Vüqar Bayramov: Azərbaycanda iqtisadi artım tempi 2020-ci ildə də davam edəcək
Keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artıb, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib:
“Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.
Kənd təsərrüfatının təxminən 7 faiz artdığını diqqətə çatdıran dövlət başçısı əhalinin real gəlirlərinin artmasını da xüsusi qeyd edib:
“Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi”.
Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səslənən fikirlərə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov 1news.az-a açıqlamasında 2019-cu ilin iqtisadi baxımdan Azərbaycan üçün yaddaqalan illərdən biri olduğunu söyləyib.
“Nəzərə alsaq ki, Azərbaycan iqtisadi artım tempini qoruyub saxladı. Xüsusən də qeyri-neft ÜDM-dəki (ümumi daxili məhsuldakı) artım ümumi iqtisadi artımdan daha çox oldu. Eləcə də qeyri-neft sənayesindəki artım tempi ikirəqəmli – 14 faiz qeydə alındı.
2019-cu ilin iqtisadi inkişafını təhlil edən zaman bir neçə mühüm məqamı qeyd etmək lazımdır. Əvvəla qeyri-neft sektoru iqtisadi inkişafda “drayverə” çevrilməkdədir. Xüsusən də nəzərə alsaq ki, ÜDM-in artıq 2/3-dən çoxu qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun payının artması növbəti illərdə, eləcə də 2020-ci ildə həm büdcə gəlirlərində, həm ÜDM-də, həm də Azərbaycanın ümumi ixracatında qeyri-neft sektorunun payının faiz ifadəsində əvvəlki ilə nisbətən artmasına səbəb olacaq.
İkinci mühüm məqam ondan ibarətdir ki, qeyri-neft ÜDM-i artıq qeyri-neft sənayesi hesabına artmaqda davam etməkdədir. 2019-cu ildə qeyri-neft sənayesində artım tempinin ikirəqəmli olması və qeyri-neft ÜDM-dəki artıma birbaşa təsir göstərməsi də ondan xəbər verir ki, 2019-cu ildə Azərbaycan sənaye, xüsusən də iqtisadiyyat üçün innovativ sektorlara xüsusi diqqət ayırıb və nəticədə bu sektorlarda artımlara nail ola bilib.
Üçüncü məqam iqtisadiyyatın leqallaşdırılması və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir ki, bu, 2019-cu ildə dövlət büdcəsinə vergi daxilolmaların nəzərdə tutulandan bir milyard manat çox olmasına səbəb oldu. Gizli iqtisadiyyata qarşı mübarizə, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı həyata keçirilən fəaliyyətlər yalnız 160 mindən artıq yeni əmək müqaviləsinin bağlanması deyil, eyni zamanda dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artması ilə müşahidə olundu ki, bu da büdcədə vergidən daxilolmaların payının artmasına səbəb oldu”.
V.Bayramov digər məqam kimi Azərbaycanın dövlət rezervlərinin artmasını və artıq Azərbaycan üçün vacib olan həddən – 50 milyard dollardan yüksək olmasını qeyd edib:
“Bir tərəfdən dövlət rezervlərinin həcmində artım var, digər tərəfdən xarici borcun həcmində azalma var. Dövlət rezervlərinin xarici borcdan beş dəfə çox olması da ondan xəbər verir ki, bu gün dövlət rezervləri xüsusən hər hansı bir xarici şoklar yaranan zaman Azərbaycan üçün iqtisadi təhlükəsizliyin təmin edilməsinə imkan verəcək. Bu konteksdən makroiqtisadi sabitliyin qorunması, o cümlədən ticarət balansındakı saldonun gözlənilməsi 2019-cu ildə milli valyutamızın məzənnəsindəki stabilliyin qorunub saxlanmasına imkan verdi.
2019-cu il eyni zamanda sosial təminatın daha da gücləndirilməsi ili kimi yadda qaldı. 4,2 milyon vətəndaşımızın sosial paketdən faydalanması, həm minimum əməkhaqqı, həm də pensiyaların artması xüsusən sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə imkan verdi. Qarabağ veteranları və əlillərinə, eləcə də şəhid ailələrinə diqqət və qayğının artırılması, onların mənzil şəraitlərinin yaxşılaşdırılması yenə diqqət mərkəzində oldu.
Eyni zamanda 800 min insanın problemli kreditlərinə kompensasiyanın verilməsi və ya restrukturizasiya olunması məqsədilə 700 milyon manata yaxın vəsaitin ayrılması xüsusi qeyd olunmalıdır”.
2020-ci illə bağlı fikilərini bölüşən ekspert bildirib ki, 2019-cu ildə əldə edilən uğurlar 2020-ci il üçün nikbin proqnozların verilməsinə imkan yaradır. Onun sözlərinə görə, yalnız Azərbaycan hökuməti deyil, bütün beynəlxalq maliyyə qurumları 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempinin davam edəcəyini, təxminən 3 faizlik iqtisadi artımın qeydə alınacağını proqnozlaşdırırlar:
“2020-ci il iqtisadiyyatı Azərbaycan üçün bir sıra istiqamətdən yadda qalacaq. Belə ki, bu il Azərbaycan mavi qazının Cənub Qaz Dəhlizi çərçivəsində TAP vasitəsilə Avropaya çıxarılması gözlənilir. Azərbaycan Avropa bazarına birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql edəcək ki, bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycana mövcud qiymətlərlə 120 milyard dollara yaxın gəlir gətirəcək.
2020-ci ildə sosial istiqamətlərə ayrılan vəsaitin həcmində də artımları müşahidə edəcəyik. Belə ki, büdcə gəlirlərinin 38,5 faizi nirbaşa sosial istiqamətə ayrılan vəsaitlərdir. Birbaşa əməkhaqqı xərclərinə 6,7 milyard manat, pensiya və təqaüdlərə 3,2 milyard manat vəsait ayrılacaq. Bu da ondan xəbər verir ki, 2020-ci ildə büdcə gəlirlərinin təxminən 10 milyard manatı birbaşa, əməkhaqqı, pensiya və təqaüdlər üçün ayrılacaq ki, bu da artıq bu ilin yanvar ayından etibarən pensiya məbləğlərinin təxminən 15 faz indeksasiya olunmasına imkan verdi və artıq yanvar ayından əmək pensiyalarında artımlar müşahidə olunacaq. Bu pensiya alanların 93 faizini əhatə edəcək ki, bu da nəticə etibarilə əmək pensiyasında indeksasiya nəticəsində 15 faizlik artım deməkdir.
2020-ci ildə də sosial və iqtisadi paketlərin tətbiq edilməsini gözləyirik ki, bu da bizə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar səsləndirməyə əsas verir. Təbii ki, neftin dünya bazarındakı qiyməti yenə də həlledici olacaq. Ancaq mövcud qiyməti və büdcəmizdə neftin qiymətinin bir barrelə görə 55 dollardan götürülməsini nəzərə alsaq deyə bilərik ki, bu, Azərbaycan iqtisadiyyatına xarici şokların təsirlərinin minimumlaşdırılmasına gətirib çıxaracaq”.
Babək Cahandarov