Hacıbəy Heydərli: “Bəzi qrantyeyən media orqanları LGBT və feminizm tezislərini daima ön plana çıxarır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıbəy Heydərli: “Bəzi qrantyeyən media orqanları LGBT və feminizm tezislərini daima ön plana çıxarır”

Qafar Ağayev17:28 - Bu gün
Hacıbəy Heydərli: “Bəzi qrantyeyən media orqanları LGBT və feminizm tezislərini daima ön plana çıxarır”

Azərbaycanda cinsi azlıqlara münasibətin bəziləri tərəfindən məqsədli şəkildə təhrif olunaraq təqdim edilməsi bəzi media qurumlarının manipulyativ fəaliyyətinə diqqət çəkib.

1news.az xəbər verir ki, bu barədə Azxəbər.com saytının baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərli sosial şəbəkə hesabında paylaşım edib.

“Hər kəsə bəllidir ki, Azərbaycanda cinsi azlıqlara münasibət homofob səviyyədə deyil. Onlara istər dövlətimiz, istərsə də cəmiyyətimiz hər zaman loyal münasibət göstərir. Hətta bu mövzuda dünyanın bir çox ölkəsinə nümunə də ola bilərik”, – deyə o bildirib.

Redaktorun sözlərinə görə, bu mövzunun süni şəkildə gündəmdə saxlanılması əsasən fəaliyyəti qanunla qadağan edilmiş bəzi media qurumları tərəfindən həyata keçirilir.

“Mənim diqqətimi çəkən odur ki, bəzi qrantyeyən media orqanları LGBT və feminizm tezislərini daima ön plana çıxarır. Bu təsadüfi deyil, çünki Avropada qrant verən təşkilatlar üçün bu mövzular prioritet sahələrdəndir. Onlar bu medialara vəsait ayırarkən əsas şərtlərdən biri kimi cəmiyyətə yad olan dəyərlərin təbliğini tələb edirlər”, – deyə Heydərli vurğulayıb.

O qeyd edib ki, bu media qurumlarının məqsədi ölkədə guya “homofob vəziyyət”in hökm sürdüyünü xarici havadarlarına sübut etməkdir.

“Onların ən çox istifadə etdiyi vasitə sosial media şərhləridir. Çünki insanlar fikirlərini sərbəst ifadə edir və bu da demokratik cəmiyyətin göstəricisidir. Amma həmin qurumlar bu şərhləri toplayaraq ölkədə guya homofob vəziyyətin hökm sürdüyü təəssüratını yaratmağa çalışırlar”, – deyə o əlavə edib.

O, həmçinin bəzi media orqanlarının şəxsi məlumatları yaymaqla (doxxing) etik və hüquqi normaları pozduğunu da vurğulayıb.

“Məsələn, Meydan TV-nin son paylaşımında bir şəxsi açıq şəkildə ‘cinsi azlıq’ kimi təqdim etməsi və onun bu səbəbdən öldürüldüyünü iddia etməsi həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir. Ölən insanın cinsi oriyentasiyasını xəbərdə xüsusi vurğulamaq, onun şəklini paylaşmaq və insanların təhqiramiz şərhlər yazmasına şərait yaratmaq vicdansızlıqdır”, – deyə redaktor bildirib.

Baş redaktorun sözlərinə görə, bu cür manipulyativ xəbərlərdə dövlət qurumlarına qarşı da əsassız ittihamlar irəli sürülür.

“TV iddia edir ki, guya ‘homoseksual öldürülərkən ətrafdakı insanlar müdaxilə etməyib, həkimlər isə yaralıya tibbi yardım göstərməyiblər’. Bu, dövlət qurumlarına qarşı çox ciddi ittihamdır. Əgər belə hal doğrudan da olubsa, araşdırılmalıdır. Amma bıçaqlanan insanın həmin an cinsi orientasiyasını həkimlərin necə bildiyini izah etmək mümkünsüzdür”, – deyə Heydərli vurğulayıb.

Sonda Hacıbəy Heydərli qeyd edib ki, xaricdən yönəldilən və milli-mənəvi dəyərlərimizə zidd olan təsirlərdən cəmiyyətin qorunması vacib məsələdir.

“Bir neçə gün öncə yazdığım kimi, Azərbaycanın ideoloji sərhədlərinə yönəlmiş xarici təsirlərdən tam azad olmalıyıq. İnsanların ölümü üzərindən pul qazanmaq istəyən, xaricdən idarə olunan səhifələr və kanallar ifşa olunmalı, cəmiyyət onları tanımalıdır. Milli-mənəvi dəyərlərimizin qorunması hər birimizin vətəndaşlıq borcudur”, – deyə o əlavə edib.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər