Mübariz Əhmədoğlu: Ermənistanın İrana münasibətində kardinal dəyişikliklər baş verib
İranın Ermənistandakı səfiri S.K.Səccadinin son bəyanatının təhlili belə nəticəyə gəlməyə tam əsas verir. Səccadi İranla Ermənistan arasında iri layihələrin (Mehri SES-in və dəmir yolunun) reallaşmamasının məsuliyyətini Ermənistanın üzərinə qoydu.
Ermənistanın AİB-ə üzvlüyünün heç bir fayda vermədiyini bildirdi. Bununla da son illərdə rəsmi Yerevanın əsas “kozırını” əlindən aldı; Ermənilər AİB-lə İran arasında körpü rolu oynamağa çox iddialı idilər və bunu ciddi səylə təbliğ edirdilər. Mehri AİZ-i də bu məqsədlə yaratmışdılar. Yeri gəlmişkən qeyd edək ki, Mehri AİZ-in açılışında İran tərəfi iştirak etmədi. İndi səfirin bəyanatı dekabrın sonlarında Mehri AİZ-in açılışı ətrafında baş verənlərə aydınlıq gətirdi. Səfiri belə mövqe ortalığa qoymağa vadar edən səbəblər sensasiyalıdır:
ı. Ermənistan prezidenti S.Səkisyan İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İrana təbrik məktubu göndərmədi. Bu vaxtadək Ermənistan prezidentləri hər il İranın prezidentinə və Ali rəhbərinə iki təbrik məktubu ünvanlayırdılar.
ıı. Rəsmi Yerevanın İran İslan İnqilabının 39-cü ildönümünün Ermənistanda qeyd edilməsinə icazə verilmədi.
ııı. Yerevan Dövlət Universitetində ikinci İranistika kafedrasının əvəzinə iranşünaslıq auditoriyası yaradıldı.
Göründüyü kimi Ermənistanın İrana göstərdiyi bu münasibət çox təhqirlidir və bunun müqabilində İran səfirinin mövqeyi öz dövlətinin mənafelərini lazımınca qoruya bilməmək kimi təfsir edilməlidir. Hər halda səfir üçün belə vəziyyət gözlənilməz olmamalı idi. Çünki bu hadisələrdən bir az öncə yüksək çinli ABŞ rəsmisi B.Brink Ermənistanda səfərdə olub, İran məsələsini müzakirə etmişdi. Ondan bir az əvvəl rəsmi Yerevan İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qaz paylama şəbəkəsini RF-ə verdi. Bundan da bir az qabaq prezident S.Sərkisyan İranı daxili sabitliyi olmayan ölkə kimi xarakterizə etmişdi. Məhz İranın daxilindəki xaos və qeyri-sabitliyin Ermənistanın İranla əlaqələrinin inkişafına maneçilik törətdiyini bildirmişdi.
Biz İranın Dağlıq Qarabağ tənzimlənməsindəki gücü və potensialına və eləcə də uzun müddətli mövqeyinə bələdik. Qarabağ torpağı müqəddəs torpaqdır. Bu fikri əlavə inkişaf etdirmək niyyətində deyiləm. Amma İran rəsmilərinə və din xadimlərinə bir yadasaldı etmək niyyətindəyik. Ermənistan suveren dövlət deyil. Qərar qəbul etməsində gah Rusiyanın, gah da ABŞ-ın mövqeyini nəzərə alır. Hər iki dövlətin Ermənistan üzərində təsirinin artmasının ən əsas səbəbi hər iki dövlətin Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini dəyişmələridir. Rusiya və ABŞ Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqedən xeyli uzaqlaşıblar. Səfir özü də etiraf edir ki, İranın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi bu münaqişə yarandığı andan ermənilərin tərəfindədir. Bəlkə İran Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişməyi sınaqdan keçirsin?!
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq