Mübariz Əhmədoğlu: ATƏT MQ iş başında deyil, tənzimlənmə ilə BMT məşğul olmalıdır
ATƏT MQ-nin regiona növbəti səfəri təsir gücünə görə əvvəlkilərdən tam fərqlidir. ATƏT MQ həmsədrlərinin və Dağlıq Qarabağ münaqişəsi tərəflərinin davranışında baş verənləri belə qruplaşdırmaq olar.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT MQ həmsədrlərin Dağlıq Qarabağa səfərilə bağlı xəbəri şərh edərkən bildirib:
“Həmsədrlərin regiona səfəri zamanı bütün diqqət həmsədrlərin yayacağı bəyanata yönəlib. Bəyanatın məzmunu barədə aşağıda məlumat verəcəyik. Səfər dövründə Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyində kardinal dəyişikliklər başlayıb. İşğal olunmuş ərazilərdə keçirilən hərbi təlimlərin sayı artıb.
Erməni hərbçilərinin aqressivliyi artıb. “Osa” Zrk-ların vurulmasından sonra ermənilər bir neçə dəfə Azərbaycanın mövqelərinə hücumlar ediblər. Azərbaycan ordusunun verdiyi cavab ermənilərə baha başa gəlib. Bir Azərbaycan hərbçisinin şəhid olması Ermənistanın 6 hərbiçi itirməsi ilə nəticələndi.
Dağlıq Qarabağda Xocalı aeroportunda təyyarələrin və hava şarlarının iştirakı ilə atəşfəşanlıq keçirildi. Guya bununla onlar Azərbaycana qeyri-adekvat cavab verirlər. Dağlıq Qarabağ ermənilərinə rəhbərlik edənlər psixoz vəziyyətindədirlər. Ona görə erməni prizmasından amoral hesab olunan addıma əl atdılar. 6 Ermənistan vətəndaşının Dağlıq Qarabağda ölməsini nəzərə almadılar, bayram atəşfəşanlığı etdilər. Əslində separatçılar bununla da mənəviyyat baxımından çürüklüyünü bir daha sübut etdilər. Vaxtı ilə Azərbaycan xalqına qarşı da belə mənəviyyatsızlıqla məşğul olmuşdular.
Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırır. Bunu hətta Ermənistan müdafiə nazirliyinin rəsmisi etiraf etdi: NATO-da qərarların konsensusla qəbul edilməsinə baxmayaraq Türkiyə heç vaxt NATO-Ermənistan münasibətlərinə əngəl törətməyib, əksinə yardım edib. Əksər erməni ekspertləri Ermənistan-Türkiyə münasibətlərindən razıdırlar və onların fikrincə, Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Türkiyə Azərbaycana lazımı dəstəyi verməyəcək. Reallıqda bu da ermənilərin mənəviyyatsızlığına bariz göstəricilərindən biridir. Dünənə qədər ermənilər türklərin 1,5 milyon ermənini qırdığı iddiası ilə bütün dünyaya haray-həşir salırdılar. İndi ermənilər türklərlə barışırlar. Ermənilərin özünə təlqini bu həddə çatıb. Prezident və Qarabağ klanının başçısı S.Sərkisyanın hakimiyyəti başa çatır və bunu bəlli heyvanla müqayisə oluna bilən formada başa vurmaq istəyir.
Azərbaycan tərəfinin də ev hazırlığı göz qabağındadır.
Azərbaycan Prezidenti Cocuq Mərcanlıda olarkən mühüm iqtisadi mesajlar verdi. Həmsədrlərin Azərbaycana səfərinin başladığı gün Azərbaycan ordusunun geniş miqyaslı hərbi təlimləri başladı. Həmsədrlər Ermənistanda olan ərəfədə Azərbaycan ordusu Türkiyə ordusu ilə birlikdə Naxçıvanda hərbi təlimlər keçirdi. Azərbaycanın diplomatiya istiqamətində təşəbbüskarlıq göstərmədən hərbə belə üstünlük verməsi həmsədrlər üçün mesajdır. Yaxın aylarda Dağlıq Qarabağ tənzimlənməsində hadisələrin gedişini məhz həmsədrlərin bu səfəri müəyyənləşdirəcəkdir.
Bəyanatın məzmunu yaranmış vəziyyətə adekvat deyil, erməniləri hərbi avatüralara şirnikləşdirir. Həmsədrlərin çoxdan gözlənilən bəyanatı bir daha sübut etdi ki, həmsədrlər iş başında deyillər. Bəlkə də həmsədrlər beynəlxalq aləmə münaqişəni tənzimləmək gücündə olmadıqlarını çatdırdılar.
Qoşunların təmas xəttində və dövlət sərhəddində gərginlik münaqişənin həllini yubatmaq üçün alətdir. Ona görə də münaqişənin tənzimlənməsi onun həllini yubadan alətin ləğv edilməsini diqtə edir. Həmsədrlər isə bu aləti cilalamaqla məşğuldurlar.
Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təxribatlar törədir, həmsədrlər isə Dağlıq Qarabağa müraciət ünvanlayır. Bu ermənilərin arzuladığı haldır. İşğal olunmuş Azərbaycan ərazilərində erməni hərbçilərin hamısı Ermənistan respublikası vətəndaşlarıdır.
Həmsədrlərin Yerevanda və Bakıda keçirdikləri görüşlərin təhlili danışıqların davamına kimin tərəfdar olduğunu aydın göstərir. Amma həmsədrlər Serj Sərkisyanın müzakirə etdiyi məsələlərin dialoqun davamı üçün şərait deyil, şərt olduğunu başa düşmək istəmirlər.
BMT TŞ işə qoşulmazsa, hadisələrin gedişi ordunun Dağlıq Qarabağ tənzimlənməsində ən böyük siyasətçi və diplomat olduğunu təsdiq edəcəkdir.
Dağlıq Qarabağ tənzimlənməsində BMT TŞ-nın qətnamələrinin reallaşması heç vaxt gec deyil.
Dağlıq Qarabağ tənzimlənməsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin reallaşması heç vaxt gec deyil. Ermənistan bu dörd qətnamənin əsas tələbini-işğalçı erməni qoşun birləşmələrini istənilən anda Azərbaycan ərazisindən çıxarmağa başlaya bilər. 1994-cü ildən bu günədək Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş Azərbaycan ərazisindən Ermənistan bircə dənə hərbi texnikasını da çıxarmayıb. Azərbaycanın BMT qətnamələrinə riayət etməməkdə ittiham edən E.Nalbandyan öz ölkəsini beynəlxalq hüquqa riayət etdiyini sübut edə bilərdi. Eləcə də BMT Təhlükəsizlik Şurasının sonuncu qətnaməsindən 15 il keçmiş 2009-cu ildə Yenilənmiş Madrid Prinsipləri qəbul edildi. Bu sənədin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması açıq mətnlə göstərilir. Ermənistan Yenilənmiş Madrid Prinsiplərini, o cümlədən həmsədr ölkə prezidentlərinin 5 bəyanatını əsas kimi qəbul etdiklərini dəfələrlə bildiriblər. Amma 1 m2 də olsun Azərbaycan torpağını işğaldan azad etməyiblər. Bu istiqamətdə siyasi iradə də nümayiş etdirməyiblər.
Ermənistan Xİ naziri E.Nalbandyanın yalan danışdığı, beynəlxalq aləmi aldatdığı göz qabağındadır. Bunun iki səbəbini ehtimal etmək olar. ı. Məzlum erməni imici yaratmağa sərf etdiyi vaxt və enerji E.Nalbandyanın psixologiyasında problemlər yaradıb. ıı. Ermənistanın təqdim etdiyi mövqe reallıqdan xeyli uzaqdır. İtaliyada keçirilən görüş zamanı hər iki səbəb E.Nalbandyanda eyni vaxtda özünü göstərdi. Dağlıq Qarabağ münaqişəsinin açıq siyasi mərhələsi Dağlıq Qarabağdakı ermənilərin müstəqillik tələbi ilə deyil, Ermənistana birləşmək qərarı ilə başladı. Dağlıq Qarabağ münaqişəsi regionunda dinc azərbaycanlılara atəş açaraq ilk qanı tökənlər də məhz ermənilərdir. Sumqayıt hadisələri bundan sonra baş verdi. Bu hadisələrdən əvvəl Ermənistan SSR-nin ərazisindən bütün azərbaycanlılar deportasiya olundu. Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası 1987-ci ilin dekabrın 25-də başa çatdı.
E.Nalbandyan beynəlxalq aləmi aldada bilər. Çünki beynəlxalq aləmdə heç də hamı Dağlıq Qarabağ münaqişəsinin mənşəyi və tənzimləmənin detalları barədə məlumatlara malik deyil. Amma E.Nalbandyanın danışdığının yalan və ya düz olduğunu erməni xalqı çox gözəl bilir. Erməni xalqının davranışı göz qabağındadır. Bu hakimiyyətin yalanlarına ölkəni tərk etməklə reaksiya verirlər. Eləcə də prezident S.Sərkisyanın yalanları da əhalini bezdirib. Nəticədə Ermənistanın və dünya erməniliyinin indiki vəziyyəti yaranıb. Prezident S.Sərkisyan və Xİ naziri E.Nalbandyan yalanı tərgitə bilməzlər. Yalanı tərgitmək onların şəxsi maraqları və səhhəti üçün təhlükə yaradır. Erməni xalqının maraqları isə onlar üçün ikinci dərəcəlidir.
Cocuq Mərcanlı timsalında Prezident İ.Əliyev Dağlıq Qarabağı sıfırdan qurmaq iradəsini nümayiş etdirdi.
Azərbaycan Respublikası Prezidentinin Cocuq Mərcanlıda olması həm emosional, həm də ciddi geosiyasi mesajlarla xarakterizə oluna bilər. Cocuq Mərcanlını bir an da tərk etməyən ailəyə baş çəkməsi, onlarla söhbəti və sonradan ailə başçısını 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi müsbət emosiyanın hədsiz vacib iştirakını göstərdi.
Prezident ordu quruculuğunun Azərbaycan rəhbərliyi üçün ən mühüm məsələ olduğunu bildirdi. Bu, prezident İ.Əliyevin Dağlıq Qarabağ tənzimlənməsində dinc danışıqlara deyil, orduya güvəndiyini nümayiş etdirdi. Prezident haqlıdır. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsi barədə yalan danışır, imitasiya ilə məşğuldur. Beynəlxalq aləm heç bir reaksiya vermir. Bəzi dövlətlər Dağlıq Qarabağ tənzimlənməsindən öz maraqları üçün istifadə etmək kursunu götürüblər. Prezident aydın mesaj verdi- Azərbaycan üçün pisdirsə, digər dövlətlər üçün də pis olacaqdır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vura biləcəyi ziyan maksimum həddədir. Amma bu münaqişənin qaynar fazaya keçməsi regionda bəzi dövlətlər üçün ciddi problemlər yaradacaq. Fikirlərin, münasibətlərin tez-tez dəyişdiyi zamanda Azərbaycanın iri qonşularını sınağa çəkməyə haqqı var. Çünki regionun digər dövlətlərindən fərqli olaraq Azərbaycanın əlində seçim imkanları var. Regionda, o cümlədən Azərbaycanın ətrafında hərlənən vəziyyəti rəsmi Bakı aydın şəkildə görür. Həm Azərbaycanın özü üçün, həm də irili-xırdalı digər dövlətlər üçün yaranacaq problemləri saf-çürük edir. Azərbaycan minimal itki riski ilə qat-qat böyük qazanc arasında seçim edə bilər.
Cocuq Mərcanlıda baş verənlərin iqtisadi aspekti ön plana çıxır. İşğaldan azad edilmiş bir kəndi sıfırdan bərpa etməklə bütün işğaldan azad olunmuş əraziləri nəinki sıfırdan, hətta mənfidən bərpa etmək iradəsini ortalığa qoydu. Erməni siyasətçiləri bəzən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə Azərbaycanda hakim elitanın iqtisadi maraqları prizmasından şərhlər verirlər. Erməni siyasətçilərinin yanaşması düzgündür, motivasiyası isə səhvdir. İşğal olunmuş torpaqları azad edib, iqtisadi quruculuq prosesləri həm ölkəyə, həm də hakim elitaya çox böyük iqtisadi resurs qazandıracaqdır. Ölkə əhalisinin varlanması elə siyasi elitasının varlanması anlamındadır. Ermənilər bunu nə qədər tez başa düşsələr bir o qədər xeyirlərinədir. İqtisadi reallıqlar da Azərbaycan torpaqlarının mümkün qədər tez işğaldan azad edilməsini diktə edir.
S.Xankişiyeva