiə nazirləri, xarici işlər nazirləri ilə görüşüblər. İyunun 12-də Dağlıq Qarabağa səfər edən həmsədrlər Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında olub, Bakıda da Dağlıq Qarabağ icmasının nümayəndələri ilə görüşüblər.
Bakıda danışıqlar zamanı həmsədrlər təmas xəttində itki ilə nəticələnən atəşkəsin pozulması hallarından dərin narahatlıq ifadə ediblər. Onlar vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün prezidentlərə müraciət ediblər. Tərəfləri təmas xəttində və Ermənistan- Azərbaycan arasında beynəlxalq sərhəddə gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə çağırıblar. Bakı və Yerevanda danışıqlar zamanı vasitəçilər uzunmüddətli sülhün bərqərar edilməsi üçün substantiv danışıqların və siyasi iradənin yeganə həll yolu olduğu vurğulanıb. Prezidentlərin münaqişənin həlli ilə bağlı ən mübahisəli məsələlər üzrə kompromis tapmaq üçün siyasi dialoqu davam etdirmək niyyətləri açıqlanıb.
Həmsədrlər iyulun 3-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət haqqında məlumatlandırmaq üçün Vyanaya səfər edəcəklərini vurğulayıblar. Bəyanatda o da qeyd edilib ki, qarşıdakı iş şərtlərini müzakirə etmək üçün yaxın zamanlarda yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər.
Pərvanə Sultanova