Mübariz Əhmədoğlu: Tramp Putini “yerində oturtmaq” üçün hərbi aksiyaya əl atacaq | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Tramp Putini “yerində oturtmaq” üçün hərbi aksiyaya əl atacaq

13:39 - 06 / 09 / 2018
Mübariz Əhmədoğlu: Tramp Putini “yerində oturtmaq” üçün hərbi aksiyaya əl atacaq

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirərək keçən ay dünyada baş verən mühüm hadisələrə münasibət bildirib.

Politoloqun dünyada və regionda baş verən mühüm hadisələrlə bağlı tezis şəklində səsləndirdiyi fikirləri təqdim edirik:

1. Trampa ABŞ-da qarşıdan gələn seçkilərə Rusiyanın müdaxilə edərək demokratları qalib çıxaracağından qorxur.

Rusiya-ABŞ münasibətləri gərginliyin və qeyri-müəyyənliyin yeni mərhələsinə daxil oldu. Gərginlik və qeyri-müəyyənliyin təşəbbüskarı ABŞ prezidenti D.Trampdır. D.Trampın Rusiyaya münasibətdə yeni qorxu motivasiyası yaranıb. D.Tramp Rusiyanın ABŞ-da qarşıdan gələn seçkilərə müdaxilə edərək demokratları qalib çıxaracağından qorxur. Nəticədə D.Tramp növbəti dəfə ABŞ-ın prezidenti ola bilməyəcək.

D.Tramp nəinki 2-ci, hətta 3-cü, 4-cü dəfə ABŞ-ın prezidenti olmaq niyyətindədir. Onun bu arzusunu V.Putin məhv edə bilər. Tramp hal-hazırda bu qorxu instinkti ilə idarə olunur. Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar da məhz buna görə məntiqdən tam məhrumdur. Britaniyada Solsberi və ya Skripalların zəhərlənməsinin aktual vaxtında ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etmədi. Amma bu məsələ aktuallığını itirdikdən sonra D.Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Milli təhlükəsizlik məsələləri üzrə müşavir C.Boltonun Helsinkidə RF Təhlükəsizlik Şurasının katibi N.Patruşevlə görüşməsində də rəsmi səbəblər, terrorizmə qarşı mübarizə, ikitərəfli münasibətləri normallaşdırmaq, İran və Suriya məsələləri deyilsə də sonda bəlli oldu ki, C.Bolton N.Patruşevdən RF-in ABŞ-dakı seçkilərə müdaxilə etməyəcəyinə dair yazılı sənəd almaq niyyətində imiş. N.Patruşev görüşün yekunlarına dair ümumi məzmunlu sənəd imzalamağı təklif etsə də C.Bolton bununla razılaşmayıb.

ABŞ-ın Rusiyanın seçkilərə müdaxilə etməməklə bağlı rəsmi və yazılı öhdəliyinə necə inanacağı da bəlli deyil. Trampın qorxu instinkti artan xətlə hadisələri diktə edir. Fars körfəzinə hərbi gəmilər göndərdi. RF Müdafiə Nazirliyi “ağ dəbilqəlilərin” yenidən  kimyəvi hücum təşkil edəcəyi ilə bağlı detallı məlumat yaydılar. ABŞ da əvvəlcədən rəsmi Suriya ordusunun kimyəvi silah tətbiq edəcəyi ilə bağlı məlumatlar yaydı. Bu halda ABŞ qəflətən hərbi qüvvədən istifadə edəcəyini bildirdi və məhz bu məqsədlə də Fars körfəzinə hərbi qüvvələr yerləşdirdi. Suriyanın Xarici İşlər naziri V.Muallem Moskvada səfərdə olarkən S.Lavrovla keçirdiyi mətbuat konfransında “ağ dəbilqəlilərin” kimyəvi silah hücumunu səhnələşdirmək üçün 44 uşaq oğurladığını bildirdi. RF Xİ naziri S.Lavrov həmin mətbuat konfransında Qərbi odla oynamaqdan çəkinməyə çağırdı. Başqa sözlə, RF ABŞ-ın hərbi hücumuna hərbi yolla cavab veriləcəyini bildirdi. Ümumiləşdirsək ABŞ-la Rusiya arasında münasibətlərin birdəfəlik həlli fazasına daxil olduqlarını deyə bilərik.

Yaxın günlərdə olmasa da, yaxın aylarda D.Tramp V.Putini “yerində oturtmaq” üçün hərbi aksiyaya əl atacaq. Aksiyanın məkanı Suriya olacağı şəksizdir. Hər şeyi Rusiyanın və ya Rusiya adından Suriyanın verəcəyi cavab zərbələri müəyyənləşdirəcəkdir. Rusiyanın ABŞ-ın hərbi aksiyasına verdiyi hərbi cavab reaksiyası zəif olacaqsa D.Tramp müharibəni Qara dəniz akvatoriyasına keçirəcək. Rusiyanın zərbəsi ABŞ-ın Fars körfəzindəki qüvvələrini darmadağın edəcəksə, o zaman ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi U.Mitçellin “V.Putinin Amerika cəmiyyətini parçalamaq istəyir” tezisinə inanmaq lazım gələcəkdir. U.Mitçellə görə V.Putin Amerika respublikasını seçkilərə təsir etməklə deyil, Amerika cəmiyyətində mövcud olan “geoloji parçalanma xəttini” sistematik qızışdırmaq vasitəsilə parçalamaq istəyir.

2. Türkmənistan üçün RF –lə münasibətlər həm də TransXəzər     Qaz Kəmərinin tikintisinin taleyini  həll edə bilər.         

Türkmənistanda Aral gölünün xilası üzrə Beynəlxalq Fond konfrans keçirdi. Konfransda Mərkəzi Asiya regionu dövlətlərinin prezidentlərinin hamısı iştirak etdi. Digər region ölkələrində keçirilən belə tədbirlərdə ən çox iştirakdan yayınan Türkmənistan prezidentidir. Bu tədbir Türkmənistan ərazisində keçirildiyi üçün 5 prezidentin hamısı birlikdə idi. “Avaz” milli turist zonasında keçirilən konfransda giriş sözü ilə çıxış edən prezident Q.Berdıməhəmmədov Aral problemini zamanın tələblərinə cavab verən yeni yanaşmalar tələb etdiyini bildirdi. Aralın xilas fondunun pulu tükənib. 

Q.Berdıməhəmmədov tədbirə gələn 4 ölkə prezidentlərinin hamısı ilə ayrı-ayrılıqda görüşdü.

Qırğızıstan prezidenti S.Jeenbekov tədbirdən əvvəl həm də rəsmi səfərlə gəlmişdi. İki ölkə arasında 103 milyon dollarlıq müqavilə imzalandı.

Prezident Q.Berdıməhəmmədov Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanma mərasimində və bununla əlaqədar digər təbirlərdə iştirak etdi. Xəzər konvensiyası Türkmənistan üçün əlavə imkanlar yaradır.  Aşqabad istəyəcəyi təqdirdə TransXəzər qaz kəmərini çəkə biləcəkdir. İndi bu qaz kəmərinin çəkilməsi üçün digər 4 dövlətin razılığını almağa ehtiyac yoxdur. Kəmər Türkmənistan və Azərbaycan sektorlarından keçdiyi üçün iki ölkə bu məsələni yalnız öz aralarında razılaşdırıb, qalan 3 dövlətə bu barədə məlumat verməlidir. Xəzərin ekoloji standartları kəmərin çəkilib-çəkilməməsindən asılı olmayaraq yüksək səviyyədədir.

Türkmənistan barədə bədbin ekspertlər İran və Rusiyanın Türkmənistan üçün problem yaratmaq imkanın qaldığını bildirdilər. Q.Berdıməhəmmədov Aktauda olarkən tədbirə ev sahibliyi edən N.Nazarbayevlə görüşdü.

RF prezidenti V.Putinlə Soçidə Xəzər sammitindən dərhal sonra görüşən Q.Berdıməhəmmədov məsələləri əsasən bağlı qapı arxasında müzakirəsinə nail oldu. Türkmənistanın 2 əsas probleminin açarı RF-in əlindədir:

ı. Əfqanıstanda islam terrorçularının törətdiyi təhlükəni Türkmənistan təkbaşına həll edə bilmir, edə bilməyəcək. Təhlükəsizliyin təmini yalnız Rusiya ilə əməkdaşlıq çərçivəsində mümkün ola bilər. Müstəqil Türkmənistan həmişə  Əfqanıstanı bu istiqamətdə gücləndirməyə davamlı səy göstərsə də indiki vəziyyət çəkilən xərclərin nəticəsiz qaldığını göstərir. Ona görə Q.Berdıməhəmmədov uzun müddət inkardan sonra Putinə yaxınlaşmağa məcburdur.

ıı. Türkmənistanda yaranmış kəskin sosial-iqtisadi vəziyyətin səbəbi Türkmənistan qazının alınmasında Çinin monopol vəziyyətidir. Rusiya Türkmənistandan qaz alacağı halda  sosial-iqtisadi vəziyyət yaxşılaşa bilər.

V.Putin bu iki məsələdən istifadə edərək Türkmənistanın siyasətinə birbaşa təsir edə bilər. Xəzərin hüquqi statusu ilə bağlı konvensiya TransXəzər qaz kəmərini çəkməyə olan maneəni aradan qaldırsa da Rusiyanın istəyinə uyğun olaraq Q.Berdıməhəmmədov bu qaz kəmərinin çəkilməsini yubada bilər. İmtina etməsi də mümkündür. Bakıda A.Merkellə keçirdiyi mətbuat konfransı zamanı Prezident İ.Əliyev də məhz Türkmənistan tərəfinin təşəbbüs göstərmədiyinə açıq işarə vurdu.

“Türkmənqaz” İranın Milli Qaz Kompaniyasını Beynəlxalq Arbitraj Məhkəməsinə verdi. İddianın məbləği 1,5 milyard dollardır. Beynəlxalq məhkəmədə iddianın qaldırılmasının Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasından sonraya düşməsi diqqəti çəkir.

“Bakı-Tbilisi-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 trilyon kubmetr qiymətləndirilir”.- Mustafa Kapucu, Türkiyənin Türkmənistandakı səfiri. Qeyd: Səfirin bu bəyanatını Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanmasından sonra verilməsinə baxmayaraq TransXəzər kəməri barədə heç bir fikir yoxdur. Bəyanatın müəllifinin diplomat olduğunu nəzərə alsaq, Türkmənistanın hələ TransXəzər qaz kəməri barədə düşünmədiyini ehtimal etmək olar.

Prezident Q.Berdıməhəmmədov Balkan vilayətində keçirilən hərbi təlimlərdə iştirak etdi. Prezident Türkmənistan-ABŞ İş Şurasının başçısı E.Styuartla “Avaz”da yaxtada görüşdü.

Almaniyanın “ILF Consulting Engineers” müşahidə şurasının sədri və təsisçisi Adolf Faytslmayer Aşqabadda prezident Q.Berdıməhəmmədova Türkmənistanın energetikasının inkişaf konsepsiyasının tərtibində xidmətini təklif etdi. TƏPH kəmərinin çəkilməsində tərəfdaşlıq mövzusu da müzakirə edildi. Almaniyalı iş adamının A.Merkelin Azərbaycana səfərindən sonra Türkmənistanda olmasını və Türkmənistanın məlumat yayma spesifikasına aç-çox bələdçiliyimizi əsas müzakirə mövzusunun TransXəzər qaz kəmərinin çəkilməsi olduğunu deməyə imkan verir. Məhz TƏPH-in adının hallanması TransXəzər kəmərininadını diqqətdən kənarda saxlamaq üçün məlumata daxil edilib.

1news.az

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər