“Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir” – Vətəndaş məktubları

20:56 - 19 / 05 / 2020
“Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Günel Bağırovadan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində çevik və zəruri qabaqlayıcı addımlar ataraq hər zaman xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bu, ölkə başçısının xalqla birliyinin təzahürüdür. Karantin rejiminin tətbiqi və əhalinin yüksək standartlara uyğun xəstəxanalarla təmin edilməsi virusla mübarizədə görülən tədbirlərin ən mühüm nümunələridir. Biz əminik ki, Sizin tövsiyyələrinizlə tezliklə bu bəladan xilas olacağıq. Bu çətin vəziyyətdə təhsil sahəsində "Dərs vaxtı" və "Virtual məktəb" layihələrinin tətbiq edilməsi bir valideyn və müəllim olaraq məni çox sevindirdi.

Əziz Prezidentimiz, bir vətəndaş olaraq xalqımızın sağlamlığını düşünərək atdığınız hər bir addıma görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Biz gənclər hər zaman Sizin yanınızdayıq. Allah Sizi və Azərbaycanımızı qorusun”.

Könül Məmmədova,  İsayeva Günay, Hüseynova Xatın və Yolçuyeva Vüsalə, Şəmkir, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Biz Sizə Şəmkir rayonunun müəllim, tələbə və şagirdləri adından müraciət edərək təşəkkür etmək istəyirik. Sizin sayənizdə xalqımız bu koronovirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı. Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi”.

Sərvinaz Qurbanovadan, Daşkəsən, Azərbaycan

“Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım.

Əvvəlcə onu bildirim ki, oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbiçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz ilk növbədə ulu öndərimiz Heydər Əliyevə borcluyuq.

Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir. Əminik ki, vaxt gələcək, işğal olunmuş torpaqlarımız da azad olunacaq, insanlarımız daha yaxşı yaşayacaqdır.

Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. İşsizliyin minimuma endirilməsi, qocalara qayğı, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik”.

Telnaz Kazımovadan, Lənkəran, Azərbaycan

“Əziz Prezidentimiz.

Ağır vaxtlarda ölkənin, xalqın taleyinə görə bu qədər narahatlıq keçirdiyiniz üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Siz və Birinci vitse-prezident Mehriban xanım çox qayğıkeş insanlarsınız. Sizin qayğıkeşliyiniz başqalarına da nümunədir. Biz iş adamları da Sizin təşəbbünüzə qoşulub, evdə qalan imkansız insanlara yardımlar edirik. Bütün çətinlikləri yalnız birlikdə dəf etmək olar. Biz həmişə Sizinləyik, cənab Prezident. Allah Sizi qorusun.

Əli Rzayev, Səfərova Qəmər və Zeynalov Rəfail, Ağdam, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Son aylarda dünyanı bürüyən qorxulu koronovirus xəstəliyinə qarşı mübarizəniz, gecə-gündüz öz xalqınızı qorumağınız bizə yaxşı məlumdur. Bu zəhmətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu gərgin zəhmətin arxasında xalqın iqtidara olan inamı, sevgisi, etibarı dayanır.

Cənab Prezident, bu çətin günlərdə biz xüsusi qayğı hiss edirik. Aldığımız yardımlar həm də mənəvi dəstək idi. Biz ağdamlılar həmişə Sizin yanınızdayıq. Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir. Allahdan Sizə güc və sağlamlıq arzulayırıq”.

Eldəniz İbrahimovdan, Masallı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün ölkəmizdə aparılan inqilabi islahatların gözəl nəticəsi hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının məzunu kimi Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusla mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstəyiniz əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.

Cənab Prezident, Masallı rayonunun sakinləri bütün bunlara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayır”.

Elminaz Məmmədlidən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizə öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən siyasətin çox gözəl nümunəsidir ki, aztəminatlı ailələrdən, fiziki məhdudiyyətli insanlardan diqqət və qayğınızı əsirgəmirsiniz. Bu qayğıdan yararlanmaq bizə əsas verir ki, Vətənimiz, dövlətimiz və dövlətçiliyimiz adına gecə-gündüz durmadan çalışaq. Anam fiziki məhdudiyyətli olduğuna görə ona reabilitasiya vasitəsi almaqla bağlı müraciət etmişdim. Müraciət əsasında biz dövlət hesabına lazımi tibbi avadanlıqla təmin olunduq. Mən bir vətəndaş olaraq Sizinlə fəxr edirəm. Göstərdiyiniz diqqət və qayğı hamımızın ürəyincədir. Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm. Sizin şüara çevrilən çağırışınız göstərir ki, biz həqiqətən də birlikdə güclüyük”.

İlham Tağıyevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident

Mən bir neftçi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Çünki bu mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Çox sevindirici haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsindədir.

Cənab Prezident, "Biz birlikdə güclüyük!" çağırışınızla xalqımızın malik olduğu ən ülvi dəyərləri səfərbər etdiniz. Həmçinin, ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırdı. Azərbaycanlılar Sizinlə və Mehriban xanımla qürur duyur, fəxr edir. Bizi, Azərbaycan xalqını bu cür qayğı ilə əhatə etdiyiniz üçün ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirəm. Allah Sizi və Azərbaycan xalqını qorusun”.

Gülöyşə Əhmədzadədən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyasına qarşı mübarizə ilə bərabər, göstərişinizlə sahibkarlara maddi dəstək və işsiz vətəndaşlara 190 manat məbləğində müavinətin verilməsi qayğınızın və diqqətinizin göstəricisidir. Buna görə, Sizə minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, ailəmizin adından Sizə yeni uğurlar arzu edirəm. Sizinlə fəxr edirik”.

S.Xankişiyeva

 

Paylaş:
1011

Son xəbərlər

Bütün xəbərlər