İranla Azərbaycan arasında ziddiyyətlər əməkdaşlıqla əvəzləndi
Azərbaycanın yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətləri yeni mərhələyə qədəm qoymaqdadır. Son illər ərzində ən müxtəlif sahələrdə iki ölkənin münasibətləri yüksələn xətlə inkişaf edir. Burada əsas rolu isə yaxın qonşuluq, tarixi bağlar, dini, mədəni, mənəvi dəyərlər oynayır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin əsasını bütün dövlətlərlə yaxın, isti münasibətlərin formalaşması təşkil edir.
Qonşu dövlətlərlə isə Azərbaycan xüsusi münasibətlərə malikdir. Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə malikdir. Xalqlarımız əsrlər boyu bərabər yaşayıb, ortaq dəyərləri bölüşüblər. Bu gün isə ölkələrimiz həm ikitərəli, həm də çoxtərəfli formatlarda çox yüksək səviyyədə əməkdaşlıq edirlər. İki dövlət beynəlxalq arenada da fəal əməkdaşlıq edir, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər formatlarda bir-birini daim dəstəkləyir.
Bu gün əminliklə demək olar ki, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində əldə edilən ikitərəfli razılaşmalar əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Azərbaycan və İran arasında son illər yüksək səviyyəli səfərlərin sayının artması da əməkdaşlığın inkişafında öz rolunu oynayır.
Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatlarında bununla bağlı bildirib: “Bu görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verib”.
Ümumiyyətlə, onu da qeyd edə bilərik ki, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər iki ölkə arasında mövcud olan və uzun illərə söykənən yaxın qonşuluğun və tərəfdaşlığın göstəricisidir. Ruhaninin Bakı səfəri zmanı “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramı”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı”nı, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı”, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.
Əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət imzalanan sənədlərdən İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişi göstərə bilərik ki, bütün bunlar tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilməkdədir.
Belə ki, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Artıq əminliklə nəticəyə gəlmək mümkündür ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək və bu kimi layihələr hər iki dövlətə və xalqa fayda gətirəcəkdir.
Başqa bir məqam isə budur ki, Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynaya bilər. Eləcə də Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Bütövlükdə isə qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.
Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Bütövlükdə isə qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.
Bütövlükdə İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir.
Rəsmi Bakı üçün daha bir əhəmiyyətli və vacib məqam isə İranın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsidir. Belə ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakı səfərindəki çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini bir daha bəyan edib və beynəlxalq prinsiplərin məsələnin həlli üçün alət kimi istifadə edilməməsi vacibliyini vurğulayıb. İran prezidenti deyib: “Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir”.
Azərbaycanın dövlət başçısı isə vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir: “Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır”.
Beləliklə, Bakıda imzalanmış sənədlər, iki ölkənin ən vacib məsələlərdə bir-birinə dəstəyi yaxın gələcəkdə mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyini, güclənəcəyini deməyə əsas verir.
Politoloq, millət vəlkili Rasim Musabəyov 1news.az-a açıqlamasında İran prezidentinin Azərbaycana səfərini müsbət qiymətləndirir. O deyib ki, İran Azərbaycann qonşusudur. İki ölkəni dini, mədəni, tarixi tellər çox sıx bağlayır:
“İranla yaxşı münasibətlərin olmasında, əməkdaşlığın dərinləşməsində maraqlıyıq. Ruhaninin səfəri onu göstərir ki, bu istiqamətə yeni bir addım atılıb və biz təkcə hansısa ticari, digər kiçik layihələrlə deyil, böyük layihələrlərlə bağlı söhbətlər aparırıq. Hər bir iqtisadi əməkdaşlıq, o cümlədən siyasi səviyyədə dialoq həm də bir- birini anlamağı, dəstəkləməyi tələb edir. Bu baxımdan hesab edirəm ki, bu səfəri müsbət və uğurlu qiymətləndirmək olar”.
İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə də toxunan politoloq hesab edir ki, rəsmi Tehranın bu istiqamətdəki mövqeyi sözdə hər zaman prinsipial olub:
“Əməldə necə olacaq, demək çətindir. Amma İran bu münaqişədə həmişə iki əsas prinsip irəli sürüb. Birincisi, münaqişə dinc, danışıqlar yolu ilə həll edilməlidir. İkincisi, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Baxmayarq ki, İran Ermənistanla da münasibətlər saxlayır, ancaq bu məsələdə azı sözdə İranın mövqeyi Azərbaycan üçün məqbuldur”.
R.Musabəyov vurğulayıb ki, Azərbaycanın İrana nəqliyyat məsəsləsində verdiyi dəstək qarşılıqlıdır: “Bizim nəqliyyat-tranzit məsələsində marağımız var. Marağımız ondan ibarətdir ki, beynəlxalq nəqliyyat imkanları olduğu halda Azərbaycandan keçən yüklərin həcmi artacaq və bu, əlavə qazancdır. Biz o pulları İrana bağışlamamışıq, kredit şəklində vermişik. ABŞ, Avropa banklarında öz pullarımızı bir faizlə saxlayırıq, burda isə üzərinə 5 faiz gələcək. Həmçinin, elə bir layihə gerçəkləşəcək ki, sonra Azərbaycana onun faydası olacaq. Eyni zamanda bu, iki dövlət arasında əməkdaşlıq, yaxınlaşmaq üçün yaxşı bir amildir. Bunu da Azərbaycan tərəfindən güzəşt kimi qiymətləndirmək lazım deyil. Bu, düşünülmüş, hesablanmış, fayda verən bir qərardır”.
Millət vəkili hesab edir ki, Xəzərin hüquqi statusu məsələsində də İranın mövqeyində bir yumşalma var:
“Bildiyiniz kimi bu il Qazaxıstanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti olmalıdır və orda Xəzərin hüquqi statusu ilə bağlı qərar verilməlidir. Nəzərə alsaq ki, indi Azərbaycan, Rusiya, Qazaxıstanın mövqeyi razılaşdırılıb, qalır təkcə Türkmənistan və İran. Onların maneələri ilk növbədə Azərbaycana yönəlmişdir, İranla müəyyən məsələlərdə yaxınlaşma həm də statusla bağlı qərar vermək üçün yol açır. Eyni zamanda o gərginlikləri aradan götürür. Biz Azərbaycanın İranla və ya Türkmənistanla bu kimi məsələlərə görə münasibətlərində gərginliyin olmasında maraqlı deyilik”.
Azərbaycan-İran münasibətlərinin gələcəyi
Münasibətlər gələcəyi ilə bağlı hər şey ola bilər. İndi İrana qarşı sanksiyalar tətbiq olunsa, təbii ki, bizim əməkdaşlığımız üçün müəyyən məhdudiyyətlər yaranır. İran sabah Suriyada Türkiyə ilə toqquşsa, bu, yenə də problemlər yaradacaq. Yəni demək istəyirəm ki, ikitərəfli müstəvidə İran da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. İran anlayır ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanı öz təsir dairəsinə daxil etmək qeyri mümükündür. İran bərabər hüquqlu münasibətlər qurmaqla əməkdaşlığın inkişafında meyilli olmasını göstərir. Bu, Azərbaycan üçün də vacibdir. İndi kənar hansısa gərginlik yaradan hadisə olmadığı halda düşünürəm ki, Azərbaycan İran münasibətlərinin praqmatik şəkildə yüksələn xətlə davam etmək potensialı var və bu, reallaşa bilər".
P.Sultanova