Azərbaycan – “Qara qızıl” səltənəti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan – “Qara qızıl” səltənəti

12:05 - 20 / 09 / 2018
Azərbaycan – “Qara qızıl” səltənəti

Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yerlərdən birini tutur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.

Qədim neft ölkəsi

Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Azərbaycanda neft yataqlarının hələ Atropatena vaxtında mövcud olduğu artıq hamıya məlumdur. "Midiya yağı"-qədim dövrlərdə nefti məhz belə adlandırıblar. İlkin dövrlərdə yalnız müalicə üçün istifadə olunan "Midiya yağı" zaman keçdikdən sonra enerji mənbəyinə və insan fəaliyyətinin fiziki əmək tələb edən bütün sahələrinin hərəkətvericisinə çevrilib.

Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərib, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat verib. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat veriblər. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olub, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir edib. 1803-cü ildə (bəzi məlumatlara görə, 1798-ci ildə) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırıb.

Neft sənayesində inqilab

Qeyd edək ki, Azərbaycan neft sənayesi özünün 160 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanıb. 1847-ci ildə Bakıda "Bibiheybət" yatağında qazılmış quyudan neft fontan vurub və bununla da dünya tarixinə "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsası qoyulub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxıb və dünya neft hasilatının yarısını verib.

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanıb. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirib. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilib, xalqın, millətin rifahı üçün böyük işlər görüblər.

Neftin boru kəməri ilə nəqli də ilk dəfə 1878-ci ildə Azərbaycanda Balaxanı mədənləri və Qara şəhər arasında çəkilmiş boru kəməri vasitəsilə həyata keçirilib.

1883-cü ildə Bakı-Batumi dəmir yolunun inşası və istismara verilməsi, 1907-ci ildə Bakı-Batumi magistral neft kəmərinin daimi istismara verilməsi Bakı neftinin dünya bazarına çıxarılmasında mühüm rol oynayıb. XIX əsrin sonlarında dünya üzrə neft hasilatının yarısı Azərbaycanın payına düşüb, ölkə neft hasilatı üzrə dünyada birinci yeri tutub.

1922-ci ildə Bakı neftçiləri dünyada ilk dəfə olaraq buxtanın bir hissəsini qumla örtərək dəniz neft yatağının istismarına nail olublar.

Böyük Vətən Müharibəsi illərində (1941-1945-ci illər) Azərbaycan neftçilərinin fədakarlığı isə xüsusi qeyd edilməlidir. Müharibə illərində sovetlər birliyinin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi.

O dövrdə Sovetlər İttifaqında istehsal edilən neftin 70-75 faizi, benzinin 85-90 faizi Azərbaycanın payına düşürdü. 1941-1945-ci illərdə Azərbaycan cəbhəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Əfsanəvi Neft Daşları

Müharibədən sonra da Azərbaycan neftçiləri öz adlarından söz etdirməyi bacardılar. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoydu. Neft texnologiyaları və dənizdə neft hasil etmək üçün yaradılan əfsanəvi Neft Daşları şəhəri ölkəmizin neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxartdı. Keçmiş Sovetlər Birliyində yeni neft rayonlarına "İkinci Bakı", "Üçüncü Bakı" adları verildi ki, bu da Azərbaycan neftinin və neftçilərini şöhrətini bir daha sübut edir.

XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olub. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənib və onun geniş infrastrukturu yaranıb. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilib, Bakı Dərin Özüllər Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilib. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olub.

70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.

Azərbaycanın neft strategiyasının memarı

Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu və müasir texnologiyaların olmaması xarici şirkətlərin və investorların ölkəmizə cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycanda işləməkdən çəkindirirdi. Aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.

Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə bağlanmış neft sazişi müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

Azərbaycan nefti dünya bazarında

1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verdi. Azərbaycanın prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Ukrayna prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanması ilə ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürdü.

2006-cı il iyulun 13-də isə Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi ilə Azərbaycanın neft tarixində yeni parlaq bir səhifə açıldı. Məhz Heydər Əliyevin uzaqgörən neft strategiyası sayəsində bu gün Azərbaycan nefti Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə dünyaya nəql olunur. Azərbaycan Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın əsas neft mərkəzlərindən birinə çevrilib.

“Yeni Əsrin müqaviləsi”

Ötən il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövrü başladı.

Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Ötən 24 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 3,4 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 596 min barrel və ya ümumilikdə təqribən 108 milyon barrel, yəni 15 milyon ton olub. İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb. Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

Birinci yarımildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verib. AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.

“Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları hər il mənfəət neftindən gəlir əldə edir. Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarından 262 milyon ton mənfəət nefti əldə edib. Mənfəət neftinin həcmi isə ilbəil artır.

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il sentyabr ayının 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 135 milyard 142 milyon dollar gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 6 milyard 656 milyon dollar vəsait daxil olub. O cümlədən bu ilin ilk səkkiz ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 115 milyon dollar təşkil edib.

Cari il yanvarın 29-da isə Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.

Azərbaycana qaz ölkəsi kimi də maraq artmağa başlayıb

Son illərdə dünyada Azərbaycana tək neft ölkəsi kimi deyil, həm də qaz ölkəsi kimi marağın yaranmasının şahidi oluruq. Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” blokunda iri qaz yatağının aşkarlanması ilə isə bu maraq daha da artıb. Bununla bağlı fikirlərini bölüşən ölkə başçısı İlham Əliyev yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb.

“Qara qızıl” ustalarına verilən böyük qiymət

Qeyd edək ki, ölkəmizdə hər zaman neftçilərin əməyinə böyük qiymət verilib. Azərbaycanın dünya miqyasında tanınmasında və inkişafında neftçilərin əməyini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 16-da 20 sentyabr tarixinin Azərbaycanda Neftçilər Günü kimi qeyd edilməsi barədə fərman imzalayıb. O vaxtdan Azərbaycan neftçiləri həmin günü öz peşə bayramları günü kimi qeyd edirlər.

1news.az kollektivi olaraq Azərbaycanın bütün neftçilərini bu gün münasibətilə ürəkdən təbrik edir, onlara çətin və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayırıq.

Babək Cahandarov

Paylaş:
6234

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər