Sarsılmaz İnfantino mövqelərini qoruyur: Bakı və Daşkənd UEFA ilə AFK-dakı parçalanma ilə bağlı proqnozumuzu necə təsdiqlədi? | 1news.az | Xəbərlər
İdman

Sarsılmaz İnfantino mövqelərini qoruyur: Bakı və Daşkənd UEFA ilə AFK-dakı parçalanma ilə bağlı proqnozumuzu necə təsdiqlədi?

1news Redaksiyası13:36 - Bu gün
Sarsılmaz İnfantino mövqelərini qoruyur: Bakı və Daşkənd UEFA ilə AFK-dakı parçalanma ilə bağlı proqnozumuzu necə təsdiqlədi?

FİFA prezidenti iki gün ərzində iki dövlətin - Azərbaycan və Özbəkistanın rəhbərləri tərəfindən qəbul edildi.

Hər iki ölkənin milli federasiyaları onun istefasını tələb edən konfederasiyaların üzvləri olmalarına baxmayaraq, elə həmin gün Canni İnfantinoya tam dəstək verdiklərini bəyan etdilər. Bununla da onlar rəqiblərinin cərgəsində monolit birliyin olmaması ilə bağlı 1news.az-ın proqnozunu təsdiqləmiş oldular.

Sentyabrın 29-da Canni İnfantino Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olundu. Sentyabrın 30-da isə onu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qəbul etdi.

Hər iki halda milli futbol assosiasiyaları dövlət başçılarının qəbulu ilə eyni gündə FİFA prezidentinə dəstək bəyanatı yaydılar.

İyulun sonundan etibarən 1news.az ardıcıl olaraq bu məntiqə əsaslanırdı: istər UEFA, istərsə də Asiya Futbol Konfederasiyası (AFK (AFC)) olsun, konfederasiyanın bəyanatı onun üzvlərinin mövqeyi ilə eyniyyət təşkil etmir və 2027-ci ilin martında FİFA prezidenti seçkilərində altı konfederasiya deyil, 211 assosiasiya fərdi qaydada səs verəcək. Bu tezis tədricən öz təsdiqini tapırdı: avqustun əvvəlində Meksika və Argentina, ardınca Qrenada və Sent-Kits, daha sonra isə altı ərəb federasiyası və Asiya Futbol Konfederasiyası daxilində baş verən parçalanmalar buna nümunə idi. Sentyabrın 29 və 30-da isə bu fakt Bakı və Daşkənddə təsdiqləndi. Özü də ən yüksək səviyyədə.

Artıq mövcud olmayan koalisiya

Baş verənlərin miqyasını layiqincə dəyərləndirmək üçün avqust ayına nəzər salmaq yerinə düşər.

İyulun 30-da isə Avropa konfederasiyasının yaydığı məlumata görə, təşkilatın kommersiya hüquqlarının ayrıca şirkətə verilməsini və həmin şirkətin 20 faizədək payının kənar investorlara satılmasını nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsi qüvvədə olduğu müddətdə UEFA-nın 55 üzvünün hamısı FİFA turnirlərində iştirakdan imtina etmək barədə yekdilliklə qərar qəbul edib.

Artıq digər iki konfederasiyanın iddiasına görə, boykota KONKAKAF və Asiya Futbol Konfederasiyasının üzvləri də qoşuldu. Avqustun 1-də İnfantino layihəni geri çəkdi, lakin münaqişə artıq birbaşa prezidentin öz ətrafında davam etdi.

Avqustun 10-da üç konfederasiya Sürixə altı imza ilə açıq məktub ünvanladı: UEFA-dan Aleksander Çeferin və Teodoros Teodoridis, KONKAKAF-dan Viktor Montalyani və Filipp Moco, AFK-dan isə şeyx Salman bin İbrahim Əl Xəlifə və Vindzor Con. İmzaların arxasında guya 211 assosiasiyadan 143-nün dayandığı iddia olunurdu. Məktubda FİFA rəhbərinin öz vəzifə borcundan yayındığı və aldatma yolu ilə etimadı sarsıtdığı bildirilirdi.

Bu, koalisiyanın pik nöqtəsi idi. Lakin əvvəlcədən proqnozlaşdırdığımız kimi, bu ittifaq son dərəcə kövrək idi.

Sonra isə o dağılmağa başladı - özü də elə lap əvvəldən göstərdiyimiz xətt üzrə parçalandı.

Avqustun 14-də Qətər Futbol Federasiyasının prezidenti, AFK İcraiyyə Komitəsinin və FİFA Şurasının üzvü Həməd bin Xəlifə Əl Tani Salmana məktub yazaraq bildirdi ki, birgə bəyanat yayılana qədər nə onun özü, nə də federasiya bu barədə məlumatlandırılıb — nə rəsmi, nə də qeyri-rəsmi şəkildə. Onun mövqeyi belə idi: kollektiv rəy əvvəlcə müəyyən edilməlidir, onu ehtimal etmək və ya bəyannamə ilə yaratmaq olmaz. Salman səlahiyyətlərini aşması barədə iddiaları qəti şəkildə rədd edərək, qətiyyətlə hərəkət etmək üçün həm hüququ, həm də vəzifə borcu olduğunu bildirdi. Qətər isə təkid edirdi: prezident 47 assosiasiyanın icazəsi olmadan onların adından danışmaq səlahiyyətinə malik deyil.

Avqustun 27-də UEFA layihənin təkrarlanmayacağına dair FİFA-dan yazılı zəmanət alaraq turnirlərin boykotunu dayandırdı. Prezidentin istefasına nail olmaq mümkün olmadı: boykotun qüvvədə olduğu bir ay ərzində heç bir Avropa federasiyası heç bir turnirdən imtina etmədi.

Sentyabrın 18-də Çeferin və Montalyani İnfantinoya yeni məktub ünvanlayaraq, FİFA-nın ehtiyatlarından 211 assosiasiyanın hər birinə ən azı 10 milyon dollar ödənilməsini tələb etdilər. Bu məktubun altında artıq AFK-nın imzası yox idi. Şeyx Salman sentyabrın 21-də öz fərdi məktubunu göndərdi.

Beləliklə, ay yarım ərzində üç konfederasiyanın koalisiyası iki imza sahibinə və üç müstəqil xəttə çevrildi.

Bakı öz müstəqil mövqeyini nümayiş etdirir

Sentyabrın 29-da Azərbaycan Prezidenti FİFA prezidentini qəbul etdi. Prezident Administrasiyasının məlumatına görə, İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkürünü bildirdi. Ölkəmizin FİFA ilə əməkdaşlığı və tərəfdaşlıq perspektivləri müzakirə olundu.

Bakıda qəbul edilən FİFA nümayəndə heyətinin tərkibində üzv assosiasiyalarla iş üzrə baş direktor Elxan Məmmədov da var idi. O, dünya futbolunda bu səviyyədə mövqe tutan yeganə Azərbaycan təmsilçisidir. 2022-ci ilin mayında FİFA-ya keçməzdən əvvəl o, AFFA-nın baş katibi, daha sonra isə icraçı vitse-prezidenti olub; FİFA-da o, üzv assosiasiyalarla iş üzrə Avropa bölməsinə rəhbərlik edib və 55 Avropa federasiyası arasında “FIFA Forward” proqramının tətbiqinə cavabdeh olub.

Azərbaycan Prezidenti İlham Əliyevin FİFA prezidenti Canni İnfantino ilə görüşündən foto

Dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir ki, söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FİFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.

Elə həmin gün AFFA birbaşa və birmənalı bəyanat yaydı: assosiasiya FİFA-nı və Canni İnfantinonu tam dəstəkləyir.

Bu cümlənin əhəmiyyəti ondan əvvəl baş verənlərlə ölçülür. Böhranın başladığı 28 iyul tarixindən etibarən AFFA öz mövqeyini açıq şəkildə bildirməmişdi. Nə layihənin geri çəkilməsi, nə boykotun elan edilməsi, nə onun dayandırılması, nə də konfederasiyalar arasındakı bəyanat mübadiləsi zamanı. İki aylıq sükuta sentyabrın 29-da - dövlət başçısının qəbulu ilə son qoyuldu.

Bu qəbul üç konfederasiyanın İnfantinonun gedişini tələb etdiyi və bir sıra Avropa federasiyalarının onun yenidən seçilməsinə dəstəyini geri çəkdiyi bir vaxtda baş tutdu. Oktyabr ayında Bakı tarixində ilk dəfə FİFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir — bu, əvvəllər mövcud olmayan və ilk dəfə məhz Azərbaycanda təşkil edilən bir turnirdir.

Daşkənd Azərbaycanla həmrəydir

Sentyabrın 30-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə FİFA prezidentini qəbul etdi. Əsas mövzu Özbəkistan və Azərbaycanda 20 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi oldu. Tərəfdaşlığın genişləndirilməsi, futbolun təşkili və idarəetmə sisteminin transformasiyası, məşqçilərin, hakimlərin və mütəxəssislərin hazırlanması, həmçinin Daşkənddə FİFA-nın regional ofisinin açılışının sürətləndirilməsi məsələləri müzakirə edildi.

Özbəkistan Futbol Assosiasiyası elə həmin gün FİFA-nı və onun prezidenti Canni İnfantinonu tam dəstəklədiyini və təşkilatla sıx əməkdaşlığı davam etdirəcəyini bəyan etdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin FİFA prezidenti Canni İnfantino ilə görüşündən foto

Parçalanma xətti haradan keçir?

AFFA boykotu ilk elan edən və FİFA rəhbərliyinin dəyişdirilməsini tələb etməyə davam edən UEFA-nın üzvüdür.

Özbəkistan Futbol Assosiasiyası isə İnfantinoya qarşı avqust məktubunu imzalayan, lakin sentyabr məktubuna imza atmayan AFK-nın üzvüdür.

Cəmi iki gün ərzində FİFA prezidentinə qarşı çıxış edən üç konfederasiyadan ikisində öz konfederasiyasının rəsmi xətti ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyuldu.

Hər iki ölkənin ortaq məxrəci birdir: Azərbaycan əvvəllər mövcud olmayan turnirə ev sahibliyi edir; Azərbaycan və Özbəkistan birlikdə U-20 dünya çempionatını qəbul edəcək. FİFA yarışlarına ev sahibliyi edən ölkələrin sayının artırılması dünya çempionatının 32-dən 48 komandaya qədər genişləndirilməsi siyasətinin bir hissəsidir — həmin islahat nəticəsində Avropanın payı 40,6 faizdən 33,3 faizə enmiş, Afrika və Asiya isə beş və dörd yer əvəzinə müvafiq olaraq doqquz və səkkiz birbaşa vəsiqə əldə etmişdir.

Və burada hər şeyi öz adı ilə çağırmaq lazımdır. Aylardır ki, 1news.az baş verənlərin “yaxşı” və “pis” idarəçilər arasındakı mübahisə deyil, Qərbi Avropa ilə dünyanın qalan hissəsi arasında nüfuz bölgüsü uğrunda münaqişə olduğunu yazırdı. London, Berlin, Amsterdam və Skandinaviya federasiyaları dünya futbolunun keçmiş metropoliyasının səsini avtomatik olaraq bütün futbol ictimaiyyətinin səsi hesab edən məntiqlə hərəkət edərək, İnfantinonun yenidən seçilməsinə dəstəyi ilk geri çəkənlər oldular.

Bakı və Daşkənd göstərdi ki, bu məntiq artıq avtomatik işləmir. Nə Azərbaycan, nə də Özbəkistan London və Berlinin mövqeyini sorğusuz-sualsız təkrarlamadı; bunu ali səviyyədə qəbul günündə, açıq şəkildə nümayiş etdirdilər. Onilliklər ərzində dünya futbolunda başqalarının qərarlarını sadəcə qəbul edən tərəf olmuş ölkələr üçün müstəqil mövqe nümayiş etdirmək konfederasiyaların mübahisə etdiyi həmin təmsilçilik islahatının əsl mahiyyətidir.

FİFA əks-hücuma keçir

Diqqətçəkən məqamlardan biri də odur ki, İnfantinonun Bakıya səfəri böhran dövründə FİFA-nın ilk açıq əks-hücumu ilə üst-üstə düşdü. Sentyabrın 29-da təşkilat ABŞ-nin Florida Cənub Dairə Məhkəməsinə UEFA-nın “FIFA Forward Enterprise” layihəsi üzrə sənədlərin və şahid ifadələrinin təqdim edilməsi tələbinə qarşı etiraz ərizəsi verdi. Avropa konfederasiyası bu materialları İsveçrədə İnfantinoya qarşı cinayət işinin açılması tələbi üçün toplayırdı.

Sənəddə FİFA bildirdi ki, UEFA-nın müraciəti çoxsaylı yanlış və ya çaşdırıcı ifadələrdən ibarətdir, İnfantinonun hər hansı qanunu və ya etik prinsipi pozması barədə ehtimallar isə tamamilə əsassızdır. Layihənin maliyyə dəyəri də ayrıca mübahisələndirilir: FİFA-nın bəyanatına görə, UEFA pay kapitalının dəyərini ümumi biznes dəyəri ilə qarışdırıb. Həmin biznesin dəyəri isə 30 milyard dollardan artıq olub. Bu, Avropa tərəfinin irəli sürdüyü rəqəmdən iki dəfə çoxdur.

FİFA-nın əsas tezisi isə maliyyə deyil, siyasi xarakter daşıyır: təşkilat açıq şəkildə bildirdi ki, UEFA İnfantino haqqında yanlış məlumatlar yayaraq bu müraciəti FİFA prezidenti seçkiləri ərəfəsində edib. Başqa sözlə, səsvermənin nəticələrinə təsir göstərmək cəhdi ilə bağlı ittihamlar artıq hər iki tərəfdən səsləndirilir.

Mart arifmetikası: İnfantinonun rəqibləri seçkilərdə qalib gələ bilərmi?

FİFA prezidenti seçkilərində qələbə qazanmaq üçün 211 səsdən 106-sı tələb olunur. Namizədlərin irəli sürülməsi noyabrın 18-də başa çatır, səsvermə isə 2027-ci ilin martında Mərakeşdə keçiriləcək Konqresdə baş tutacaq.

İnfantinonun rəqiblərinin hələ də vahid namizədi yoxdur. Nasser Əl-Xəlaifi avqustun 12-də namizədliyini geri götürdü. Aleksander Çeferin avqustun 24-də bu vəzifədə maraqlı olmadığını bildirərək izah etdi ki, iddiaçı olmadığı təqdirdə onun sözünün çəkisi daha yüksəkdir. Seçki bülletenində hazırkı prezidentin adının qarşısında kimin qeyd olunacağı hələlik məlum deyil.

İnfantinonun istefası uğrunda kampaniya konfederasiyaların məktubları vasitəsilə aparılır.

Onun yenidən seçilməsi kampaniyası isə paytaxtlara səfərlər və milli assosiasiyalarla fərdi iş üzərində qurulub. Bir daha xatırladaq ki, seçkilərdə səs verən tərəf məhz assosiasiyalardır.

FİFA prezidentinin Bakı və Daşkənddən hansı ovqatla ayrıldığına baxsaq, onun indiki əhval-ruhiyyəsi bir ay əvvəl Rabat və ya Monakodakından tamamilə fərqlidir. Səni dövlət başçılarının qəbul etdiyi, milli federasiyaların isə elə həmin gün tam dəstək bəyan etdiyi paytaxtlardan mühasirəyə alınmış lider əhval-ruhiyyəsi ilə ayrılmırlar.

Görünən odur ki, İnfantino bu səfərlərdən böyük ümidlərlə qayıdır.

Paylaş:
125

Son xəbərlər

Bütün xəbərlər