Politoloq: Trampın məqsədi Putinlə münasibətləri normallaşdırmaq deyil | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Trampın məqsədi Putinlə münasibətləri normallaşdırmaq deyil

14:08 - 07 / 08 / 2018
Politoloq: Trampın məqsədi Putinlə münasibətləri normallaşdırmaq deyil

Trampın məqsədi Putinlə münasibətləri normallaşdırmaq deyil, dialoq rejimində Rusiyanı istədiyi məcraya salmaqdır. Rusiya-ABŞ prezidentlərinin Helsinki görüşü az qala bütün dünyanın gündəliyini zəbt etdi.

Avropa və İranda maraq daha çox idi. Əsasən İran və Suriya ilə əlaqəli qərarlar gözlənilirdi. D.Peskov E.Snoudenin ABŞ-a qaytarılacağı ilə bağlı məlumatları qətiyyətlə təkzib etdi. Görüş zamanı iki ölkənin münasibətlərinin normallaşması hədsiz qəliz məsələ olduğu üçün sonda iki prezidentin görüşü yalnız bu prizmadan dəyərləndirildi. S.Lavrov bu görüşü “superdən də yaxşı” adlandırsa da ABŞ Dövlət Katibi M.Pompeonun fikrincə, prezidentlər Ukrayna məsələsində razılaşmamağı “razılaşdırıblar”.

Real nəticə İsrailin xeyrinə oldu. Hər iki prezident Suriya probleminin həllində İsrailin təhlükəsizliyinin öndə olacağını bəyan etdilər. 1974-cü ildə İsraillə Suriya arasında imzalanmış müqavilənin əsas götürüləcəyini V.Putin Helsinkidə mətbuat konfransında elan edən kimi İsrailin baş naziri B.Netanyahu buna sevinclə münasibət bildirdi.

ABŞ siyasi isteblişmenti V.Putini qalib, D.Trampı məğlub elan etdi. V.Putinin mətbuat konfransında səsləndirdiyi “biz Trampın qələbə çalmasında maraqlıydıq” fikrini hətta Ağ Ev stenoqramdan sildi. D.Tramp da Rusiyanın seçkilərdəki müdaxiləsinə inanır və yeni seçkilərdə də RF-in müdaxiləsindən ehtiyatlanır. D.Trampa görə RF bu dəfə demokratların qələbə çalmasına kömək edəcəkdir. RF və ABŞ prezidentlərinin görüşünün təşəbbüskarı D.Tramp idi və onun təşəbbüskarlığına da məhz bu kontekstdən yanaşmaq lazımdır. D.Tramp V.Putinlə görüşü bütün prizmalardan və yalnız müsbət qiymətləndirir. Eyni zamanda RF-ə qarşı sanksiyaların zəiflədilməsini istisna edir.

D.Trampın məqsədi RF-lə münasibətləri normallaşdırmaq deyil, dialoq rejimində RF-i istədiyi məcraya salmaqdır. Trampın NATO sammitindəki davranışı da bunu göstərir. D.Tramp NATO dövlətlərini ÜDM-lərinin 2 faizini NATO-ya ayırmağa vadar etdi və demək olar ki, buna nail oldu. Almaniyanı çox sərt tənqid etdi; NATO büdcəsinə vəsait ödəməyən Almaniya “Şimal axını-2” layihəsində iştirak etməklə, RF-dən qaz almaqla Rusiyanı maliyyələşdirir tezisini irəli sürdü. Prezident V.Putinlə görüşü ərəfəsində Rusiyanın Avropaya qaz satmasına ciddi əngəllər yaratdı. D.Trampın dediyinə görə Avropa ABŞ-dan sıxılmış qaz almaq üçün 11 terminal hazırlayır. Bütün bunlar Trampın RF-lə münasibətini normallaşdırmaq niyyətinin olmadığını sübut edir. Dialoqa cəhd etməkdə məqsədi Rusiyanın siyasətini Çin və KXDR üzərinə yönəltməkdir, və ya bu istiqamətdə neytrallaşdırmaqdır.

KXDR ABŞ-a xeyli yaxınlaşıb, D.Tramp buna nail olub. D.Trampın KXDR-i özünə yaxınlaşdırmaqda əsas rıçaqlarından biri RF-i KXDR-ə qarşı sanksiyalara vadar etməsidir. ABŞ-ın sanksiya siyasətini rədd edən RF ABŞ-ın KXDR-ə qarşı sanksiya siyasətinə qoşuldu. D.Tramp və M.Pompeo məhz bundan ötrü RF-ə minnətdarlıq bildirdilər. KXDR Rusiyanın belə siyasətini anlamır. D.Trampa KXDR istiqamətində Rusiyanın belə ziddiyyətli siyasət aparması ən azı yaxın 1 ildə lazımdır. KXDR hal-hazırda RF-dən küsmüş vəziyyətdədir. İki ay bundan öncə KXDR ətrafındakı qeyri-müəyyənliklər çələngi ABŞ-ın ziyanına, RF-in lehinə idi. İndi artıq vəziyyət əksinə dəyişib.

ABŞ Çinə qarşı ticarət müharibəsindədir. Belə vaxtda RF-in Çinlə birləşib antiABŞ kursu aparması Trampı çətin vəziyyətə sala bilər. Çinlə RF arasındakı münasibətlər məhz bu istiqamətdə inkişaf edirdi. Trampın V.Putinlə hərarətli ritorikası Çini də çaşbaş salıb.

Qazaxıstan ilə münasibətləri Rusiyanın MDB siyasətini mürəkkəbləşdirə bilər.

Qazaxıstanın Rusiya ilə münasibətləri barədə yayılan məlumatların kontent analizi bu münasibətlərin pisləşmə istiqamətində olduğunu göstərir. Region dövlətlərinin neft bazarlarına çıxması Rusiya mətbuatı tərəfindən Qazaxıstanın Rusiyanı regiondan çıxarması kimi təfsir olundu. RF mətbuatı (“V.Solovyovla axşam” tok-şousu) Qazaxıstanın Xəzər dənizində ABŞ hərbi bazalarının yerləşdirməsini fakt kimi təqdim etdi. Qazaxıstan XİN bunu təkzib etdi.

İş təkcə mətbuatda deyil. Hər iki ölkənin Xarici İşlər Nazirlərinin bir-biri ilə əlaqəli yaydığı məlumatlarda, bəyanatlarda istifadə etdiyi terminlər də neqativ kəsərlidir: “Qazaxıstan üçün Rusiya ilə əlaqələrin kəsilməsi qeyri-məqbul, məntiqsiz və əks məhsuldardır”. Qazaxıstan XİN-i iki ölkə arasında XXI əsrdə əbədi dostluq bəyannaməsinin 20 illiyi ilə əlaqədar Xİ naziri Q.Abdırahmanov RF mətbuatına verdiyi müsahibədə yer alan bu fikri RF Xİ naziri S.Lavrovun həmin münasibətlə bildirdiyi “indiki sadə olmayan beynəlxalq şəraitdə balanslıq və hər iki tərəfin maraqlarını nəzərə ala bilən qərar tapa bilirik” fikrinə müvafiqdir.

RF Qazaxıstan kömürünün Rusiya portlarından daşınmasına prioritetlik verilməsi ilə bağlı müqavilənin imzalanmasını təxirə saldı. Bütün bunlarla yanaşı hələki müsbət kimi dəyərləndirilən proseslər də davam edir. RF Ukraynanın 22 məhsulunun öz ərazisi vasitəsilə Qazaxıstana tranzitinə icazə verdi.

Sarı Şaqan poliqonunda RF hərbçiləri ən müasir raketlərini sınaqdan keçirdi.

Prezident N.Nazarbayev paytaxt Astanada 4-cü pravoslav kilsəsinin tikilməsini tapşırdı.

RF prezidenti V.Putin iki dəfə N.Nazarbayevə zəng edərək onu ad günü və Astana şəhərinin 20 illiyi münasibətilə təbrik etdi. V.Putin N.Nazarbayevin beynəlxalq reytinqinin yüksək olmasını xüsusi qeyd etdi.

N.Nazarbayev ömürlük olaraq Təhlükəsizlik Şurasına rəhbərlik etməklə prezident olacaq şəxsi də idarə etmək fikrindədir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər