Qazaxıstan taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 oktyabr tarixində Qazaxıstana dövlət səfəri zamanı bəyan edib ki, Azərbaycan işğal dövründən qüvvədə olan Ermənistan istiqamətində yük tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya Departamentinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, artıq yüklər Azərbaycan ərazisindən tranzit şəklində Ermənistana göndərilir. Dünən Rusiya ərazisindən ümumi çəkisi 1048 ton 800 kiloqram olan 15 vaqon taxıl Azərbaycan ərazisindən tranzitlə Ermənistan istiqamətində Böyük Kəsik stansiyasından yola salınıb. Yüklər əvvəlcə Gürcüstana, oradan isə Ermənistana daşınır.
B.Hacıyev əlavə edib ki, həmçinin Qazaxıstan taxılının da Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. 5 noyabr tarixində ümumi çəkisi təxminən min ton olan 15 vaqonluq taxıl partiyası Azərbaycana gətirilib. Qatar hazırda Balacarı stansiyasındadır və Balacarı – Hacıqabul – Böyük Kəsik marşrutu üzrə hərəkətini davam etdirəcək, yüklər Böyük Kəsik stansiyasından göndəriləcək. Yaxın günlərdə həm Rusiyadan, həm də Qazaxıstandan Ermənistana tranzit yüklərin daha bir neçə partiyasının göndərilməsi gözlənilir.
Faiqə Məmmədova
Foto: Nadir İbrahimli























