Ermənilərin yaraladığı 7 sakindən ikisi vəfat etdi

Ötən gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat edib.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.
Qeyd edək ki, həlak olan şəxslər qohumdurlar. Belə ki, Şahin İbrahimov Müzəffər Əliyevin yeznəsidir.
Onu da əlavə edək ki, hadisə nəticəsində Ş.İbrahimovun atası 1962-ci il təvəllüdlü İbrahimov Mahmud Qaçay oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişdi.
1news.az