Özünə təntənəli doğum günü keçirən məktəb direktoruna şiddətli töhmət verilib - VİDEO

Sosial şəbəkələrdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı video materiallar yayılıb.
1news.az-ın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq araşdırma nəticəsində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarına əsasən kütləvi tədbirlərin keçirilməsi qadağan edildiyi halda Nailə Məmmədovanın doğum günü münasibətilə məclis təşkil edərək xüsusi karantin rejimi qaydalarını pozduğu məlum olub. Bununla əlaqədar olaraq, Nailə Məmmədovaya Təhsil nazirinin müvafiq əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq.
Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
Qafar Ağayev