Qazaxıstanın yeni missiyası: Enerjidən sülh diplomatiyasına doğru
SSRİ-nin süqutundana sonra 1991-ci ildə müstəqillik qazanmış Qazaxıstan bu gün təkcə Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlət olması, zəngin karbohidrogen resurslarına malik olması, nəqliyyat-tranzit potensialı ilə fərqlənmir, həm də fəal, eyni zamanda, balanslı xarici siyasət, tam sabit daxili siyasət yürütməsi ilə də diqqət mərkəzindədir. Ölkənin iqtisadiyyatı da sabit inkişaf edib. Adambaşına düşən gəlirləri MDB-də ən yüksəkdir.
Ölkə yerləşdiyi coğrafi mövqeyə görə də diqqət çəkir. Belə ki, Qazaxıstan şimalda, şimal-şərqdə və şimal-qərbdə Rusiya, şərqdə Çin, cənubda isə Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Qərbdə isə Xəzər dənizi ilə hüdudlanır.
Göründüyü kimi Qazaxıstan böyük dövlətlərin maraqlarının kəsişdiyi nöqtədə yerləşir və buna görə də hər dövlətlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər yaratmağa can atır. Ölkənin xarici siyasətində çoxvektorluluq üstünlük təşkil edir. Qazaxıstan fəal xarici siyasət yürütməklə Şərqlə Qərb arasında dialoq qurulmasında körpüyə çevrilir. Dövlətlərarası münasibətlərdə balanslaşdırılmış və praqmatik vasitələrdən istifadəyə üstünlük verir.
Rəsmi Astana bu gün həm də münaqişələrin həll edildiyi bir mərkəzə çevrilməkdədir desək, yanılmarıq. Buna nümunə kimi uzun müddətdir davam edən Suriya münaqişəsinin tənzimlənməsi üzrə danışıqlara ev sahibliyi etməsini qeyd etmək olar.
Ziddiyyətlərin həll olunduğu platforma
Birmənalı şəkildə demək olar ki, Suriya danışıqlarına ev sahibliyi etməsi rəsmi Astanın xarici siyasətinin uğurudur. Bu onu göstərir ki, Qazaxıstan böyük dövlətlərin razılıqla qarşıladığı, antoqonist ölkələri görüşdürən yerdir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Astananın Suriya münaqişəsinin həllinə cəlb olunmuş dövlətlərlə münasibətləri yüksək səviyyədədir. Necə ki, ABŞ və Rusiya baş qərargah rəisləri Bakıda görüşdülər, eləcə də Astana Suriya konfransının keçirildiyi məkana çevrilməklə beynəlxalq arenada özünə tərəfsiz ölkə imici qazanıb, ziddiyyətlərin həll olunmasına çalışılan platformaya çevrilə bilib.
Qeyd edək ki, Qazaxıstanın Suriya böhranının həlli prosesinə qoşulması məsələsi ilk dəfə iki il əvvələ təsadüf edib. Rəsmi Astana 2015-ci ilin aprelində Suriyanın bir sıra müxalif qruplaşmalarının prezident Nazarbayevə məktub göndərərək, münaqişənin tənzimlənməsinə yardım göstərməsini xahiş etdiklərini açıqlamışdı. Bundan sonra isə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov 2015-ci ilin may və oktyabr aylarında ölkəsinin Suriyada münaqişə tərəfləri arasında vasitəçilik missiyasını həyata keçirdiyini diqqətə çatdırmışdı.
Az sonra Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşən Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Suriya üzrə sülh müzakirələrinin ölkəsində təşkil olunmasına hazır olduğunu bəyan etdi. O, Rusiya və Türkiyə prezidentlərinin Suriyaya dair danışıqların növbəti mərhələsinin Qazaxıstanda təşkil olunması təşəbbüsünü dəstəklədiyini deyib: “Qazaxıstan müzakirədə iştirak edəcək tərəfləri Astanada qəbul etməyə hazırdır. Sizinlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və İran prezidenti Həsən Ruhani ilə danışdıq. Bu məsələdə mövqeyimiz eynidir. Suriyalı tərəflərin görüşü üçün lazım olan şəraiti yaradacağıq”.
Danışıqların birinci mərhələsi bu il yanvarın 23-24-də keçirilib. Siyasi razılaşma əldə olunmasa da, tərəflər Suriyada atəşkəsə nəzarət mexanizminin - birgə əməliyyat qrupunun yaradılması məsələsində razılığa gəliblər. Ümumiyyətlə, bu günə kimi Suriya münaqişəsi ilə bağlı dörd görüş keçirilib. İkinci görüş 15-16 fevral, üçüncüsü 14-15 mart, sonuncu isə 3-4 may tarixlərində keçirilib. Astanada danışıqların növbəti mərhələsinin 10 iyulda keçiriləcəyi gözlənilir.
Bu günə kimi aparılmış danışıqların əsas nəticəsi ondan ibarətdir ki, Suriyada hərbi əməliyyatların dayandırılmasına dair nəzarət üzrə birgə əməliyyat qrupunun yaradılmasına dair razılıq əldə olundu, qarant ölkələrlə (Rusiya, Türkiyə və İran) zorakılığa son qoyulması, ölkənin birliyini və ərazi bütövlüyünü qorumaq, münaqişənin siyasi həllinə yönəlmiş de-eskalasiyası zonasının yaradılması haqqında memorandum imzalandı.
Qeyd edək ki, Suriya üzrə danışıqların yeni məkanı olaraq Qazaxıstanın önə çıxması heç də təsadüfi deyil. Burada bir neçə amilin rolu mütləq qeyd edilməlidir. İlk növbədə ona diqqət yetirmək lazımdır ki, Suriya prosesində fəal iştirak edən Türkiyə, Rusiya və İranın Astana ilə münasibətləri yüksək səviyyədədir. Bu mənada dünyanın qlobal probleminə çevrilmiş Suriya böhranının nizamlanması üçün danışıqlar məkanı kimi Astananın seçilməsi bu 3 ölkənin Qazaxıstana etimadının göstəricisi kimi qəbul olunmalıdır.
2015-ci il noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra bu iki ölkənin gərgin münasibətlərinin yenidən bərpa olunmasında Qazaxıstanın, onun lideri Nazarbayevin xidmətləri danılmazdır. Ancaq əlbəttə ki, Suriya danışıqlarının Astanada keçirilməsi təşəbbüsü sadəcə, Türkiyə, Rusiya və İranın Qazaxıstana münasibəti ilə məhdudlaşmır. Qazaxıstanın postsovet məkanında, regionda və ümumiyyətlə, qlobal proseslərdə fəallığını artırması rəsmi Astananın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Eyni zamanda, Qazaxıstanın məqsədyönlü inkişaf strategiyasını uğurla həyata keçirməsi, ölkənin iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artması, kənar təxribatlara baxmayaraq, dini ekstremizm meyllərinin vaxtında zərərsizləşdirilməsi bu ölkəni Orta Asiyanın sabitlik məkanına çevirib.
Nursulatan Nazarbayevin rəhbərliyi ilə həyata keçirilən startegiya tamamilə düzgündür
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Qazaxıstan müstəqillik qazanmış postsovet ölkələrindən biri kimi özünün milli maraqlarına uyğun bir inkişaf yolu seçdi. Ötən iyirmi altı il göstərdi ki, Nursulatan Nazarbayevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu işləri, startegiyası tamamilə düzgündür. Ölkənin milli maraqlarının nəzərə alınması, eyni zamanda real şəkildə geosiyasi vəziyyətin qiymətləndirilməsi öz nəticəsini verdi.
Bu gün Qazaxıstan Mərkəzi Asiyada nüfuzlu və özünün inkişaf təcrübəsi ilə fərqlənən ölkələrdən biridir. İlk növbədə ölkə daxilində milli və dini qarşıdurmanın qarşısını almaq mümkün oldu. Müxtəlif xalqların nümayəndələrinin, böyük icmalarının yaşamasına baxmayaraq, Qazaxıstanda ümummilli harmoniya, xalqların hər birinin milli və dini inkişafına hörmətlə yanaşılaraq dövlətçilik quruculuğunda öz yerini tutmasına şərait yaradıldı. Qazaxıstanın iki nəhəng dövlətlə- Rusiya və Çinlə çox yaxşı münasibətləri var. Ümumilikdə götürəndə bu münsibətlər həmin regionda sülhün və əmin- amanlığın əsasını təşkil edir.
Həmçinin, Qazaxıstan keçmiş sovet ittifaqının bir hissəsi kimi bir siyasi iqtisadi formasiyadan digərinə çox ağrısız keçidini təşkil edə bilib. Yəni, şok terapiyasından uzaq olaraq tədrici günün və şəraitin tələblərinə uyğun olaraq addımlar atılmaqla ölkədə islahatlar keçirmək, demokratik cəmiyyət qurmaq, bazar münasibətlərinə əsaslanan bir iqtisadiyyat formalaşdırmaq mümkün oldu.
“Qazaxıstanın apardığı islahatlar bu gün çox böyük maraq doğurur və əldə etdiyi nailiyyətlər, yeniliklər ilk növbədə öz milli və dünya təcrübəsini nəzərə almaqla bağlıdır. Qazaxıstan eyni zamanda türk dünyasının bir hissəsi olmasına yüksək qiymət verdi. Türkiyə ilə çox sıx münasibətlər qurdu. Türk Dövlətləri Şurasının əsas bünövrələrindən biridir”- deyə, A.Mirzəzadə vurğulayıb.
Azərbaycanla münasibətlər
Azərbaycanla Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 1 mart 2004-cü ildə Azərbaycanın Qazaxıstanda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkənin münasibətləri çox yüksək səviyyədədir. Rəsmi Bakı və Astana bir-birini regional və beynəlxalq təşkilatlarda dəstəkləyir.
A.Mirzəzadə də hesab edir ki, Azərbaycanla Qazaxıstanın çox sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur. Millət vəkili vurğulayıb ki, keçmiş SSRİ tərkibində bir dövlətdə olmaqla qurulan əlaqələr müstəqillik illərində daha da güclənib. Bü gün iki qardaş dost ölkənin münasibətləri digər dövlətlər üçün yaxşı bir nümunədir. Hər iki ölkə bir-birinin təcrübəsindən yararlanır. Bir- birinin apardığı islahatlara diqqət yetirir və vaxtaşırı fikir mübadiləsi aparırlar.
Qazaxıstan və Azərbaycan, həmçinin birgə layihələrdə iştirak edirlər. Azərbaycandan keçməklə Avropa bazarlarına çıxış Qazaxıstan malları üçün olduqca əlverişlidir. Eyni zamanda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsində artıq Azərbaycan və Qazaxıstan Rusiya ilə birgə razılığa gəliblər. Bu, Xəzərin hüquqi statusu ilə bağlı növbəti danışıqlar mərhələsi üçün bir çox hallarda artıq söykəniləcək bir bünövrə rolunu oynayır. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və bu məsələdə bir çox hallarda Azərbaycanın mövqeyini Azərbaycan olmayan siyasi məkanlarda çox prinsipial şəkildə müdafiə edib.
Qazaxıstan Avrasiya İttifaqının üzvü olduğunu xatırladan hakim partiyadan olan millət vəkili bildirib ki, Ermənistan bu quruma daxil olarakən Qazaxıstanın çox sərt şəkildə təkid etməsi ilə rəsmi İrəvan Avrasiya İttifaqı və ya Gömrük Birliyinin qaydalarının yalnız Ermənistan ərazisinə tətbiq olunması ilə bağlı öhdəliklər götürməli oldu. Bu isə o deməkdir ki, heç bir halda Ermənistanın işğal etdyi Azərbaycan torpaqları Avrasiya İttifaqının siyasətinə qatılmayacaq. Bu, Ermənistanda çox böyük narazılığa səbəb oldu, ancaq bununla belə Qazaxıstan həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycanla dostluğuna yüksək qiymət verdiyni göstərdi.
Astana- Beynəlxalq diplomatiyanın mərkəzi, sülhün əldə edildiyi məkan
“Qazaxıstanda dövlət quruculuğu, aparılan islahatların müsbət nəticələrinin olması dost və qardaş ölkə kimi Azərbaycanı sevindirir və biz strateji müttəfiqimiz olan Qazaxıstanın bundan sonra da uğurlar qazanmasını arzulayırıq”- deyən millət vəkilinni sözlərinə görə, Qazaxıstan eyni zamanda beynəlxalq diplomatiyanın mərkəzlərindən birinə çevrilməkdədir. Ölkə ərazisində tez-tez beynəlxalq tədbirlər keçirilir. Qazaxıstan bu tədbirlərə böyük uğurla ev sahibliyi edir. Qazaxıstanı dünya siyasətinin diqqətinə gətirməsi eyni zamanda bu gün vətəndaş müharibəsi gedən Suriyada sülhün əldə edilməsi ilə bağlı hökumətlə müxalifət qüvvələri arasında Astanada bir neçə görüşün keçirilməsidir. Görüşlər davam edir və son nəticə əldə etmək mümkün olmayıb. Buna baxmayaraq Qazaxıstan artq sülhün əldə edildiyi bir ünvan kimi tanınmağa başlayıb.
Nursultan Nazarbayev son dərəcə islahatçı və işlək bir xarakter nümayiş etdirir
Politoloq Tofiq Abbasov isə hesab edir ki, Qazaxıstan beynəlxalq səviyyədə çox dinamik və hücum mövqeli bir siyasət sərgiləyir və bu, ölkənin strateji niyyətlərindən irəli gələn bir reallıqdır:
“Çünki Qazaxıstan, birincisi böyük dövlətdir, Avrasiya məkanında çox vacib bir bölgədə qərarlaşıb və onun ətrafında çox qüdrətli, böyük potensialı olan dövlətlər yerləşir. Buna görə də Qazaxıstan çalışır ki, öz milli potensialını, quruculuq və yaradıcı potensialını layiqincə istifadə etsin. Digər tərəfdən isə özü inkişaf etsin və nəhayət ətrafında, Avrasiya məkanında, ümumiyyətlə, dünyada sabitliyin, stabilliyin bərqərar olması üçün əlindən gələn işlərin hamısını həyata keçirsin.
Bu bir növ çox xeyirxah, zamanın tələblərinə, eləcə də gələcəyin çağırışlarına cavab verən bir məramdır, niyyətdir. Bu baxımdan Prezident Nursultan Nazarbayev və onun komandası son dərəcə islahatçı və işlək bir xarakter nümayiş etdirir və bu, təqdir olunmalıdır”.
Qazaxıstanın Suriya danışıqlarına böyük bir impuls verməsi çox ümidverici haldır
Politoloq düşünür ki, dünyada olan elitalar əllərini əllərinin üstünə qoyub gözləməli deyillər:
“Bu mənada Qazaxıstan çox gözəl bir nümunə göstərir və biz görürük ki, ölkədə EXPO 2017 möhtəşəm sərgi-konfransı keçirilir. Orda Azərbaycan da daxil olmaqla çox ölkələr təmsil olunur. Digər tərəfdən, Qazaxıstan Suriya böhranı ətrafında çox dinamik mövqe tutur. Çünki bir yandan beynəlxalq təşkilatlara, vasitəçilərə meydan verir, özü həmin o meydanı ətrafında gedən proseslərə rəvac verir ki, nəhayət Suriyada sülh, əmin- amanlığ bərqərar olsun, müharibə nəticəsində öz ölkələrini tərk etməyə məcbur qalmış insanlar geri qayıtsınlar.
Astanın Suriya danışıqlarına ev sahibliyi etməsi, yəni Qazaxıstan diplomatiyasının Suriya danışıqlarına böyük bir impuls verməsi çox ümidverici bir haldır. Bu, vacib və tələb olunan bir fəaliyyətdir və yalnız alqışlanmalıdır.
Azərbaycanla Qazaxıstan türk birliyinin vacib subyektləridir
Azərbaycanla Qazaxıstan arasında əlaqələrə toxunan T.Abbasov vurğulayıb ki, Azərbaycan və Qazaxıstan həm qonşu dövlətlərdir, həm də türk birliyinin vacib subyektləridir:
“Digər tərəfdən məram və niyyətlərimizə görə çox yaxın qohumlarıq. Çünki Xəzər dənizi bölgəsində məhz bu iki dövlətin səyləri nəticəsində beynəlxalq inteqrasiya prosesləri çox güclü şəkildə inkişaf edib. Birincisi, biz Şərq-Qərb nəqliyyat dəhlizində yaxından tərəfdaşlıq edirik. İkincisi, bizim çox oxşar sosial-iqtisadi komplekslərimiz var. Hər iki dövlət uğurla enerji strategiyasını işləyib gerçəkləşdirərək həm iki dövlətin özünə, həm də digərlərinə xeyir gətirib. Nəhayət, Bakı və Astana arasında dialoq çox müntəzəm ardıcıl bir tərzdə inkişaf etdirilib. Bu dialoqun özündən də çox şey asılıdır.
İki dövlət uyğun siyasət aparır və bizim mövqelərimiz başdan haçalanmırsa, bu o deməkdir ki, vacib platformalarda vahid mövqedən çıxış edirik. Bunun özü də vacib, pozitiv potensialın göstəricisidir. Həmçinin, bu ondan xəbər verir ki, iki dövlət rəhbərləri, elitaları adekvat bir şəkildə dünyada gedən prosesləri həm qarşılayırlar, həm də verdikləri qərarlarla çalışırlar ki, indiki və gələcək nəsillərin dünya quruculuğu prosesində qayğıları, problemləri, çətinlikləri az olsun”.
Nüvə silahından könüllü imtina edən ilk dövlət
Qazaxıstan həm də tarixə nüvə silahından könüllü imtina edən ilk dövlət kimi düşüb. Bu addımına görə də, Qazaxıstan bütün dünyaya örnək dövlətdir. Prezident Nazarbayev bununla bağlı deyib: “Nüvə poliqonunu ləğv edən Qazaxıstan bu silahdan imtina etməklə bütün bəşəriyyətin rahat nəfəs almasına yardım göstərib”.
Millət vəkili, politoloq Elman Nəsirov isə Nazarbayevin “Dünyanın episentri” kitabını xatırladır:
“Prezident kitabda qeyd edir ki, Qazaxıstanın unikallığı ondadır ki, dünyada hələ heç bir nüvə dövləti könüllü şəkildə nüvə silahından imtina etməyib. Belə bir addımı atan dövlət 1992-ci ildə Lissabon protokolunu imzalamaqla məhz Qazaxıstan olub. Qazaxıstanın 1216 nüvə başlığı olub, bu nüvə başlıqlarının sayına görə dünyada dördüncü nüvə dövləti sayılırdı, amma bundan imtina etdi. Bu həm də Qazaxıstanın sülhpərvər dövlət olduğunu növbəti dəfə təsdiqlədi”.Millət vəkili Nazarbayevin dünya miqyasında tanınmış siyasətçilərdən biri olduğunu, MDB məkanında həm də ağsaqqal siyasətçi kimi qəbul edildiyini vurğulayıb:
“Qazaxıstan beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən dövlətdir, Şanxay Əməkdaşlıq Təşkilatının yaradıcılarından, İslam Əməkdaşlıq Təşkilatının əsas üzvlərindən biridir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Qazaxıstan beynəlxalq aləmdə çox fəal xarici siyasət yeridən bir dövlətdir. Azərbaycanla münasibətləri də dinamik inkişaf tempinə malikdir. Beynəlxalq hüquqa hörmət edən dövlət olaraq Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Bu qətiyyətli mövqeni Azərbycan xalqı və dövləti çox yüksək qiymətləndirir. İki ölkə prezidentlərinin çox sıx dostluq münasibətləri var. Dövlət başçılarının birgə səyləri ona gətirib çıxardı ki, Rusiya ilə Türkiyənin pozulmuş münasibətləri bərpa olundu.
Biz Nazarbayevin ulu öndər Heydər Əliyevə münasibətini heç zaman unutmuruq. Ulu öndər vəfat edərkən Nazarbayev şəxsən gəldi və dəfn mərasimində iştirak etdi. Nazarbayevin apardığı siyasət nəticəsində bu gün Qazaxıstanın beynəlxalq aləmdə ən etibarlı bir tərəfdaş kimi qəbul edilir".
Pərvanə Sultanova