Sabah əsl bayram havası olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah əsl bayram havası olacaq

12:29 - 30 / 12 / 2017
Sabah əsl bayram havası olacaq

Azərbaycanda ilin son gününə və həftəsonuna – dekabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var.

Gecə və səhər zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 30-31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

S.Xankişiyeva

 

 

Paylaş:
996

Son xəbərlər

Bütün xəbərlər