Mübariz Əhmədoğlu: ABŞ-ın davranışında hərbi elementlər qabarıq şəkildə özünü göstərir
Suriyada ABŞ bir neçə hərbi əməliyyatlar keçirdi. Növbəti hərbi aksiyalara hazırlaşır. Baltikyanı dövlətlərdə ABŞ və Rusiya təyyarələri bir-birini daim izləyirlər. Hərbçilərin dili ilə desək tuturlar. Hərbi təyyarəçilər bir-birinə qarşı avantürist addımlar atırlar. RF müdafiə naziri S.Şoyqunun təyyarəsini Baltik dənizi üzərindən hər iki istiqamətə uçarkən NATO təyyarələri müşayiət etdilər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Suriyada ABŞ-ın bir neçə hərbi əməliyyatlar keçirməsi, Ermənistan–İsrail müttəfiqliyinə İranın münasibəti və eləcə də Aİ Ermənistandakı “demokratiyaya” münasibətilə bağlı xəbəri şərh edərkən bildirib:
“Hərbi təyyarələrin bir-birinə qarşı münasibətləri istənilən anda idarə olunmaz vəziyyətə keçə bilər. Beləliklə hərbçilərin və ya kompüterin səhvi dünya müharibəsini yaratmağa çox yaxındır. ABŞ hərbçiləri Somalidə “əş-Şabab” qruplaşmasına hücum etdilər. ABŞ Filippində terrorçulara qarşı mübarizə aparan qüvvələrə hərbi dəstək verdi. D.Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı strateji dözümün başa çatdığını bildirdi. Pentaqonun başçısı C.Mettis Çinlə hərbi qarşıdurmanı istisna etmədi. O, Cənubi Çin dənizindəki süni adaların militarizasiyasını buna səbəb göstərdi. D.Tramp Hindistanın baş naziri N.Modi ilə görüşdükdə yalnız ABŞ-dan hərbi texnika almağı məsləhət bildi. D.Tramp Əfqanıstanda ABŞ kontingentinin miqdarını artırmaq üçün C.Mettisə icazə verdi.
ABŞ-Rusiya münasibətləri geosiyasətin ağırlıq mərkəzi olaraq qalır. İndi Rusiya ABŞ-la danışıqlara o qədər meylli deyil. Suriyadakı hərbi davranışı Rusiyanın mövqeyini sərtləşdirdi. Hal-hazırda ABŞ dialoqa daha çox can atır, Rusiya dialoqu rədd edir. Vitse-prezident C.Pens Rusiya, İran və terrorizmi sülh üçün ən böyük təhlükə adlandırdı. Ağ Ev müstəqillik günü ilə əlaqədar Rusiyaya təbrik göndərmədi. Yalnız mətbuat hay-küy saldıqdan sonra gecikməklə də olsa təbrik göndərdi. Ağ Ev G-20-nin Hamburq sammitində D.Trampın V.Putinlə görüşəcəyini bildirsə də Kreml bunu təsdiq etməyib.
ABŞ maliyyə nazirliyi Rusiyanın yeni kompaniyalarına qarşı maliyyə sanksiyalarını elan etdi.
ABŞ Dövlət Katibi E.Tillerson Rusiya ilə münasibətlərin hədsiz aşağı səviyyədə olduğunu, pisləşməkdə davam etdiyini və bunun təhlükə yaratdığını bildirdi. Onun fikrincə, ABŞ Rusiya ilə münasibətləri stabilləşdirmək istiqamətində plan hazırlayır. Tillersona görə ABŞ-ın bütün müttəfiqləri Rusiya ilə münasibətlərin yaxşılaşmasını xahiş edirlər. O Rusiya diplomatik mülkiyyətinin həbs olunmasını, iki ölkə arasındakı münasibətlərdə əsas qıcıqlandırıcı adlandırdı. ABŞ Dövlət Departamenti Baltikyanı ölkələrdəki rus dilli mətbuatı maliyyələşdirəcəkdir.
ABŞ hərbi dəniz qüvvələrinə məxsus hərbi gəmi Yaponiya sahillərində ticarət gəmisi ilə toqquşdu və ciddi zədə aldı.
Ermənistan–İsrail müttəfiqliyinə İranın münasibəti çox maraqlı olacaq.
İsrail politoloqu Aviqdor Eskinin Ermənistana və sonra Dağlıq Qarabağa səfərini təsadüfi hesab etmirik. Ən azı onun mətbuata verdiyi açıqlamalar hər şeyin əvvəlcədən hazırlanmış və İsrailin müvafiq rəsmiləri ilə razılaşdırılmış kimi görünməsidir. Nəzərə alınmalıdır ki, A.Eskin vaxtı ilə İsrail-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edib. A.Eskinin ermənilərə tərəf mövqe dəyişikliyində ən azı 3 variantı diqqətdə saxlayırıq:
A.Eskin Azərbaycandan subyektiv faktorlara görə narazıdır. İsrail hökuməti Azərbaycandan narazıdır, ona görə A.Eskini “xüsusi missiya” ilə Ermənistana və Dağlıq Qarabağa göndərib. İsrailin Azərbaycandan narazılığının iki motivasiyası ola bilər: Birinci motivasiya İranla əlaqəlidir. Azərbaycan ehtimal ki, İsrailin antiİran siyasətində heç bir zaman iştirak etməyəcəyinə İsraili inandırıb və yəhudilər bundan narazı qalıblar. İkinci motivasiya İ.Lapşinin həbsi ilə əlaqəli ola bilər. Ümumi narazılıq fonunda Lapşinlə bağlı xahişlərin imtinası Təl-Əvivi belə addım atmağa təhrik edib.
İsrail A.Eskinin erməni mətbuatına verdiyi müsahibəsində dediyi kimi Yaxın Şərqdə gedən böyük dəyişikliyi görür və buna hazırlaşır. İsrailə həm də Türkiyəyə qarşı çıxa bilən qüvvə lazımdır. Çünki R.T.Ərdoğan dövründə İsrail-Türkiyə münasibətləri sinusoidal oldu. R.T.Ərdoğanın əl-Əksa məscidi ilə bağlı dedikləri İsraildə Türkiyə ilə münasibətlərinin stabil, normal olacağına inamı qırdı. Ona görə İsrail antiTürkiyə alət kimi Ermənistandan istifadə edir. Bu ABŞ-da çox ciddi antiTürkiyə qüvvə yarada bilər. Həmin qüvvələr Türkiyənin maraqları ilə birlikdə Azərbaycana qarşı da mübarizə aparacaqlar. İsrailin antiTürkiyə alət kimi Ermənistandan istifadə etməsi İranda çox geniş müzakirələr yaradacaqdır. Çünki İranda antiİsraillik üstqurumdur. AntiTürkiyə və antiAzərbaycançılıq isə bazisdir. Ona görə İran Ermənistanın İsrailə yaxınlaşmasına İsrailin Azərbaycana yaxınlaşmasına verdiyi kimi sərt reaksiya verməyəcək. Yalnız ilk dövrlərdə müəyyən tənqidi fikirlər bildiriləcəkdir. A.Eskin düzgün hesab edir ki, İran parlamentinin spikeri Ə.Laricani Cənubi Koreyada keçirilən tədbir müstəvisində Ermənistan parlamentinin spikeri A.Babloyanla görüşdə İsrail təhlükəsindən məhz onun səfərinə reaksiya olaraq danışıb.
A.Eskinin Ermənistana səfəri və bu səfər zamanı Dağlıq Qarabağda olması qəflətən baş verməyib. Həm İsrail knessetinin keçmiş deputatı Aleksandr Tsinker bir az öncə Ermənistanda idi. Özü ilə bir neçə jurnalistdə gətirmişdi. Tsinker diqqət çəkən açıqlamalar verdi. Onun fikrincə, İsrail Azərbaycana silah satdığı dövrdə həm də Ermənistana silah təklif edib. O zaman kı, müdafiə naziri S.Ohanyan baha olduğuna görə bu silahları almayıb. A.Tsinker və A.Eskin hər ikisi onların Ermənistana səfərinin İranla münasibətlərin yaxşılaşmasına xidmət edəcəyinə inanırlar. Bu inamı aşılamaq təsadüfi deyil. Çünki tarixən İran və İsrail müttəfiq olmuşlar. Bu müttəfiqlik İslam inqilabından sonra dayansa da əlaqələr kəsilmədi. İslam inqilabının ilk illərində İranın hərbi təyyarələrinin ehtiyat hissələri ilə təmini İsrail hesabına reallaşdırılırdı.
İsraildə Ermənistan Dövlət Tibb Universitetinin saxta diplomları aşkarlanıb. İsrail Səhiyyə Nazirliyi bu işə Ermənistanın təhlükəsizlik xidmətini qoşub.
Aİ Ermənistandakı “demokratiyaya” münasibətini dəyişir.
Aİ-nin Ermənistandakı səfiri P.Svitalski seçki ilə əlaqəli bütün məsələlərlə bağlı tənqidi fikirlər bildirdi. P.Svitalskinin bəyanatlarına Mərkəzi Seçki Komissiyasının sədri T.Mukuçyan və Ermənistanın yeni (həm də köhnə) ədliyyə naziri D.Arutyunyan münasibət bildirdilər. T.Mukuçyanın fikrincə, P.Svitalski vəziyyəti çox tündləşdirir. D. Arutyunyan isə xarici diplomatların Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarının olmadığını bildirdi. Bu mövzuda daha vacib məsələ P.Svitalskinin seçkidən iki ay yarım keçdikdən sonra kəskin tənqidi münasibət bildirməsidir. Parlament seçkiləri başa çatdıqdan sonra Aİ diplomatı müsbət münasibət bildirmişdi.
P.Svitalski Ermənistan rəsmilərinin reaksiyasını gördükdən sonra mövqeyini daha da sərtləşdirdi: Ermənistanın suverenliyinə təhlükə Aİ-nin dost yardımında deyil, başqa yerdədir. Əgər Aİ-nin Ermənistana yardımı arzu olunan deyilsə, Aİ bu yardımı dayandıra bilər. P.Svitalskinin belə kəskin mövqeyi rəsmilərin mövqeyini dəyişdi. Ədliyyə naziri D.Arutyunyan Ermənistana etdiyi yardıma görə Aİ-yə minnətdarlığını bildirdi. Yerli və xarici ekspertlər onun müdafiəsinə qalxdılar. Fransalı, erməni mənşəli politoloq Kayts Minasyan Aİ səfirinin deyil, RF-in Ermənistandakı səfiri İ.Volınkinin fikirlərini Ermənistanın daxili işlərinə qarışmaq olduğunu bildirdi.
Aİ səfirinin mövqeyinin sərtləşməsini şərh edən deputat N.Zohrabyan diqqət çəkən açıqlama verdi: Bu vaxtadək bizə quş qoymaq xatirinə səfir göndərirdilər. Biz belə vəziyyətə vərdiş vermişdik. Belə səfirlər əksərən müxtəlif nazirlərlə cinayət əlaqələrinə girərək otkat mexanizmi ilə qrant pullarını mənimsəyirdilər. Görünür, P.Svitalski onlardan deyil.
Aİ-nin Ermənistandakı səfiri P.Svitalskinin Ermənistana qarşı mövqeyinin qəflətən kəskinləşdirməsi təsadüfi deyil. Bu P.Svitalskinin şəxsi korporativ maraqları ilə də bağlı ola bilər. Lakin Aİ-nin təkcə iri dövlətlərinin deyil, Çexiya, Slovakiya və s. kimi kiçik dövlətlərinin də P.Svitalskinin müdafiəsinə qalxması Ermənistana qarşı sərtləşmənin ümumi Qərbə aid olduğunu deməyə əsas verir. Qərb “qamçı və qoğal” siyasəti aparmaqla prezident S.Sərkisyandan verdiyi vədləri yerinə yetirməyi tələb edir.
Çünki S.Sərkisyanın prezidentlik müddətinə ümumiyyətlə Ermənistanın prezidentli dövlət olmasına cəmi 10 ay vaxt qalıb. Qərb Ermənistana saxta demokratik imic yaratmaqla, “demokratik dövlət pasportu” verməklə Ermənistana regional proseslərdə, o cümlədən Dağlıq Qarabağ tənzimlənməsində böyük resurs ayırmışdı. İndi isə Qərb S.Sərkisyan tərəfindən növbəti dəfə aldanıldığını başa düşür. Buna görə səfirlər, o cümlədən Böyük Britaniyanın Ermənistandakı səfiri C.Farnuort keçirdiyi görüşlərdə Ermənistanın demokratik dövlət olması istiqamətində gördüyü işləri yada saldı.
S.Xankişiyeva